Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1969/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, «alimentin məbləğinin artırılması» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(125)-3395/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)- 934/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, onların birgə nikahından 22 mart 2010-cu il tarixdə anadan olmuş X1 və 24 dekabr 2013-cü tarixdə anadan olmuş X2 İddiaçı yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 03 mart 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)-934/2022 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun birgə nikahından 22 mart 2010-cu il tarixdə X3 və 24 dekabr 2013-cü tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Onun Cavabdehla arasında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)-934/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən Cavabdeh birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)-934/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş cəmi 300 manat aliment məbləği iki uşağın tələbatlarını ödəməyə kifayət etmir. Buna görə də, o cavabdehlə birgə nikahlarından anadan olmuş iki uşağın maddi xərclərini çətinliklə ödəyir və aliment miqdarının artırılmasına zərurət yaranmışdır.
4. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(125)-3395/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi qismən təmin edilmiş,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)-934/2022 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 22 mart 2010-cu il tarixdə anadan olmuş X1 və 24 dekabr 2013-cü tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.2,110.2,112.1-ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsin Qanunu, «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunun ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) iddiaçının apellyasiya şikayətinin dəlilləri
6. Tərəflər qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(125)-3395/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün 300 manat cəmi 600 manat aliment ödənilməsinə, cavabdeh isə iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.
7. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimum uşaqlar üçün 220 manat müəyyən edilib, uşaqlarının layiqli yaşaması, tərbiyəsi və inkişafı üçün onun maddi imkanları məhduddur.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən onun maddi vəziyyətini nəzərə almamış, bu haqda heç bir araşdırma aparmamışdır. Aliment 1 ildir ki müəyyən olunub, lakin onun maddi vəziyyətində heç bir yaxşılaşma yoxdur, iddiaçı bu haqda sübut təqdim etməmişdir. Heç bir yerdə işləmədiyini, məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olduğunu bildirdi. b) Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 22.2.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmiş, iddiaçı alimentin məbləğinin артырылараг hər uşaq üçün 300 manat, cavabdeh isə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə artırılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır.
20. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
21. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
22. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(044)- 934/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikahın pozulmuş, onların birgə nikahından 22 mart 2010-cu il tarixdə anadan olmuş X1 və 24 dekabr 2013-cü tarixdə anadan olmuş X2 İddiaçı yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 03 mart 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
23. Hazırki halda azyaşlıların sosial-mədəni inkişafı, təhsili və digər təlabatlarının ödənilməsi müqabilində təyin olunmuş 170 manat aliment adekvat hesab edilir.
24. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
25. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 150 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
26. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(125)-3395/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov