Məhkəmə qərarları › İş №2(104)-1973/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1973/2023

29.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1973/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1131/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3233/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Nəzrin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 sentyabr 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 120 (bir yüz iyrimi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 adlı uşağın atası Cavabdeh, anası İddiaçıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü Nəzrin adlı övladlarının yetkinlik yaşına çatanadək alimentin artırılaraq, hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə birgə nikah dövründə 2015-ci il təvəllüdlü Nəzrin adlı övladları doğulmuşdur. Lakin, sonradan aralarında olan narazılıqlar səbəbindən rəsmi olaraq ayrılmışlar və bu günüdək ayrı yaşayırlar. O, cavabdehə qarşı 2019-cu ildə aliment tələbinə dair iddia qaldırmışdır. Həmin vaxt Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə onun xeyrinə övladı üçün hər ay 120 manat alimentin tutulaması qət edimişdir. Hal-hazırda övladı onun himayəsindədir. Onun böyüməsi artıq problemlərin, çətinliklərin yaranmasına gətirib çıxarır. O da uşağını böyütməkdə çətinlik çəkir. 2019-cü ildə kəsilən aliment uşağının ehtiyaclarını qarşılamır. Keçmiş həyat yoldaşı yaxşı qazanc əldə edir. Lakin, alimentdən əlavə övladına heç bir yardım göstərmir.

5. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1131/2023 saylı mülki iş üzrə 03 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3233/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 05 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 44 (qırx dörd manat) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1131/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay 130 manat məbləğində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, hazırda heç bir yerdə işləmir, ikinci evliliyindən iki azyaşlı uşağı vardır. Hətta əvvəllər müəyyən edilmiş alimenti ödəməyə belə imkanı yoxdur. Lakin, məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdhdən uşağın saxlanılması üçün hər ay 130 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1131/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:

16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

17. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

18. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.

32. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflərin nikah münasibətlərindən 05 oktyabr 2015-ci il tarixdə Nəzrin adlı bir uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 24 sentyabr 2019-cu il tarixdən başlayaraq, 05 oktyabr 2015-ci il tarixdə doğulmuş Nəzrin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşağın tələbatını ödəyə bilmədiyindən alimentin artıtılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir.

34. Cavabdeh rəsmi heç bir yerdə işləmədiyini, başqa nikahdan iki azyaşlı uşağının olduğunu qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin dəyişdirilməsini və uşağın saxlanılması üçün 130 manat aliment təyin olunmasını xahiş etmişdir.

35. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. İş materiallarından müəyyən olunur ki, cavabdehin əlilliyi yoxdur, o əmək qabiliyyətlidir. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 200 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 20 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1131/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (200-120)=80 manat aylıq alimentin bir illik məcmusu (80 manat x 12ay)=960 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1131/2023 saylı mülki iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar