Məhkəmə qərarları › İş №2(104)-1977/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1977/2023

29.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1977/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-899/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan işdə olan xx.xx.2013–cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

2. İş materiallarında olan xx.xx.2023–cü il tarixli 030417 saylı aktdan görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən ünvanda yoxlama zamanı X1 adına qeyd edilmiş elektrik sayğacının alt qapaq möhürü açılara sayğacın giriş və çıxış faz xəttin faz qrifində birləşdirilərək sayğac dövrədən kənarlaşdırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir.

3. İşdə olan abunə haqqında görünür ki, EİQ pozulması nəticəsində X2 xx.xx.2023cü il tarixı 652,24 manat borc hesablanmışdır.

4. İşdə olan xx.xx.2023-cü il tarixli satış sahələri üzrə tələblərdən görünür ki, X2 567,40 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. İstifadə etdiyi sayğac atasının adına olsa da, yaşadığı evdə həmin sayğacdan o, istifadə edir. xx.xx.2012–ci ildən istifadəsində olan elektrik sayğacının elektrik keçirməməzliyi halı nəticəsində istismar müddəti keçmiş, keçiriliyi zəif olan naqildə elektrik keçirilməməzliyi baş vermişdir. Bu hal xx.xx.2022–ci ildə baş vermişdir. Bununla bağlı kənd ərazisində nəzarətçilərə bildirsə də, ona kömək etməmişlər. Məcbur olub sayğacı sökmüş və sayğacın alt hissəsində sayğacdan kənar xətdən istifadə etmişdir. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları xx.xx.2023–cü il tarixdə ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirmiş, həmin vaxt o, cavabdehin əməkdaşlarına baş vermiş qüsurla bağlı məlumat vermişdir. Həmin şəxslər isə yalnız nəzarətçi olmalarını bildirmiş və videoçəkiliş edərək çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən ona 567,31 manat borc hesablanmışdır. Həmçinin, həmin aktda guya qapını açan olmamasını qeyd etmişlər. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmişlər. Bununla da cavabdeh tərəfindən barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır.

7. Şəmkir Rayon Məhkəməsinin 2(076)-899/2023 saylı mülki iş üzrə 23 may 2023cü il tarixli qətnaməsi ilə (hakim:T.Musayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 899/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, 26 yanvar 2023-cü il tarixdə elektrik sayğacının giriş kabeli oynayaraq qırılmışdır. Bununla bağlı cavabdehin ərazi üzrə nəzarətçisinə məlumat vermiş, ona gözləməli olduğu bildirilmişdir. Məcbur olub sayğacın alt hissəsindən birbaşa birləşdirmə etmişdir. Akt tərtib edilənədək 15 gün müddət keçmişdir. Bu da cavabdeh təşkilatın öz işlərinin öhdəciliyinin vaxtı-vaxtında görməməsinin səbəbindən olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2(076)-899/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydaları:

13. Maddə 1.1. məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

14. Maddə 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

15. Maddə 9.4. istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin, tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müsəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müsəssisəsinə məlumat verməlidir.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası göstərir ki, iddia əsassız olmuşdur., Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 27.Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 28.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. Məhkəmə kollegiyası göstərir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmişdir. Bu halı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçının özü də qeyd etmişdir. Lakin, iddiaçı borcun cavabdeh cəmiyyətin nümayəndələrinin təqsirindən yaranmasını göstərə də, bunu təsdiq edə biləcək hər hansı sübut növünü məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

30. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

32. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 567.31 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-899/2023 saylı mülki iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar