Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1978/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(040)-590/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 22 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçılara məxsus Mercedes Benz E240 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil, cavabdehə məxsus isə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xuşu-Xunu bağlarında yerləşən 0.06 ha torpaq sahəsi olmuşdur. Tərəflər həmin əmlakların alqı-satqısı (dəyişdirilməsi) barədə öz aralarında şifahi razılığa gəlmişlər. Tərəflər arasında faktiki alqı-satqı münasibətləri olmuş, lakin sonradan bu münasibətlər pozulmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “Mercedes Benz E240 minik” markalı **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin, bu mümkün olmadıqda isə avtomobilin dəyəri olan 16000 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, onlara məxsus Mercedes Benz E240 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə verərək Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsindəki “Xaşaxuna bağları”nda 0,06 hektar torpaq sahəsini almağı cavabdehlə razılaşmışlar. Lakin, cavabdeh onları aldadıb başqa şəxsə məxsus torpağı onlara satmışdır. Onlar həmin yerdə ev tikmək istəyərkən Zöhrab adlı şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, həmin torpaq sahəsi sənədlə ona məxsusdur. 2021-ci ildən bugünədək onlar cavabdehdən nə verdikləri avtomobili, nə də onun dəyərini ala bilməmişlər. Bu barədə Xəzər Rayon Polis İdarəsinə vermiş olduqları şikayətlərdən sonra Rafiq yenə onları aldadaraq bildirmişdir ki, guya torpaq əvəzinə onlardan aldığı avtomobilin eyni modelini 01 fevral 2024-cü il tarixədək alıb onlara verəcəkdir. Cavabdehin verdiyi vaxt və müddət keçsə də, cavabdeh onları yenə də aldatmışdır. Avtomobili mütəxəssis rəyi ilə qiymətləndirmişlər. Avtomobilin hazırkı bazar qiyməti 16000 manatdır. Cavabdeh tərəfindən onlara vurulan maddi ziyanın əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iddia tələbinin qismən etiraf edilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh iddiaçılara 10000 manat pul ödəməyə razıdır, ona görə də iddianın həmin etiraf olunan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(040)-590/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçılara vurulmuş maddi ziyanın əvəzi olaraq 10000 (on min) manat pul vəsaiti tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1 və 1096.2-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və ondan iddiaçıların xeyrinə tutulan vəsaitin 7000 manat məbləğdə müəyyən olunmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddianı qismən, yəni 10000 manat hissədə təmin etməsinə əsas kimi iddianın qismən etirafı barədə onların ərizəsi əsas götürmüşdür. Halbuki, iddiaçılarla 2016-cı ildə razılaşaraq faktiki istifadələrində və sahibliklərində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xuşu-Xunu bağlarında yerləşən 0.06 ha torpaq sahəsini içərisində olan tikinti ilə birlikdə 7000 manata satılması barədə razılaşmışlar. İddiaşıların mülkiyyətində olan “Mercedes Benz" markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata qiymətləndirərək torpaq sahəsi ilə həmin avtomobili dəyişmişlər. Buna görə də əlavə olaraq iddiaçılara 3000 manat vermişdir. Torpaq sahəsini iddiaçılar 5 il istifadə etmişlər və 5 ildən sonra bəhanə edərək torpaq sahəsinin guya başqa şəxs tərəfindən əllərindən alınmaq istədiyini, ona görə də avtomobilin özünü və ya dəyəri olan 16000 manat pulun qaytarılmasını tələb etmişlər. Lakin, onlar avtomobili torpaqla dəyişəndə avtomobili 10000 manata, torpağı isə 7000 manata dəyərləndirmişlər. Ona görə də avtomobili torpaqla dəyişəndə iddiaçılara 3000 manat pul vermişlər. Məhkəmədə ərizə təqdim edərək avtomobilin dəyəri olan 10000 manat pulun qaytarılmasına razı olduqlarını bildirmişlər, həmin məbləğdən də 3000 manatı ilkin razllaşma zamanı iddiaçılara ödəmiş olduqlarını bildirmişlər. Beləliklə, qalıq 7000 manatı ödəməyə razı olduqlarını ifadə etmişlər. Lakin, məhkəmə 10000 manat pulun ondan iddiaçıların xeyrinə tutulmasını qət etmiş, 3000 manatın ilkin razılaşma zamanı onun tərəfindən iddiaçılara verilməsini nəzərə almamışdır. Məhkəmə iddianı qismən təmin edərkən 7000 manat pulun ondan tutulmasını qət etməli olduğu halda, 10000 manat pulun tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh torpaq sahəsini iddiaçılara satarkən əlavə olaraq da iddiaçılara 3000 manat pul vermişdir. Əmlakların dəyişdirilməsi zamanı tərəflər avtomobilin dəyərinin 10000 manat, torpağın dəyərinin isə 7000 manat olması barədə razılığa gəlmişlər. Bu səbəbdən də cavabdeh iddiaçılara əlavə olaraq 3000 manat pul vermişdir. Məhkəmə isə cavabdeh tərəfindən iddiaçılara ödənilmiş 3000 manat vəsaiti nəzərə almamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyaisya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdehdən iddiaçıların xeyrinə tutulan vəsaitin 7000 manat məbləğdə müəyyən olunmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə prosesi başlamazdan əvvəl iddiaçılar hazırkı mübahisə ilə bağlı polis şöbəsinə müraciət etmişlər və müraciət üzrə araşdırma aparılmışdır. Araşdırma aparılan zaman Cavabdeh özü izahatında bildirmişdir ki, torpağın alqı-satqısına görə iddiaçılardan aldığı 10000 manat pulu qaytarmışdır. İddiaçılara məxsus olmuş avtomobilin hazırkı bazar dəyəri 16000 manatdır. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı iddianı qismən etiraf edərək 10000 manat vəsaitin tutulmasını qəbul etdiklərinə görə məhkəmə də həmin hissədə iddia tələbini təmin etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, əmlakların dəyişdirilməsi zamanı cavabdeh tərəfindən iddiaçılara 3000 manat vəsait verilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Onlar məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
26. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və ondan iddiaçıların xeyrinə tutulan vəsaitin 7000 manat məbləğdə müəyyən olunmasını xahiş etmişdir. Beləliklə, qətnamə cavabdehdən iddiaçıların xeyrinə tutulan 10000 manat vəsaitin 3000 manat hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçılara məxsus Mercedes Benz E240 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil, cavabdehə məxsus isə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xuşu-Xunu bağlarında yerləşən 0.06 ha torpaq sahəsi olmuşdur. Tərəflər həmin əmlakların alqı-satqısı (dəyişdirilməsi) barədə öz aralarında şifahi razılığa gəlmişlər. Tərəflərin razılığı ilə iddiaçılara məxsus Mercedes Benz E240 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 10000 manat qiymətləndirilmişdir. İddiaçılar sözügedən avtomobili cavabdehə vermiş, sonuncu da öz növbəsində torpaq sahəsini iddiaçıların sahiblik və istifadəsinə vermişdir. Sonradan tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulduğundan iddiaçılar torpaq sahəsindən imtina etmiş və torpağın alqı-satqısına görə cavabdehə verdikləri avtomobili sonuncudan tələb etmişlər, lakin müsbət nəticə olmamışdır. Ona görə də iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 26-cı bnində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçıların xeyrinə tutulan 10000 manat vəsaitin 3000 manat hissəsində yoxlanılır.
29. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin qismən etiraf edilməsi barədə ərizə verərək cavabdehin iddiaçılara 10000 manat pul ödəməyə razı olduğunu bildirmiş və iddianın həmin etiraf olunan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfin iddianı qismən etiraf etməsini əsas götürərək iddia tələbini həmin hissədə təmin etmişdir.
32. MPM-nin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
33. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddianın qismən etiraf edilməsi barədə cavabdeh tərəfin iradə ifadəsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. İddianın qismən, yəni 10000 manat hissədə etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən haqlı olaraq qəbul edilmişdir və apellyasiya şikayətində irəli sürülən arqumentlər formal mülahizələrdən başqa bir şey deyildir. Belə ki, iş materiallarından cavabdeh tərəfin iddianı 10000 manat hissədə qismən etiraf etməsi barədə iradə ifadəsini bəyan etdikdən sonra məhkəmənin ona bu prosessual hərəkətin nəticələrini izah etdiyi aydın olur.
35. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yoxlanılan hissədə iddia tələbini təmin etmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(040)-590/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.