Məhkəmə qərarları › İş №2(104)-198/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-198/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-198/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ona vurduğu maddi zərərin əvəzi olaraq 5575 manatın və hazırkı iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 76 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 avqust 2022-ci il tarixdə saat 18 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “QAZ-32213” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bərdə rayonu, Hacallı kəndi ərazisində Hacallı kəndi istiqamətində hərəkətdə olan zaman Bərdə şəhəri istiqamətinə qayıtmaq (əks istiqamətə) məqsədi ilə manevr etmək istəyərkən arxadan maşınların gəlib-gəlməməsinə əhəmiyyət vermədən yolun əsas hərəkət zolağına çıxmaqla qəza şəraiti yaratması nəticəsində Bərdə şəhərindən Hacallı kəndi istiqamətində hərəkətdə olan, onun tərəfindən idarə edilən Mersedes Benz E-270 markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik maşını onun Qaz-32213 markalı mikroavtobusunun arxa sağ tərəf hissəsindən vuraraq yoldan kənara çıxarmışdır. Həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar Bərdə rayon X8 Bölməsinin təhqiqatçısı, polis mayoru Vəli İsmayılov tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi müəyyən olunmadığına görə onun tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan belə məlum olur ki, həmin yol nəqliyyat hadisəsi zamanı onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmə), Cavabdeh tərəfindən isə ictimai nəqliyyat olan mikroavtobusu “D” kateqoriyalı sürücülk hüququ olmadan idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməklə həmin Məcəllənin 332.1-ci və yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi, yaxud ara məsafəsi saxlamadan, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və Yol hərəkəti haqqında Azərbaycan Respublikasınınn Qanunu ilə nəzərdə tutulmuş hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hesab edilən əməlləri törtəmişdir. Odur ki, onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi, Cavabdeh isə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon X9 X12 göndərilmişdir. Yuxarıda göstərilən nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan Mersedes Benz E-270 minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5575 manat məbləğində zərər dəymiş, lakin cavabdeh könüllü olaraq ona vurulmuş zərəri ödəməkdən boyun qaçırır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 5145 (beş min yüz qırx beş) manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh ekspert rəyinə görə 50 (əlli) manatın tutularaq X2 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ) **********0********) hesabına ödənilməsi, iş üzrə iddia tələbi qismən təmin edildiyindən 76 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qismində məhkəmədə izahat verən İddiaçı məhkəmə iclasında tamam yalan ifadə vermişdir. İddiaçı ona qarşı şər böhtan atır. İddiaçı iddia edir ki, cavabdeh Hacallı kənd istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə qayıtmaq istəyərkən manevr etmişdir. Bu tamam yalandır. Ona məxsus mikroavtobus arxadan vurulmuşdur. Qəza baş verən zaman o xəsarətlər almış və mikroavtobus arxa sağ tərəf hissəsindən vurularaq avtomobilə ciddi zərər dəymişdir. Hadisə yerində Bərdə Rayon Polis şöbəsinini Təhqiqat bölməsinin təhqiqatçısı Vəli İsmayılov gələrək hadisəni araşdırmışdır. Hadisə zamanı ona və ona məxsus avtomobilə dəymiş zərərə görə sığorta ödənilmişdir. Bu hadisədə onun heç bir günahı olmamış, arxadan gələn İddiaçı onun avtomobilini arxadan vurmuşdur. İddiaçının ona qarşı qaldırdığı iddia ilə qətiyyən razı deyil. O məhkəmə iclasında iştirak etməmiş və məhkəmə onun sübutlarını nəzərə almadan qətnamə çıxarmışdır. İddiaçı ona qarşı 5145 manat dəymiş zərər görə təmir-bərpa xərci tələb edir. O tələb edir ki, ekspert rəyi yenidən təkrar keçirilsin və dəymiş zərər dəqiqləşdirilsin. Birinci instansiya məhkəməsi ona qarşı qərəzli mövqe tutması ondan bəllidir ki, məhkəmə qətnaməni iddiaçının xeyrinə qət etmişdir. İddiaçının tələbləri formal tələblərdir. Onun əlində sübutları var və o iddiasını müdafiə edir. İşdə olan sübutlar: BD 209944 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mersedes Benz E 270 CDİ minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətinə qeydiyyata alınmışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərarın Cavabdeh müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Bərdə rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. 12 noyabr 2022-ci il tarixli TP5382917 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 23 dekabr 2022-ci il tarixli TP5465692 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. 23 avqust 2022-ci il tarixli mütəxəssis X6 tərəfindən verilmiş ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, Mersedes Benz E 270 CDİ minik markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşına ehtiyat hissələrə və köməkçi materiallara ümumilikdə cəmi 5575 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1304 nömrəli ekspert rəyi ilə 1999-cu il Mersedes Benz E 270 CDİ minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci haddisə baş verən tarixə təxminən 5145 manat müəyyən edilmişdir. S021102 saylı xx.xx.2022-ci il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, yol nəqliyyat qəzasına uğramış X1 mülkiyyətində olan QAZ 32213 mikroavtobus markalı, **- FZ-*** dövlət nömrə nişanlı mikroavtobusa dəyən ziyanın məbləği 1500 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli CM0247/23 saylı sığorta aktından görünür ki, Cavabdeh əmlakına dəymiş zərərin məbləği 1500 manat təşkil etmiş, lakin “İcbari Ssığorta haqqında” Azərbaycan Respublikası qanununun 58.3-2-ci maddəsinə əsasən təqsirə görə söğorta məbləği 50 faiz həcmində azaldılaraq, yekun sığorta məbləği 750 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, BD4 nömrəli Ödəniş tapşırıqlarından görünür ki, CM0247/23 və CMBİ0051/23 saylı sığorta aktlarına əsasən Cavabdeh hesabına müvafiq olaraq 750 manat olmaqla, cəmi 1500 manat köçürülmşüdür. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etidiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bidirmişdir ki, iddiaçıya dəymiş zərər məbləği mütəxəssis və ekspert rəylərində şişirdilərək yazılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, hadisənin baş verməsində onun təqsiri olmamışdır. Sadəcə olaraq hadisə zamanı cavabdeh yüngül xəsarət aldığından inzibati məsuliyyətə cəlb olunmuşdur. Vurulmuş zərər məbləği isə realdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, avtomobilini təmir etdirmişdir. Aldığı ehityyat hissələrinə və təmir üçün xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbzləri mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 23 iyun 2023-cü il tarixədək qüvədə olan redaksiyası: 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu: 42-ci maddə 1-ci hissə: Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 50-ci maddə birinci hissə: Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi hər iki tərəfin təqsiri nəticəsində baş vermişdir. İşin qeyd olunan halı iş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərarı və Bərdə rayon DYPB tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarla öz təsdiqini tapmışdır. Bərdə rayon Polis Şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar avtotexniki ekspertiza təyin edilmiş və əldə edilmiş 23 sentyabr 2022-ci il tarixli, 8/2345 saylı rəylə İddiaçı hərəkətlərincə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, Cavabdeh hərəkətlərində isə həmin qanunun 42-ci maddəsinin 1-ci hissəssinin tələblərinə uyğunsuzluq olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material üzrə cinayət hadisəsi olmadığından iş üzrə materiallar Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə, İddiaçı isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün Bərdə rayon Polis Şöbəsinin DYPB-yə göndərilmiş, Bərdə rayon Polis Şöbəsinin DYPB tərəfindən isə tərəflər müvafiq olaraq inzibati məsuliyyətə cəlb edilişdir. Hər iki tərəfin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin pozuntusu müəyyən edilmişdir. İddiaçının İddiaçı hətəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin təkib əlaməti kimi müəyyən edilmişdir ki, bununla da baş vermiş yol nəqliyyat hadisəsinin hər iki tərəfin təqsirindən baş verməsi iş materialları ilə təsdiq olunmuşdur. Birinci instasniya məhkəməsi isə işdə olan sübutlara düzgün qiymət verməyərək, bununla da tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməyərək, baş vermiş yol nəqliyyat hadisəsində yalnız cavabdehin təqsirinin olması qənaətinə gəlməklə iddiaçıya vurulmuş zərər məbləğini tam olaraq cavabdehdən tutmaqla səhv nəticəyə gəlmişdir. Halbuki, yuxarıda tətbiq olunan Mülki Məcəllənin 1108.3-cü maddəsinin tələbinə əsasən yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarla cavabdehin əmlakına vurulmuş zərər məbləğinin 1500 manat, sağlamlığına vurulmuş zərərin isə 750 manat olmaqla, ümumilikdə 2250 manat məbləğində olması təsdiq olunmaqdadır. Həmçinin, iş üzrə əldə edilmiş ekspert rəyi ilə isə iddiaçıya vurulmuş zərər məbləğinin 5145 manat olması müəyyən edilmişdir. Lakin, cavabdeh iddiaçıya vurulmuş zərər məbləğinin artıq yazıldığını iddia etmişdir. İddiaçı tərəfindən isə zərər görmüş avtomobili təmir olunduğundan həmin avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsini həyata keçirmək mümkün olmamış, o cümlədən iddiaçı tərəfindən xərclərə dair müvafiq rəsmi sənədlər məhkəməyə təqdim edilə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya və cavabdehə vurulmuş zərərlərin qarşılıqlı təqsir nəticəsində yaranmasını və zərələrin yaranmasında tərəflərin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh iddiaçının avtomobilinə vurduğu zərər görə 2500 (iki min beş yüz) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı qismində 38 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh ekspert rəyinə görə 50 (əlli) manat tutularaq, Məhkəmə Ekspertizaı Mərkəzinin heabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(021)-706/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçının avtomobilinə vurduğu zərər görə 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat olmaqla, cəmi 2538 (iki beş yüz otuz səkkiz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Cavabdeh ekspert tədqiqatının dəyəri qismində 50 (əlli) manat alınaraq, Məhkəmə Ekspertizaı Mərkəzinin heabına ödənilsin. Qətnamə elan olnduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar