Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1980/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 11 oktyabr 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Naftalan Şəhər Polis Şöbəsinin 21 sentyabr 2022-ci il tarixli məktubunda İddiaçı cavab olaraq bildirilmişdir ki, münasibətlər mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir.
2. Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazılardan görünür ki, Elmir Rəşaddan ümumilikdə 10000 manat pul aldığını etiraf etmişdir.
3. Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazılardan görünür ki, Rəşad Elmirə “Kaş mənim başıma daş düşərdi, Allah canımı alardı mən o pulları sənə verdiyim yerdə” yazmışdır.
4. İddiaçı Naftalan ŞPŞ-nə verdiyi ərizədən görünür ki, 4 ay bundan öncə əvvəllər Naftalan şəhərində yerləşən Çinar sanatoriyasında işlədiyi Rəşad adlı şəxs ondan müxtəlif vaxtlarda 13100 manat borca pul vermişdir. Amma Rəşad həmin pulu ona qaytarmır. Rəşad adlı şəxsdən onun pulunun qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir.
5. İddiaçı Naftalan ŞPŞ-nə verdiyi izahatdan görünür ki, ümumilikdə Rəşada 13100 manat pul vermişdir. Ancaq həmin vaxtdan 4 ay keçməsinə baxmayaraq Rəşad həmin pulu ona qaytarmır. O pulu ondan istəyəndə hal-hazırda pulun olmadığını və pulu olanda qaytaracağını bildirmişdir.
6. Naftalan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Malik Mehdiyev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, icraatına xx.xx.2022-ci il tarixdə ŞPŞ-nin dəftərxanasında 175-6978A-3122 və xx.xx.2022-ci il tarixli 175-7027M-3122 nömrə ilə qeydiyyata alınan ərizə daxil olmuşdur. Ərizədə X1 ŞPŞ-nə ərizə ilə müraciət edərək Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək Elmirə verdiyini qeyd etmişdir. Həmin pulu Elmir ona qaytarmadığı üçün Elmirdən şikayətçi olduğunu bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı X4 izahatı alınmış, həmin şəxs izahatında 2022-ci ilin iyun ayında Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək, Elmirə verdiyini qeyd etmişdir. Elmir isə həmin pulu qaytarmadığı bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı İddiaçı izahatı alınmış, həmin şəxs izahatında 4 ay bundan öncə iş yoldaşı Rəşad adlı şəxsə 9500 manat borca pul verdiyini bildirmiş lakin hazırda həmin pulu Rəşaddan ala bilməməsini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, icraatında olan X7 və İddiaçı ərizəsi ətrafında toplanmış material mülki xarakterli olduğu üçün müraciət müəllifinə cavab verilərək bu barədə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. X7 və İddiaçı ərizəsi ərizəsi ətrafında toplanmış materialın ŞPŞ-nin dəftərxanasında işə alınmasına göstəriş verilməyi xahiş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbi tələbinə dair iddia ərizəsi ilə Naftalan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona borc olaraq verdiyi 12000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2022-ci ilin aprel ayında ondan borc olaraq pul istəmiş, o, ilkin olaraq cavabdehə 1000 manat vermiş, cavabdeh isə bu pulu qaytaracağına söz vermişdir. Sonra cavabdeh başqa vaxtlarda da, ondan pul istəmişdir. O, cavabdehlə əvvəllər bir yerdə işləməsini nəzərə alaraq ona borc olaraq ümumilikdə 2022-ci ilin mart ayından iyul ayının əvvəlinə kimi 13000 manat vermişdir. Cavabdeh həmin pulları sentyabr ayına kimi qaytarmalı idi. Cavabdeh ondan aldığı borcdan 300 manat bir dəfə, 300 manat bir dəfə və 400 manat da bir dəfə qaytarmışdır. Bütövlükdə cavabdehin ona 12100 manat borcu qalmışdır. Cavabdeh həmin borcu bu günə kimi qaytarmamışdır. O, da cavabdeh barəsində polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və nəticədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdeh polis şöbəsində izahat verərək aldığı borcu etiraf etmişdir. O, götürdüyü pulu yaxın vaxtda qaytaracağına söz versə də, bu günə kimi qaytarmamışdır. Odur ki, cavabdehdən ona borc olaraq verdiyi 13000 manatdan ödənilməmiş qalan 12000 manat məbləğində pulun alınaraq ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
9. Bundan sonra Cavabdeh iddia tələbinə etiraz edərək, etirazın təmin edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, onunla Çinar sanatoriyasında bir yerdə işləyən X12 uşağının xəstə olduğunu bəhanə edərək onun vasitəsilə Elvira xanımdan sələmlə borc pul götürməyi xahiş etmişdir. O da X3 2022-ci ilin mart ayında sələmlə pul götürmüş və Elmirə vermişdir. Elmir götürdüyü pulu aprel ayından başlayaraq faizini qaytarmışdır. Sonradan Elmir dəfələrlə başqa-başqa adamların əmək haqqı kartlarını gətirərək Elvira xanımdan sələmlə pul götürməyini xahiş etmişdir. O da ona inanaraq yenidən pul götürüb ona vermişdir və 4-5 ay həmin pul məbləğinin sələm faizi Elmir tərəfindən 2022-ci ilin avqust ayına kimi ödənilmişdir. Avqut ayında Elmir pulun faizini ödəmədiyi üçün Elvira xanım onlara gələrək özünün kitabçasında olan kartlarla Elmirə verdiyi pulun adlı siyahısını ona vermişdir və pulun tələb edilməsini bildirmişdir. O da Elmiri Elvira xanımın yanına aparmış və Elmir də pulun onda olduğunu demiş və ödəyəcəyinə söz vermişdir. 26 avqust 2022-ci tarixdən pulun ödənilməsi təmin edilmədiyindən anası X7 09 sentyabr 2022-ci il tarixdə Naftalan şəhər Polis Şöbəsinə müraciət etmiş və orda kart sahibləri ilə üzləşmə aparılmışdır. Həmin şəxslər pulu X8 aldığını bildirmişlər. Naftalan şəhər Polis Şöbəsinin əməkdaşı Malik müəllimin yanında həmin şəxslər tərəfindən pul ödənişləri (yazılı halda) qismən ödənilmişdir. Lakin, polis şöbəsindən onlara yazılı məktub verilmişdir ki, bu iş mülki iş olduğu üçün məhkəmə qaydasında həll oluna bilər. Naftalan şəhər Polis Şöbəsində olan materialları və bu işdə əsil cavabdeh olan X10 bu işə cəlb edilməsinə kömək edilməsini xahiş etmişdir.
11. Naftalan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 6100 (altı min yüz) manat borc məbləği və ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 65 (altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448, 739 və 740-cı maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 216-220, 222, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, Naftalan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə Rəşadla Elmirin whatsapp yazışmasını əsas tutub Elmirin Rəşaddan 10.000 manat pul almasını etiraf etməsini sübut kimi qəbul etmişdir. Hülbuki, o pulu Elmirə deyil, Rəşada vermişdir. Rəşad da aldığını 12.000 manat puldan 10.000 manatını Elmirə vermiş, qalan pulu isə özündə saxlamışdır. Bundan başqa cavabdeh 13.000 manat pul aldığını polis şöbəsində verdiyi izahatda etiraf etmişdir.
15. Həmçinin, qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Naftalan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçıdan 2100 manat faizini ödəmək şərtilə borca pul almışdır, lakin bir neçə aya borcunu bağlamışdır. İddiaçı cavabdehə daha böyük məbləğdə boc pul vermiş olsa idi, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə əsasən tərəflər arasında yazılı formada müqavilə bağlanmalı idi. İddiaçının cavabdehdən tələb etdiyi məbləğ iddiaçı tərəfindən X13 adlı şəxsə vermiş olduğu puldur. Lakin, iddiaçı iddianı Elmirə qarşı deyil, Rəşada qarşı qaldırmışdır. Həmçinin, iddiaçının öz xətti ilə yazdığı yazı qeydində Rəşadın borcunun ödəməsi ilə bağlı qeydiyyat aparmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iş yoldaşı kimi tanımışdır. O, Rəşada 2022-ci ilin mart ayından iyulun əvvəlinə kimi 13.000 manat borcu hissə-hissə vermişdir. Rəşad həmin puldan 10.000 manatını Elmir adlı şəxsə vermişdir. O, Elmiri tanımır və Elmirə borc verməmişdir. Birinci instansiya məhkəməsi Rəşadla Elmirin whatsapp yazışmasını əsas tutub Elmirin Rəşaddan 10.000 manat pul almasını etiraf etməsini sübut kimi qəbul etmişdir. Rəşad da aldığını 12.000 manat puldan 10.000 manatını Elmirə vermiş, qalan pulu isə özündə saxlamışdır. Bundan başqa Rəşad 13.000 manat pul aldığını polis şöbəsində verdiyi izahatda etiraf etmişdir. O, cavabdehə borc pulu bir neçə dəfəyə vermişdir. Cavabdeh ona cəmi 3900 manat qaytarmış, qalan borcu qaytarmamışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissənin də təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissənin də təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş vəsatət və etiraz ərizəsi onun tərəfindən yazılaraq imzalanmışdır. Vəsatətdə və etiraz ərizəsində iddiaçıdan pulun borc yox sələm aldığını və Elmir adlı çəxsə verdiyini bildirmişdir. İşə əlavə edilmiş yazışmalar Elmirlə onun arasında telefon vasitəsilə aparılmışdır. Onun iddiaçıya borcu yoxdur. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və iddiaçı tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı şikayətində qətnamənin iddianın təmin edilməmiş hissəsini və cavabdehin nümayəndəsi və vəkili isə qətnamənin iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Naftalan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik (borc) münasibətləri yaranmış, İddiaçı ayrı-ayrı vaxtlarda müəyyən pul məbləğlərini Cavabdeh borc vermiş, cavabdeh isə iddiaçıdan almış olduğu həmin məbləğləri isə Elmir adlı digər üçüncü şəxsə vermişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vermiş olduğu məbləğlərin geri qaytarılmasını ondan tələb edir.
51. İddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
52. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
53. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında borc verilməsi barədə şifahi razılaşma mövcuddur. Məhkəmə kollegiyası həmin razılaşmanı şifahi borc müqaviləsi kimi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsas kimi qəbul edir. İddiaçı cavabdehə ayrı-ayrılıqda müxtəlif vaxtlarda 15.900 manat pul verdiyini, həmin puldan 3.900 manat qaytarıldığını, lakin qalan 12.000 manat pulun cavabdeh tərəfindən qaytarılmadığını bildirmişdir. Cavabdeh isə iddiaçıdan ümumilikdə 2100 manat məbləğində pul aldığını və faizi ilə birlikdə çoxdan qaytardığını bildirir.
54. İlk öncə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3.900 manat pulun qaytarılmış olması işin mübahisəsiz halıdır.
55. Belə ki, hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
56. İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi öz izahatındən əlavə cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə yanaşı şahid ifadəsini də təqdim etmişdir.
57. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
58. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı şikayətinə dəlil olaraq əlavə etdiyi Cavabdeh Naftalan şəhər Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatına istinad etsə də, ibtidai istintaq zamanı alınmış izahatın qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətini təqdim etməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətinə həmin izahatın kserosurətini əlavə etmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
59. Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.
60. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
61. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.
62. İşin obyektiv araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən polis orqanına sorğu verilmiş və məhkəmə kollegiyasına daxil olmuş X11 toplanmış xx.xx.2022-ci il tarixli materiala əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ŞPŞ-nin dəftərxanasında 175-6978A-3122 və xx.xx.2022-ci il tarixli 175-7027M-3122 nömrə ilə qeydiyyata alınan ərizə daxil olmuşdur. Ərizədə X1 ŞPŞ-nə ərizə ilə müraciət edərək, Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək Elmirə verdiyini qeyd etmişdir. Həmin pulu Elmir ona qaytarmadığı üçün Elmirdən şikayətçi olduğunu bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı X4 izahatı alınmış, həmin şəxs izahatında 2022-ci ilin iyun ayında Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək, Elmirə verdiyini qeyd etmişdir. Elmir isə həmin pulu qaytarmadığı bildirmişdir. Tərəfindən aparılan araşdırma zamanı İddiaçı izahatı alınmış, həmin şəxs izahatında 4 ay bundan öncə iş yoldaşı Rəşad adlı şəxsə 9500 manat borca pul verdiyini bildirmiş lakin hazırda həmin pulu Rəşaddan ala bilməməsini qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, icraatında olan X7 və İddiaçı ərizəsi ətrafında toplanmış material mülki xarakterli olduğu üçün müraciət müəllifinə cavab verilərək bu barədə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir. X7 və İddiaçı ərizəsi ərizəsi ətrafında toplanmış materialın ŞPŞ-nin dəftərxanasında işə alınmasına göstəriş verilməyi xahiş olunmuşdur.
63. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi).
64. Azərbaycan Respublikasının MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir.
65. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
66. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
67. Məhkəmə kollegiyası qeyd edir ki, X4 izahatında 2022-ci ilin iyun ayında Naftalan şəhər sakini Elmir adlı şəxs onun oğlu Rəşada yaxınlaşaraq övladının xəstə olmasını bildirmiş və onun müalicəsinə pul lazım olduğunu bildirmişdir. Rəşad isə iş yoldaşı Elvira adlı şəxsdən 9500 manat pulu borca götürərək, Elmirə verdiyini qeyd etmişdir. Elmir isə həmin pulu qaytarmadığı bildirmişdir.
68. Digər tərəfdən Cavabdeh ilə Elmir adlı şəxs arasında Whatsapp sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqlardan (yazılardan) birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübut məhkəmə iclasında tədqiq olunaraq müəyyən olunmuşdur ki, Elmir Rəşaddan ümumilikdə ən çoxu 10000 manat pul aldığını etiraf etmişdir.
69. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur
70. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
71. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
72. Məkhkəmə kollegiyası qeyd edir ki, Elmir adlı şəxsin cavabdehdən almış pul vəsaitlərini cavabdeh Elmirə verməzdən əvvəl iddiaçıdan almış olduğu nəzərə alınarsa, iddiaçının cavabdehə ən çoxu 10.000 manat vermiş olması qənaətinə gəlmək mümkündür. Çünki, istər cavabdehin anası olan X4 verdiyi izahatda pulu oğlunun (cavabdehin) borc alaraq verməsi, istər cavabdehin birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsində pulu iddiaçıdan alaraq Elmir adlı şəxsə verməsini etiraf etməsi, istərsə də şikayətinin dəlillərində iddianın ona qarşı deyil, Elmir adlı şəxsə qarşı qaldırılmalı olması barədə olan göstərilən hallar iddiaçının cavabdehdən 10.000 manat məbləğində borc alması qənaətinə gəlmək üçün yetərli hallardır. Həmçinin, iddiaçı isə cavabdehə 12.000 manat məbləğində pulun verilməsi barədə mötəbər sübutlarını kollegiyaya təqdim edə bilməmişdir.
73. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının cavabdehə ümumilikdə 10.000 manat vermiş olması, cavabdehin isə iddiaçıya ümumilikdə 3.900 manat qaytarmış olması müəyyən olunur ki, bu da hazırda cavabdehin iddiaçıya 6.100 manat qalıq borcunun olması barədə əsaslı nəticəyə gəlmişdir.
74. Bununla belə cavabdehin hazırda iddiaçıya heç bir borcunun olmaması barədə dəlilləri əsassızdır. Çünki, Cavabdeh sonradan (3.900 manat puldan əlavə) həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu kollegiyaya təqdim etməmişdir. Belə ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
76. Həm bu əsasa, həm də MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin, borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.
77. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
78. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
79. Cavabdeh qalan borcu tam qaytarması barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər ödənişlər etdiyi barədə sübutları) məhkəməyə təqdim etməmişdir.
80. Şahidlərin ifadələrinə gəldikdə isə qeyd olunmalıdır ki, şahid X7 Cavabdeh yaxın qohumu (anası) olmaqla, ifadə verərkən cavabdehin maraqlarından çıxış etməsi şübhəsi var və bu şübhə aradan qaldırılmadığı üçün kollegiya ifadəni qəbul etmir. Lakin, şahid X5 izahatına müsbət yanaşaraq qəbul edir.
81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
84. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
85. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Naftalan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(052)-71/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.