Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1981/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1091/2023 saylı mülki iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 avqust 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 nömrəli qətnaməsinin sürətindən görünür ki, həmin qətnamə ilə, Cavabdeh ilə İddiaçı arasında olan nikahdan xx.xx.2013-cü il tarixdə anadan olan X1 və xx.xx.2015-ci il tarixdə anadan olan X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğdə alimentin tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 saylı qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 oğlu adlı uşaqların saxlanması üçün hər uşağa görə 120 nanat, cəmi 240 manat miqdarında alimentin artırılaraq, hər ay, hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul miqdarında müəyyən edilməklə, cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah akt qeydi Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş övladları onun himayəsinə verilmiş, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa 120 manat olmaqla, cəmi 240 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırki dövrdə alimentin miqdarı uşağın müasir tələbatını ödəmir, Cavabdeh imkanının yaxşı olmasına baxmayaraq, uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək göstərməkdən imtina edir.
4. Ağdam Rayon Məhkəməsinin 2(013)-1091/2023 saylı mülki iş üzrə 25 may 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 oğlunın yetkinlik yaşına çatanаdək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 140 (bir yüz qırx) manat, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1091/2023 saylı mülki iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin təmin edilərək, hər uşağa görə hər ay 220 manat, cəmi 440 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, cavabdehin maddi imkanı yaxsıdır, təsərrüfatında mal-qarası vardır. Bundan başqa məhkəmə qərar qəbul edərkən, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun tələblərini nəzərə almamış və yaşayış minimumundan az aliment təyin etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, cavabdeh işləyir, maddi imkanı yaxşıdır. Özü müəllim işləyir, aylıq əmək haqqı 700 manat təşkil edir. Bununla belə uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edib, bildirdi ki, “Dost” iş mərkəzində işləyir, 320 manat əmək haqqı alır, əlavə qazanc yeri yoxdur. Odur ki, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
15. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
16. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
17. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. 18.Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. 19.“Uşaq Hüquqları haqqında” Konvensiyanın2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.
31. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, “Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
32. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2013-cü il tarixdə Babaxan və xx.xx.2015-ci il tarixdə Ayxan adlı iki uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(013)-2681/2018 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşaqların tələbatını ödəyə bilmədiyindən alimentin artıtılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.
33. İddiaçı apellyasiya şikayətində cavabdehin kifayət qədər qazanca və gəlirə malik olmasını qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini və alimentin artırılаraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.
34. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin artırılmasına əsas vermir. Çünki, apellyator şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən isə, tərəflərin verdikləri izahatlardan müəyyən edilir ki, iddiaçı müəllim işləməklə ayda 700 manat əmək haqqı alır, daha yaxşı təminatlıdır, cavabdehin isə aylıq əmək haqqı 320 manat təşkil edir.
35. Valideynlərin uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşımaları barədə Uşaq Hüquqları haqqında” Konvensiyanın 2-ci maddəsinin 2-ъи bəndinin müdəalarını önəçəkən məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə birinci instansiya məhkəməsi Babaxan və Ayxan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi vəziyyətini nəzərə almış olduğundan iddiaçının şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1091/2023 saylı mülki iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (280-240)=40 manat aylıq alimentin bir illik məcmusu (40 manat x 12ay)=480 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1091/2023 saylı mülki iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.