Məhkəmə qərarları › İş №2(104)-1987/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1987/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1987/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə iddia qadıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 3898,21 ABŞ dolları məbləğində kredit üzrə əsas borc, 311,93 ABŞ dolları məbləğində faiz borcu, 12500 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 16210,14(on altı min iki yüz on dollar on dörd sent) ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 2008-ci il 29 fevral tarixli 06L000000565 saylı Kredit xətti müqaviləsinə əsasən, ona fərdi mikro kredit məqsədləri üçün 120 (bir yüz iyirmi) ay ərzində 20000(iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1la İddiaçı QSC arasında bağlanmış 2008-ci il 29 avqust tarixli 06R000001369 saylı Kredit razılaşmasına əsasən qaytarmaq şərtilə 18 (on səkkiz) ay müddətinə aylıq 3%-lə 10000(on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit xətti müqaviləsinin 1.5 bəndinin tələblərinipozmuş, dəfələrlə ödənişləri yubatmış və ödəniş planı üzrə 2009-cu il sentyabrın 29-u, 2009-cu il oktyabrın 29-u, 2009-cu il dekabrın 09-u, 2009-cu il dekabrın 29-u, 2010cu il yanvarın 29-u və 2010-cu il martın 3-də ödənilməsi planlaşdırılmış kredit və faiz borcunu banka ödəməmişdir. Cavabdeh1 götürdüyü kreditdən cəmi 6101,79 ABŞ dolları məbləğində hissəsini qaytarmış və Banka 3898,21 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 ödəməli olduğu 3142,65 ABŞ dolları faiz borcunun 2830,65 ABŞ dollarını ödəmiş və onun 311,93 ABŞ dolları məbləğində faiz borcu qalmışdır.Kredit razılaşmasının 4.2.2 bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 100 ABŞ dolları məbləğində cərimə ödəməsi nəzərdə tutulmuşdur.2010-cu il aprelin 13-dən 125 gün üçün hesablanmış cərimə 12500 ABŞ dolları təşkil etmişdir. Həmçinin verilmiş kreditin təminatı kimi İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 arasında 2008-ci il 29 fevral tarixli 06S000000601 saylı və Cavabdeh2 arasında 2008-ci il 29 fevral tarixli 06S000000602 saylı Zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh1 dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vahid Sadıqov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla, 3898,21 ABŞ dolları məbləğində kredit üzrə əsas borc, 311,93 ABŞ dolları məbləğində faiz borcu, 1250 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 5460, 14(beş min dörd yüz altmış dolları on dörd sent) ABŞ dolları məbləğində pulun alınaraq İddiaçı QSC-yə ödənilməsi və ödənilmiş dövlət rüsumu 20 manatın cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməsi , iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsinin ləğv edilməsini, borc məbləğinin fərmana uyğunlaşdırıb, iddianın ona aid hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2008-ci il 29 fevral tarxili Kredot xətti müqaviləsinə əsasən həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olmuş və elə həmin tarixdə Şahin kredit götürmüşdür. Sonradan işin halları ona indi məlum olur ki, birinci kreditdən 6 ay sonra bankla əsas borclu Cavabdeh1 arasında yenidən 29 avqust 2008-ci il tarixli Kredit razılaşması olmuş və həmin razılaşmaya əsasən Şahinə aylıq 3 faiz 18 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Hesab edir ki, əsas borclu ilə bank arasında yeni kredit razılaşması olursa onun razılığı alınmalı idi. Belə ki, o kredit xətti müqaviləsini imzalayan zaman faiz dərəcəsi həmin müqaviləyə əsasən qat-qat aşağı idi. Həmçinin əsas borclu Cavabdeh1 münasibətdə isə mübahisə olunan kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmüş və hal-hazırda onun banka borcu 2973, 48 manat müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında onların verdiyi apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh Şahin onun keçmiş həyat yoldaşıdır, onlar 2011-ci ildə boşanmışlar. Digər cavabdeh Elnur isə Şahinin dostudur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsinin ləğv edilməsini, borc məbləğinin fərmana uyğunlaşdırıb, iddianın ona aid hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında izahat verərək, izahatında göstərdi ki, qətnamə icra olumayıb, əsas borcluya kompensasiya ödənilib və 2973.48 manat əsas borc məbləğində qalıq borc qalmışdır.Lakin borc məbləği restrukturizasiya olunmadığı üçün, yalnız əsas borc qalığına münasibətdə məlum Fərmanın tələbləri baxımından uyğunlaşma ola bilər. Lakin faiz borcu ilə cərimə borcuna uyğunlaşma edilə bilməz. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2973,48 (iki min doqquz yüz yetmiş üç manat 48 qəpik) manat əsas kredit borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsindən cavabdehlərdən yalnız Cavabdeh3 apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər üçündən müştərək qaydada tutulduğundan qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehlərin (Cavabdeh1 və Cavabdeh2) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüququ istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanlması təşkil edir. İş materiallarında olan: 29 fevral 2008-ci il tarixli 06L000000565 saylı Kredit xətt müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 fərdi mikro kredit üçün 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 29 avqust 2008-ci il tarixli 06R000001369 saylı Kredit razılaşmasının təsdiq olunmuş surətindən görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 fərdi mikro kredit üçün 18 ay müddətinə aylıq 3 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə olunan kreditin ödəmə cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ayın 29-u tarixində əsas və həmin tarixə hesablanacaq faiz borcu nəzərə alınmaqla, bərabər miqdarda ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə “Kreditalan” ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün 100 ABŞ dolları məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 29 fevral 2008-ci il tarixli 06S000000601 saylı və 29 fevral 2008-ci il tarixli 06S000000602 saylı Zaminlik müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilələrə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Oktay oğlu “ Borclu”nun Bank qarşısında 2008-ci il 29 fevral 06L000000565 saylı Kredit xətt müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti özə üzərlərinə götürmüşlər. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən “Borclu”nun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Zamin”lər Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və “Borclu” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 04 dekabr 2009-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 ( kredit alan) kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. 04 dekabr 2009-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh3 ( zamin) kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. 04 dekabr 2009-cu il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 ( zamin) kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 fevral 2008-ci il tarixli 06L000000565 saylı Kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya fərdi mikro kredit üçün 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 29 avqust 2008-ci il tarixli 06R000001369 saylı Kredit razılaşmaya əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 fərdi mikro kredit üçün 18 ay müddətinə aylıq 3 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə olunan kreditin ödəmə cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ayın 29-u tarixində əsas və həmin tarixə hesablanacaq faiz borcu nəzərə alınmaqla, bərabər miqdarda ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə “Kredialan” ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün 100 ABŞ dolları məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 Oktay oğlu arasında 29 fevral 2008-ci il tarixli 06S000000601 saylı və 29 fevral 2008-ci il tarixli 06S000000602 saylı zaminlik müqavilələri bağlanmış və sonuncular zamin kimi əsas borcalanın kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 oğlu üzərinə götürdüyü öhdəliklərə vaxtında və tam əməl etməmiş, nəticədə 3898,21 ABŞ dolları əsas borcu, 311,93 ABŞ dolları faiz borcu yaranmış, Bank tərəfindən isə gecikdirilmiş günlərə görə 12500 ABŞ dolları cərimə borcu hesablanmışdır. Həmçinin, müəyyən edildi ki, cavabdehin iddiaçı Banka yaranmış kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 hesabına 2973,48 manat kompensasiya mədaxil edilmiş və qalıq borcu 2973,48 manat təşkil etmişdir. Cavabdehlə güzəştli şərtlərlə yeni müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 5.1-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. 5.2-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göründüyü kimi, cavabdehin iddiaçı Banka olan borcu Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borcu olduğundan ona hesablanmış faizlər və dəbbə pulları silinmişdir. Kollegiya qeyd edir ki, cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək-borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olubolmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir. Ona görə də, məhkəmə kollegiyası Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini, həmin borcun Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilməsini, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 2973,48 manat kompensasiya ödənilməsini və onun qalıq borcunun 2973,48 manat təşkil etməsini nəzərə alaraq və tələbə Fərmanın hüquqi mövqeyi kontekstində qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2973,48 manat əsas kredit borcu tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı QSC-nin nümayəndəsi X1 məlum Fərmanın tələbləri baxımından faiz borcu ilə cərimə borcuna uyğunlaşma edilə bilməməsinə dair dəlili əsasızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 2973,48 (iki min doqquz yüz yetmiş üç manat 48 qəpik) manat əsas kredit borcu tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olara cavabdehlərə münasibətdə mübahisələndirilən hissə beş min manatdan az olduğu üçün, onlar bu qətnamədən kassasiya şikayəti verə bilməzlər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-997/2010 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2973,48 (iki min doqquz yüz yetmiş üç manat 48 qəpik) manat əsas kredit borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı QSC-ti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəflər kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar