Məhkəmə qərarları › İş №2(104)-1989/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1989/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1989/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün xərclənmiş 20.000 manat məbləğində pulun cavabdehdən alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum həyat yoldaşının qardaşıdır. Cavabdeh ailəsi ilə birlikdə Rusiyada yaşayır. İddia ərizəsində göstərilən ünvanda cavabdehin qardaşının ailəsi yaşayır. Onların cavabdehlə əlaqəsi vardır. Cavabdeh onu ailəsi ilə həmin həyətdən çıxarmışdır. Cavabdehin yaşadığı ev həyat yoldaşının ata mülkidir. Həmin mülkdən paylarını da verməmişlər. Həyat yoldaşı vəfat etdiyindən, məcburiyyət qarşısında qalıb həmin evin tikintisinə çəkdikləri xərc kimi 20.000 manat pulu cavabdehdən tələb edir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsi ilə ( sədrlik edən hakim Z.M.Allahyarov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum qayınatasının adına olan evdə mərhum ərinin qanun üzrə vərəsə kimi payı olsa da, bu payın dəyəri onlara ödənilməmiş, cavabdeh evi da adına keçirtmişdir. Yoldaşı sağlığında ata yurdunda olan evə 20000 manat xərc çəkmişdir. Əri sağ olanda cavabdeh bu pulu imkan olan kimi qaytaracağına söz versə də, indi bu pulu ödəməkdən imtina edir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, həyat yoldaşı Məhərrəm 2017-ci ildə vəfat etmişdir. O, mübahisəli evə gəlin gələrək, 1975-1977-ci illərdə həmin evdə yaşamışdır. Həmin evdə yaşayarkən, yoldaşı evin təminə 20000 manat xərc çəkmiş və həmin pulu hazırkı cavabdehdən tələb etməsini şifahi olaraq ona vəsiyyət etmişdir. Cavabdeh isə Rusiyada yaşamaqla, həmin pulu ona verməkdən imtina etmişdir. O, 1981-ci ildə ailəsi ilə birgə hazırki yaşadıqları evə köçmüşlər. Apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edən S/C-iddiaçı: Mübahisəli evin tikintisinə xərci 1979-1980-ci illərdə çəkmişlər. Həmin 20000 manat xərcə həm də, 3 qaynının evlənməsi üçün çəkilmiş xərc də daxildir. İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.1975– ci il tarixdə rəsmi nikah bağlanmışdır. ölüm haqqında şəhadətnamələrdən görünür ki, X4 və X5 xx.xx.1979–cu il tarixdə, X3 xx.xx.2017–ci il tarixdə vəfat etmişlər. Şəmkir rayon 1 saylı Notariat Ofisinin 1610 saylı məktubundan görünür ki, xx.xx.1979–cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair xx.xx.2023–cü il tarixdə 746 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyənləşmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh onun qaynı olduğunu, cavabdehin yaşadığı ev həyat yoldaşının ata mülkü olduğunu, həmin mülkdə evin tikintisinə həyat yoldaşı tərəfindən 20.000 manat məbləğində xərc çəkildiyini göstərərək, cavabdeh X2 20.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün mərhum əri tərəfindən 20.000 manat vəsait xərclənməsini, dolasıyı ilə həmin pulun cavabdehə çatması barədə əsaslı mənbədən əldə edilmiş təsdiqedici sübutları məhkəməyə təqdim etməmiş, heç bir sübuta dayanmayan formal mülahizə əsasında iddianı əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası həmin məhkəmənin gəldiyi nəticəsi ilə razılaşır. Belə ki, iddiaçı mübahisəli evin tikintisinə xərcin 1979-1980-ci illərdə çəkilməsini göstərir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından görünür ki, mübahisəli hüquq münasibətləri 1979-cu ildən yarandığına görə, hazırki mübahisəyə 1964-cü ildə qəbul edilmiş və 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 1964-cü ildə qəbul edilmiş və 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 149-cu maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərkəti etməlidir, məsələn: əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. 150-ci maddəyə görə, öhdəçiliklər müqavilədən və ya bu Məcəllənin 4-cü maddəsində göstərilən sair əsaslardan əmələ gəlir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçı məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün mərhum əri tərəfindən 20.000 manat vəsait xərclənməsini və həmin pulun cavabdehin ona ödəməli olduğunu iddia etsə də, bu barədə sübutlarını nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evin tikintisi üçün mərhum əri tərəfindən 20.000 manat vəsait xərclənməsi halı sübuta yetirilmədiyinə görə, işə baxan məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2020/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar