Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1993/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ SurəHakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-692/2023 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahından xx.xx.2016-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev ) iddia qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-692/2023 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh 06 aprel 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi və miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, valideynləri ilə birgə yaşayır, bir neçə dəfə ürək əməliyyatı keçirmişdir, işsizdir və heç bir yerdə işləmir. Bundan əlavə, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin ikinci ailəsindən isə övladı vardır. Həmçinin, onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişirlik olmamışdır. Ona görə də, təyin olunmuş alimenti ödəməyə maddi imkanı çatmır. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hesab edir ki, məhkəmə ailə və maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası elektron sistem vasitəsi ilə sorğu edilmiş məktub ilə müəyyən etmişdir ki, cavabdeh Ələkbərov X4 şəhərinə getmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-1611/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 saylı qətnaməsinin iddiaçının iddiasının alimentin miqdarına münasibətdə təmin olunması hissəsində ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmiş, yəni qətnamənin alimentin məbləği hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri, yənin iddianın təmin olunmayan hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-692/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-1570/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1569/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-692/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X1 Qazax-Tovuz regional Məşğulluq Filialının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişləri» alt sistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh ilə birgə ailə münasibətlərindən xx.xx.2016-cı ildə X3 anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar.Tərəflər ayrıldıqdan sonra uşaq anasının himayəsində qalmış və onunla yaşamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-692/2023 nömrəli qətnaməsi ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-1570/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay bir uşağa görə 200 ( iki yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Ömər 8 yaşında olmaqla, anasının yanında yaşayır və böyüdükcə onun təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya dəlillərini müzakirə edərək, qeyd edir ki, cavabdehin ikinci dəfə ailə həyatı qurması və işsiz olması alimentin qətnamə ilə müəyyən edilən məbləğinin azaldılması üçün hüquqi əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1611/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1993/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1993/2024
17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver