Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-20/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 yanvar 2019cu il tarixli, 2(076)-220/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin (hakim M.Mustafayev) 18 yanvar 2019-cu il tarixli, 2(076)-220/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsi üzrə 10565 manat əsas borc, 370 manat faiz borcu, cəmi 10935 (on min doqquz yüz otuz beş) manat pulun alınıb Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə verilməsi, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsi üzrə cəmi 10935 (on min doqquz yüz otuz beş) manat borcun, məhkəmə xərci olan 30 (otuz) manat dövlət rüsumunun alınıb Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə verilməsi, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyənləşdirilməsi, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi satıldıqdan 1 ay sonra evin boşaldılması, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(076)-220/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. işin halları İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsi üzrə borcun əsas hissəsindən qalan 10565 manat, faiz hissəsindən ödənilməmiş qalan borcu 370 manat, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, bu tutulmanın təminatı kimi, xx.xx.2014-cü il tarixli, 317 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Cavabdeh1 məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ borcun ödənilməsi üçün İddiaçı ASC-nin hesabına keçirilməsi, əmlakın satışından əldə edilən pul vasaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 tutulması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 (ipoteka qoyan) qaytarılması, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 6 faiz hesablanmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 317 saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borcalan 18 (on səkkiz) ay müddətinə kreditin faizini, qalan 18 (on səkkiz) ay isə kreditin əsas hissəsindən də ödəməklə krediti və ona hesablanmış faizləri və bütün digər məbləğləri 36 (otuz altı) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 317 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı məqsədilə ipoteka predmeti kimi təqdim olunmuşdur. Bankın əməkdaşları Cavabdeh1 dəfələrlə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini xahiş etsələr də, cavabdeh müqavilə üzrə öhdəliklərini kredit və ipoteka müqavilələrinin tələblərinə uyğun yerinə yetirməmiş və kredit üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin edən hərəkətləri həyata keçirməmişdir. Ona görə də, iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. "xxxx" MMC-nin ekspert rəyinə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 15.000 manat qiymətləndirilmişdir. İpoteka predmetinə qoyulmuş qiymətlə razıdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsassız və qanunsuzdur. Belə ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməldir. Məhkəmə ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixli, 592 saylı rəyi ilə həmin əmlakın dəyəri 50.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəy ilə həmin əmlakın orta bazara dəyəri 15.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, iki ayrı-ayrı ekspert rəyi arasında böyük bir rəqəm fərqi vardır. Yenidən ekspertiza təyin edilməsi barədə məhkəmə iddiaçının vəsatətini nəzərə almadan müəyyən edilmiş ən yüksək qiymətləndirmə məbləğini əsas götürmüşdür. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(076)-220/2019 saylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, ipoteka predmetinin yenidən qiymətləndirilməsini və bunun əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı verilmiş ekspertiza rəyinə dair heç bir etirazının olmadığını bildirdi və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC-in Kəpəz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü tarixli, 309 saylı kredit (borc) müqaviləsindən görünür ki, bank cavabdehə illik 6 faiz olmaqla 36 ay müddətinə 12000 manat kredit verməyi, cavabdeh isə həmin krediti qaytarmağı və bununla bağlı müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü tarixli, 309 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi ilk 18 ayı yalnız faiz, qalan ayları isə əsas və faiz borcu olmaqla ümumilikdə 13650 manatı banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2014-cü tarixli, 317 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə ipoteka saxlayan İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü tarixli, 309 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş MA ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Muxtariyyat kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 35.000 manat qiymətləndirilmişdir. xx.xx.2016-cı il tarixli, 180 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı Bank borclu Cavabdeh2 kredit müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı Bank xx.xx.2014-cü tarixli, 317 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 11 saylı Ərazi İdarəsindən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü tarixli, 309 saylı kredit müqaviləsinin təminatı kimi ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 22 sentyabr 2017-ci il tarixli, 592 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixə orta bazar dəyəri 50.000 (əlli min) manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 116 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə orta bazar dəyəri 15.000 (on beş min) manat təşkil etmişdir. "xxxx" MMC-nin 0xx.xx.2022-ci il tarixli, Ç-183 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri 46.000 (qırx altı min) manat təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişindəəmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 309 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 6% hesablanmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 317 saylı ipoteka müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdehlər kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlərə borcunu ödəməsi üçün məlumat verilsə də, onlar borcunu ödəməkdən yayınmışlar. Odur ki, iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 39.3-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin 0.25 ha torpaq sahəsi ilə birlikdə ilkin satiş qiymətinin (likvid qiymətinin) müəyyən edilməsi məqsədi ilə müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və "xxxx" MMC-nin 0xx.xx.2022-ci il tarixli, Ç-183 saylı ekspert rəyi ilə ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyərinin 46.000 (qırx altı min) manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş rəy əsaslıdır. Belə ki, mövcud likvid dəyəri fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyəti əsas götürülməklə müvafiq tədiqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müstəqil qiymətləndirici tərəfindən göstərilmiş məbləğdə, yəni 46.000 (qırx altı min) manat dəyərində müəyyən edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(076)-220/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 46.000 (qırx altı min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-20/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-20/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver