Məhkəmə qərarları › İş №2(104)-200/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-200/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-200/2024 23.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1, cavabdehlər Zamin, Cavabdeh və onların vəkili (həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi) X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(066)-574/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cǝmi borcun 15954,01 manat - bundan 5644,33 manat əsas, 4263.58 manat faiz, 5219,30 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 826.80 manat faiz borcu və iş üzrə ödənilmiş 137,86 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(066)-574/2023 nömrəli (hakim Qələmdar Abbasov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və Zamin 5510,19 (beş min beş yüz on manat 19 qəpik) manat əsas, 2030,78 (iki min otuz manat 78 qəpik) manat faiz, 522 (beş yüz iyirmi iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 798,98 (yeddi yüz doxsan səkkiz manat 98 qəpik) manat, ümumilikdə 8861,95 (səkkiz min səkkiz yüz altmış bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 137,86 (bir yüz otuz yeddi manat 86 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh və Zamin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh və Zamin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, bankın Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya əsas vəsaitin artırılması məqsədilə 36 ay müddətinə illik 22.5 faiz dərəcəsi ilə ödəmək şərtilə 6000 ABŞ dolları kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə digər cavabdeh Zamin ilə bank arasında 140009664/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD 1.45 AZN) 9039.53 manat hesablanmışdır. Kreditin müddəti 06 mart 2020-ci il tarixə kimi uzadılmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 22 yanvar 2019-cu il tarixdə (150 manat) olmuşdur. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, illik 22.5 faiz dərəcəsi ilə 6000 ABŞ dolları məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə borcalana verilmişdir; İddiaçı ASC ilə Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 06 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər razılığa gəlmişlər; Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli, **********731 nömrəli arayışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş 5644.33 manat əsas, 4263.58 manat faiz, 5219.30 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan 826 manat faiz, ümumi borcu isə 15954.01 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023cü il tarixli 9/3544 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 21 avqust 2015-ci il tarixli, ********** nömrəli kredit müqaviləsi və əlavə saziş şərtləri əsas götürülməklə Cavabdeh 30 yanvar 2023-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan əsas borcu 5510,19 manat, faiz borcu 2030,78 manat və faiz borcu (5%) 798,98 manat müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh və Zamin apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank onları aldatmış və 5000 manat kredit adı ilə 6000 ABŞ dolları verilməsinə dair kredit müqaviləsinə imza etdirmişdir. Pul verərkən də sığorta pulu və.s xərcləri çıxdıqdan sonra təqribi 4500-5000 manat pul vermişdir. Yəni, bankdan 6000 ABŞ dolları kredit götürülməmişdir. Həmin halların araşdırılması üçün bankdan kamera görüntülərinin tələb edilməsi üçün məhkəməyə yazılı müraciət etsə də, lakin məhkəmə həmin sübutları bankdan tələb etməmişdir. Bundan başqa, onların banka borcu qalmamışdır və borc tam şəkildə banka qaytarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: 19 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya olan borcu tam olaraq ödəmişdir. İddiaçıya borcu qalmamışdır. Həm birinci, həm də ikinci bağlanmış müqavilə üzrə ödənişlər etmişdir. 19 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Zamin, Cavabdeh və onların vəkili (həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş materiallarından göründüyü kimi kredit müqaviləsi üzrə kompensasiya məbləği hesablanmışdır. Ancaq həmin məbləğin kredit borcundan silinib-silinməməsi aydın deyil. Bu məsələnin aydınlaşdırılması zəruridir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə ödəniş qəbzlərini təqdim edə bilmir, lakin hər iki müqavilə üzrə ödənişlər etmişdir. Hər iki müqavilə üzrə banka borcu qalmamışdır. Verilmiş suala cavab olaraq Cavabdeh bildirmişdir ki, problemli kredit kompensasiyası olaraq 1914 manat alsa da, lakin həmin məbləği kredit borcuna ödəməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zamin apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Zamin, Cavabdeh və onların vəkili (həmçinin Cavabdeh etibarnamə üzrə nümayəndəsi) X4 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfə kompensasiya məbləği ödənilsə də, lakin həmin məbləğ banka ödənilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və kreditor birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Borclu və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Onlar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsələr də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunması hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Zamin 5510,19 (beş min beş yüz on manat 19 qəpik) manat əsas, 2030,78 (iki min otuz manat 78 qəpik) manat faiz, 522 (beş yüz iyirmi iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 798,98 (yeddi yüz doxsan səkkiz manat 98 qəpik) manat, ümumilikdə 8861,95 (səkkiz min səkkiz yüz altmış bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 137,86 (bir yüz otuz yeddi manat 86 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh Zamin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə yəni “Cavabdeh 5510,19 (beş min beş yüz on manat 19 qəpik) manat əsas, 2030,78 (iki min otuz manat 78 qəpik) manat faiz, 522 (beş yüz iyirmi iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 798,98 (yeddi yüz doxsan səkkiz manat 98 qəpik) manat, ümumilikdə 8861,95 (səkkiz min səkkiz yüz altmış bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 137,86 (bir yüz otuz yeddi manat 86 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 22.5 faiz dərəcəsi ilə 6000 ABŞ dolları kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə digər cavabdeh Zamin ilə bank arasında xx.xx.2015-ci il tarixli 140009664/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD 1.45 AZN) 9039.53 manat hesablanmışdır. Kreditin müddəti 06 mart 2020-ci il tarixə kimi uzadılmışdır. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kreditor həm borcluya, həm də zaminə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə tələb irəli sürmüşdür. Borclu və zamin də birinci instansiya məhkəməsinin qətnaməsindən birgə apellyasiya şikayəti vermişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu və zaminə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığına dair ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır və ilk növbədə qətnamənin borcluya münasibətdə əsaslığı yoxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə kreditor ilə borclu arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit və bank hesabı müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və ona dəyişikliklə bağlı 06 mart 2017-ci il tarixli əlavə saziş dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və ona dəyişiklik barədə 06 mart 2017-ci il tarixli əlavə saziş Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Kredit müqaviləsi nəticəsində iddiaçı kreditor, cavabdeh isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora əsas və faiz borcu yaranmışdır. Məhkəmə kollegiyası borcluya aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Həmçinin kollegiya göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən borcalandan alınaraq kreditora verilməli olan məbləğ ekspert rəyi ilə müəyyən edilən məbləğdir. Apellyatorun borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla Cavabdeh subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan mühasibatlıq ekspertizası rəyi ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Rəydən müəyyən olunur ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit müqaviləsi və əlavə saziş şərtləri əsas götürülməklə ekspertiza tədqiqatı aparılmışdır. Rəydə göstərilən məlumatların mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur. “Bank onu aldatmış və 5000 manat kredit adı ilə 6000 ABŞ dolları verilməsinə dair kredit müqaviləsinə imza etdirmişdir. Bank pul verərkən də sığorta pulu və.s xərcləri çıxdıqdan sonra təqribi 4500-5000 manat pul vermişdir. Yəni, bankdan 6000 ABŞ dolları kredit götürməmişdir” barədə Cavabdeh dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki işin 12-ci səhifəsində olan 21 avqust 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 6000 (altı min) ABŞ dolları kredit məbləğini almasını öz imzası ilə təsdiq etmişdir. Ona görə də cavabdeh tərəfin bu dəlili məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, borcalan Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu problemli kredit olduğuna görə ona 1900,18 manat kompensasiya məbləği verilsə də, lakin borcalan həmin vəsaiti bankın hesabına ödəməmişdir. Qeyd olunan hal Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatı ilə öz təsdiqini tapır. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış kredit müqavilələsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə məbləğini azaldaraq, 522 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh aid hissədə iddia tələbinin təmin olunması qanuni əaslara söykənir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, digər cavabdeh (zamin) Zamin aid hissədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Zamin öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2. maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4. maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının 06 mart 2020-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsi əsasında Zaminliyinə xitam verilmişdir və o, kredit müqaviləsi üzrə öhdəliyin icrasına görə məsuliyyət daşımır. İşə baxan birinci instansiya məhkəməsi isə mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin faktiki hallarını nəzərə almadan cavabdeh (zamin) Zamin aid hissədə də iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh (zamin) Zamin aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh və Zamin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(066)-574/2023 nömrəli qətnaməsi “cavabdeh Zamin 5510,19 (beş min beş yüz on manat 19 qəpik) manat əsas, 2030,78 (iki min otuz manat 78 qəpik) manat faiz, 522 (beş yüz iyirmi iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 798,98 (yeddi yüz doxsan səkkiz manat 98 qəpik) manat, ümumilikdə 8861,95 (səkkiz min səkkiz yüz altmış bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 137,86 (bir yüz otuz yeddi manat 86 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdeh Zamin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan “Cavabdeh 5510,19 (beş min beş yüz on manat 19 qəpik) manat əsas, 2030,78 (iki min otuz manat 78 qəpik) manat faiz, 522 (beş yüz iyirmi iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına hesablanmış 798,98 (yeddi yüz doxsan səkkiz manat 98 qəpik) manat, ümumilikdə 8861,95 (səkkiz min səkkiz yüz altmış bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 137,86 (bir yüz otuz yeddi manat 86 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar