Məhkəmə qərarları › İş №2(104)-2000/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2000/2025

26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2000/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi. Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(045)-30/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 26 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “İnzibati tənbeh vermə haqqındda” TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur;

2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Range Rover” markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 34466 (otuz dörd min dörd yüz altmış altı) manat hesablanmışdır;

3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görüünr ki, iddiaçı tərəfindən qüsur aktının tərtib edilməsi üçün 500 (beş yüz) manat ödənilmişdir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 9/3447 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə adi halda 36646 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 26049 manat müəyyən edilmişdir.

5. Fotoşəkillərdən görünür ki, “Range Rover” minik markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilin sol arxa qapı, qanad, dayanma-durma işığı və təkər hissəsi zədələnmişdir;

6. “RİCH SERVİCE” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Range Rover” minik markalı, **-VS-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 10200 (on min iki yüz) manat müəyyən edilmişdir;

7. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta ödənişi aktından görünür ki, dəymiş zərərin məbləği 10200 (on min iki yüz) manat və sığorta ödənişinin məbləği isə 5000 (beş min) manat müəyyən olunmuşdur;

8. "xxxx" MMC tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, MB 18/0842 nömrəli qiymətləndirmə hesabatından görünür ki, 2015-ci il buraxılışlı “Range Rover” minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı xərclərin dəyəri (iş materiallarında olan “RİCH SERVİCE” tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli qüsur aktında göstərilən xidmətlər və ehtiyat hissələrinə münasibətdə) 9250 (doqquz min iki yüz əlli) manat müəyyən olunmuşdur. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat təşkil etmişdir;

9. "xxxx" ASC tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli, HD/HTŞ-60 nömrəli məktubdan görünür ki, dəymiş zərərin məbləği 10200 (on min iki yüz) manat və sığorta ödənişinin məbləği isə 5000 (beş min) manat müəyyən olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Land Rover markalı Range Rover modeli 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 34466 manat real ziyan, 500 manat çəkilmiş xərc, 5000 manat əldən çıxmış fayda olmaqla, cəmi 39966 manat və dövlət rüsumu olaraq ödənilmiş 210 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 04 yanvar 2024-cü il tarixdə saat 23:50-radələrində idarə etdiyi Mercedes Benz S320 CDİ minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticəsində ona məxsus Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil parklanmada dayandığı vəziyyətdə arxadan çırpılmış və nəticədə ona külli miqdarda ziyan dəymişdir. Cavabdeh əvvəlcə ziyanı tam ödəyəcəyni bildirsə də, sonradan pulunun olmadığını və ziyanı ödəməyəcəyini bildirmişdir. Range Rover modelli 10VS095 dövlət qeydiyyat nişanlı avtomobilə rəsmi servisdə baxış keçirilmiş, avtomobilin bərpası üçün 34466 manat tələb olunduğu müəyyən olunmuşdur. Hazırda mülkiyyətində olan avtomobili idarə etməkdən məhrum olmuş və kirayə avtomobil götürərək idarə etmək məcburiyyətində qalmışdır. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə İXM-in 327.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Range Rover minik markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyətlərini qohumu X3 vermişdir. Servisdə vurulmuş ziyana dair ilkin qiymətləndirmə aktı tərtib edilmiş və 500 manat onun tərəfindən ödənilmişdir. Həmçinin, qohumu tərəfindən ona avtomobilin idarə edilməsi üçün 1 ay üçün 5000 manat ödənilməli olduğu halda da o, həmin gəlirdən məhrum olmuşdur. Anarla aralarında şifahi razılıq olduğundan əldən çıxmış fayda məbləğinə dair yazılı sübutu məhkəməyə təqdim edə bilmir. Cavabdeh ona vurduğu zərər nəticəsində avtomobilsiz qalmışdır. Cavabdeh isə avtomobilin təmir edilməsindən tamamilə imtina etmişdir.

12. Goranboy Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(045)-30/2025 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 4250 (dörd min iki yüz əlli) manat vurulmuş maddi zərər, iddiaçı tərəfindən çəkilmiş 60 manat xərc və ödənilmiş 62,50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması; Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 88 manat hissəsi İddiaçı, 12 manat hissəsi isə Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) tutulması; "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli qiymətləndirmə xidmət haqqının dəyərini təşkil edən 300 manat vəsaitin 234 manat hissəsi İddiaçı, 66 manat hissəsi isə Cavabdeh "xxxx" MMC-nin hesabına (H/h: № AZ59AİİB********************; VÖEN: **********; "xxxx" ASC Yasamal filialı, Kod: 200037; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ0135001**********1944; S.W.İ.F.T BİK: AİİBAZ2X) tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097.1, 1108.1, 1115-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1,n 216-220, 227, 233 və 360-cı maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı iddia tələbinin təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş fotoşəkillərdən də aydın olur ki, ekspertiza rəyində göstərilən məbləğdən də çox ona zərər dəymişdir. "xxxx" MMC avtomobil markasının rəsmi distibyutoru və bu markanın ehtiyyat hissələrinin ölkədə satışını təşkil edən təşkilatdır. Bu təşkilat real bazar qiymətlərinin standartlarından xəbərdar olduğu üçün qeyd edilən təşkilatın rəyinin mötəbərliyi daha real vəziyyəti əks etdirir. Lakin məhkəmə bu xüsusatlara önəm verməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, avtobobili idarə edərkən telefona başı qarışmış və iddiaçının atomobilini arxadan vurmuşdur. Range Rover markalı, **-VS-*** dövlət qeydiyyat nömrəli avtomobilin buraxılış ili 2015-ci il olduğundan dəymiş ziyanın məbləği detalların alınması və usta haqqını da nəzərə alınaraq, təxminən 8000 manat təşkil edərdi. Hətta iddiaçı da hadisədən sonra ona zəng edərək demişdir ki, 10200 sığorta pul ayırıb. Sığorta şirkətinin təqdim etdiyi qüsur aktı ilə razılaşır. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hadisə baş verdikdən sonra sığorta şirkəti tərəfindən qüsur aktı alınmış və iddiaçıda həmin qüsur aktında göstərilən məbləğlə razılaşmışdır. İddiaçının təqdim etdiyi mütəxəsis rəyi sübut kimi qiymətləndirilə bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

29. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

30. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmaması hissədə mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 04 yanvar 2024cü il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində Mercedes Benz S320 CDİ minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirmiş və parklanmış vəziyyətdə dayanmış İddiaçı adına qeydiyyata alınmış Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdir. Hadisə nəticəsində Land Rover markalı avtomobilə zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra sğorta şitkətinin iştirakı ilə avtomobilə dəymiş zərərlə bağlı “RİCH SERVİCE” tərəfindən xx.xx.2024-cü il tarixli qüsur aktı alınmış və qüsur aktında zərərin məbləği 10200 manat qeyd olunmuşdur. Abbasov X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 11 yanvar 2024-cü il tarixli qərarla 40 manat inzibati qaydada cərimə edilmişdir. Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 5000 (beş min) manat sğorta ödənişi edilmiş, iddiaçı qalan məbləğin ödənilməsini cavabdehdən tələb etsədə sonuncu ödəniş etməkdən imtina etmişdir. Bu səbəbdəndə İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddianın təmin edilməməsi hissədə qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

35. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

36. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi, hadisənin baş verməsində təqsirnin olması,hadisə nəticəsində İddiaçı məxsus Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərər dəyməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasıdır.

37. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 9/3447 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Range Rover” minik markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə adi halda 36646 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 26049 manat təşkil edir.

38. Ekspertin istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ekspert rəyini nəzərə almamış, icraat zamanı "xxxx" MMC-nin verdiyi 14 iyul 2025-ci il tarixli, MB 18/0842 nömrəli qiymətləndirmə rəyini əsas götürmüşdür. Həmin rəydə isə 2015-ci il buraxılışlı Range Rover minik markalı, **-VS- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı xərclərin dəyəri (iş materiallarında olan “RİCH SERVİCE” tərəfindən tərtib edilmiş 09 yanvar 2024-cü il tarixli qüsur aktında göstərilən xidmətlər və ehtiyat hissələrinə münasibətdə) 9250 manat təşkil edir. "xxxx" MMC-nin istinad etdiyi “RİCH SERVİCE”-nin təqdim etdiyi qüsur aktı isə hadisədən sonra "xxxx" ASC-nin nümayəndəsinin iştirakı ilə baxış keçirilərək tərtib olunmuşdur. .

39. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği, ekspert tərəfindən (iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin tərtib etdiyi ehtiyat hissələri və görüləcək işlərin zəhmət haqqı nəzərə alınmaqla) adi halda 36646 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 26049 manat, "xxxx" MMC tərəfindən 9250 manat, “RİCH SERVİCE”-nin qüsur aktı ilə isə 10200 manat müəyyən edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsi "xxxx" MMC-nin qiymətləndirmə rəyini əsas götürərək iddianı dəymiş ziyanla bağlı hissədə 4250 manat (9250 manat ziyandan 5000 manat sğörta ödənişi çıxılmaqla) təmin etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin qiymətləndirmə rəyini əsas götürərək iddianı dəymiş ziyanla bağlı hissədə 4250 manat təmin etməkdə haqlı olmamışdır.

41. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi baş vermiş yol nəqliyyat hadisəsindən sonra Land Rover markalı Range Rover modeli **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən olunması üçün sğorta şirkəti tərəfindən qiymətləndirici dəvət olunmuş və “RİCH SERVİCE” tərəfindən avtomobilə baxış keçirilərək dəymiş zərərin məbləği ümumilikdə 10200 manat müəyyən edilərək (7750 manat ehtiyyat hissələrinin dəyəri, 2450 manat isə işçilik xərci nəzərə alınmaqla) ziyan aktı tərtib olunmuşdur. Kollegiya hesab edir ki, dəymiş ziyanın məbləği “RİCH SERVİCE” tərəfindən verilmiş qüsur aktı üzrə, yəni 10200 manat dəyərləndiriməlidir. Çünki ilkin olara verilmiş qüsur aktı istər iddiaçı, istər cavabdeh, eləcədə "xxxx" ASC tərəfindən mübahisələndirilməmiş və bundan sonrada İddiaçı 5000 manat sğorta ödənişi həyata keçirilmişdir. Deməli sonuncu ziyanın 10200 manat olması ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən işin yuxarıda şərh olunan bu halını nəzərə almamıdır.

42. Qeyd edilməlidir ki, Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən 21-ci maddəsində zərər anlayışının tərifi verilmişdir. Həmin tərifə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. "xxxx" ASC tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi edildiyindən, cavabdehdən 5200 manat alınıb iddiaçıya ödənilməlidir.

44. İddia tələbinin 500 manat çəkilmiş xərcin qismən təmin, 5000 manat əldən çıxmış faydanın isə təmin edilməməsi hissədə apellyasiya şikayətinin dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsas deyil.

45. Çünki iddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, qohumu tərəfindən ona avtomobilin idarə edilməsi üçün 1 ay üçün 5000 manat ödənilməli olduğu halda o, həmin gəlirdən məhrum olmuşdur. Lakin buna baxmayaraq qohumu Anarla bu razılıq şifahi qaydada olmuş və bu səbəbdən də əldən çıxmış fayda ilə bağlı yazılı sübutu məhkəməyə təqdim edə bilmir.

46. "xxxx" MMC tərəfindən göstərilən xidmətə görə 500 manat ödənilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin hissədə iddia qismən, yəni 60 manat təmin edilmiş, 440 manat hissədə isə təmin edilməmişdir. Cavabdeh təmin edilmiş hissədə qətnamədən apellyasiya şikayəti verməmişdir. 440 manatın təmin edilməməsinə münasibətdə kollegiya "xxxx" MMC-nin verdiyi qüsur aktını sübut kimi qəbul etmir. “RİCH SERVİCE” tərəfindən verilmiş qüsur aktı sübut kimi qəbul olunur. Belə olan təqdirdə cavabdehdən 440 manat alınıb iddiaçıya verilməsi də özlüyündə istisna olunur.

47. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qimən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 4250 manat alınaraq İddiaçı verilməsi hissədə dəyişdirilməli, həmin hissədə dəymiş ziyan məbləği 5200 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli 2(045)-30/2025 nömrəli qətnaməsi “Cavabdeh İddiaçı xeyrinə 4250 manat vurulmuş maddi zərərin tutulması” hissədə dəyişdirilsin. Həmin hissədə vurulmuş maddi zərərin məbləği 5200 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar