Məhkəmə qərarları › İş №2(104)-2001/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2001/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2001/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: nisyə satılmış əşyanın dəyərinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(076)-879/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. CD diskə əlavə edilmiş səs yazısı tədqiq edilərək müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ünvanladığı səs yazısında hazırda maddi imkanının zəif olması səbəbindən borcunu qaytara bilmədiyini, lakin borcunu ödəyəcəyini bildirmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1150 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Aralarında əvvəllər də kartof alqı-satqısı olub. Sonuncu dəfə 2023-cü ilin aprel ayında ondan nisyə kartof aparmışdır. Müəyyən müddət pulun bir hissəsini ödəmiş, lakin son 3-4 ay ərzində pulun qalan 1150 manat hissəsini ödəməmişdir. Dəfələrlə telefonla bu barədə məlumat verilməsinə baxmayaraq, pulu ödəyəcəyini, lakin hazırda pulu olmadığını bildirdi. Cavabdeh pulu verməməsi ilə bağlı Tovuz Rayon Polis Bölməsinə şikayət etmişdir. Bununla bağlı borclunun izahatı alınmış və ona mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Həmin kartofun nisyə alqı-satqı əsasında verilməyi ilə bağlı şahidlər də əgər ehtiyac olsa məhkəmə prosesində iştirak edə bilərlər.

4. Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(076)-879/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1 və 600.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mən iddia tələbinin əsaslığı məhkəməyə təqdim edilmiş şahid ifadəsi və səs yazısı ilə öz təsdiqini tapır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində 2023-cü ildə kartof yığılarkən onlara kömək etdiyini, həyətlərində cavabdehə nisyə kartof satılarkən iştirak etdiyini qeyd etmiş olsa da, məhkəmə qətnaməsində guya şahidin onların cavabdehə bazarda kartof satdığı barədə ifadə verdiyini qeyd etmişdir. Həmçinin, məhkəməyə cavabdehə məxsus səs yazısını da təqdim etmidir. Cavabdeh həmin səs yazısında ona borclu olduğunu, lakin maddi imkanı olmadığını bildirmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (arvadı) X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yaşadıqları evin həyətində kartof əkirlər. Cavabdehə üç tondan artıq nisyə kartof satmışlar. Cavabdeh aldığı malın dəyərinin bir hissəsini ödəmiş, lakin qalan 1150 manat borcunu verməmişdir. Dəfələrlə borcun ödənilməsini tələb etsələr də, lakin müsbət nəticə olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, CD diskdə olan səs yazısı ilə cavabdehin onlardan nisyə aldığı malın dəyərini ödəmədiyi sübut olunur. Cavabdeh onlara göndərdiyi səs yazısında maddi imkanı olmadığını, lakin borcunu qaytaracağını bildirir. Həmin səs yazısı cavabdehə mal satdıqları vaxtdan 3-4 ay sonra sonuncu tərəfindən onlara göndərilmişdir. Cavabdeh nisyə aldığı malın dəyərindən sonuncu dəfə 2023-cü ildə 900 manat pul vermişdir. Əgər cavabdehin imkanı yoxdursa, borcunu hissə-hissə ödəməsinə də razıdırlar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və nümayəndəsinin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

23. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 1150 manat pul alınıb İddiaçı verilməlidir.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 2023-cü ilin aprel ayında nisyə kartof satdığını, sonuncunun nisyə aldığı malın dəyərinin bir hissəsini ödədiyini, lakin qalıq 1150 borcu ödəmədiyini, dəfələrlə borcunu tələb etsə də, müsbət nəticə olmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Birinci instansiya məhkəməsi sübut yetərsizliyi əsası ilə iddia tələbini təmin etməmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla balı aşağıdkaıları qeyd edir.

32. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısı iddiaçı tərəfin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ünvanladığı səs yazısında hazırda maddi imkanının zəif olması səbəbindən borcunu qaytara bilmədiyini, lakin borcunu ödəyəcəyini bildirmişdir.

33. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı nisyə mal almış, lakin nisyə aldığı malın dəyərini ödəməmişdir.

34. Bundan əlavə, işdəki sənədlərdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışı zamanı Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş və poçt göndərişləri xəbərnaməyə imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Həmçinin, cavabdehə SMS xəbərdarlıq da göndərilərək hazırkı iddiaya məhkəmədə baxılması barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə etiraz bildirməmiş, habelə iş materiallarına əlavə edilmiş CD diskdəki səs yazısına qarşı hər hansı etiraz və ya tələb irəli sürməmişdir. Başqa sözlə, cavabdehin ona qarşı irəli sürülmüş iddianı təkzib edən hər hansı arqumenti olmamışdır.

35. İşin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları hərtərəfli, tam, obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

36. İşdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə 32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 2(076)-879/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 1150 (bir min bir yüz əlli) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 32 (otuz iki) manat, cəmi 1182 (bir min bir yüz səksən iki) manat vəsait alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar