Məhkəmə qərarları › İş №2(104)-2002/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2002/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2002/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; öhdəliyin icra edilməməsi; vicdanlılıq prinsipi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2(040)-827/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 13 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixi kredit müqaviləsindən görünür ki, sonuncuya 12 ay müddətinə qaytarmaq şərtilə 680 manat kredit verilmişdir;

2. Kreditor kredit evi QSC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə qaytarmaq şərtilə 3830 manat kredit verilmişdir.

3. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X1 HK1/2152 nömrəli material üzrə qəbul etdiyi 14 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsdiqlənməmiş surətindən oxunur ki, aparılan araşdırma zamanı Mingəçevir şəhəri Energetika küçəsi 25/5-də yaşayan İddiaçı 06 avqust 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edərək, iki il bundan əvvəl qazanc əldə etmək məqsədi ilə həmkəndlisi Qənbər adlı şəxsə 9000 manat pul və “Ford” markalı avtomobili kreditlə verməsi, lakin Qənbərin onu aldadaraq avtomobili başqa şəxsin adına keçirdiyini və ona vermiş olduğu vədə əməl etmədiyini bildirmiş və bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsində izahat vermiş, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı tanışı Cavabdeh ona qarşı dələduzluq etməsi faktının öz təsdiqini tapmadığı, araşdırma zamanı tərəflər arasında qarşılıqlı razılıq əsasında birlikdə iş qurmaq üçün yaranmış xüsusat mülki xarakterli məsələ kimi tövsif edildiyindən, mülki xarakterli məsələlərin məhkəmə orqanları səlahiyyətində olduğundan və toplanmış materialda cinayət tərkibi, inzibati xəta yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı mülki tələblə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Müraciət üzrə aparılan araşdırma zamanı Cavabdeh aşağıdakıları qeyd etmişdir: İddiaçı uzun müddətdir tanıyır. Təxminən iki il əvvəl Mingəçevir şəhərində ortaq tanışların toy məclisində olmuşdur. Həmin zaman Cəmilə əlində müəyyən məbləğdə pul olduğunu iş qurub pul qazanmaq istədiyini bildirmişdir. O da həmin zaman bildirmişdir ki, xırdavat məhsulları alıb-satıb qazanc əldə etmək olar. Cəmilə onun fikrini bəyənmişdir. O isə Cəmilədən nə qədər pulunun olmasını soruşduqda Cəmilə hazırda 4000 manat pulu olduğunu demiş, o da cavab olaraq hazırda Galaxy firmasında işlədiyini, işdən çıxıb avtomobil icarəyə götürüb birlikdə işləyə bilmələrini demiş, Cəmilə də onunla razılaşmışdır. Onlar ilkin olaraq Cəmilədən götürdükləri 4000 manat pulu Gəncə şəhərində ilkin ödəniş edərək ford markalı yük avtomobili almışlar. Aylıq da 630 manat pul ödəməli olmuşlar, ümumilikdə 19500 manat pula ford almışlar. Daha sonra hər ikisi lombarda qızıl qoyaraq 3800 manat pul götürmüşlər. Həmin pul ilə də məişət əşyaları almışlar. Daha sonra Cəmilə özünə məxsus bir ədəd boyunbağını satıb 600 manat, daha sonra 3-4 baş keçini satıb 500 manat pulu məişət əşyalarına qoymuşdur. O da əlavə 1200 manat pulu məişət əşyalarına verib alış-veriş etmişlər. Bundan sonra əldə edilən gəliri onlar avtomobil üçün verməli olduqları kreditə və qızıl üçün ödəməli olduqları kreditə ödəmişlər. Cəmilə onu aldatmışdır ki, Türkiyədən 30000 ABŞ dolları pul gətirəcəklər. O da həmin zaman rahat olmuşdur ki, məişət əşyaları alıb satıb qazanc götürəcəklər. Daha sonra pul gəlməmiş, əllərində olan malların pulunu kreditə ödəmişlər. Daha sonra avtomobilin sahibi pulunu istədiyi üçün o, avtomobili yenidən kreditə saldırıb avtomobilin sahibə 6500 manat pul ödəmişdir. Hal-hazırda avtomobil bankda zamindir. O, sürmək üçün etibarnamə ilə avtomobili idarə edir. O, Cəmiləyə qarşı dələduzluq etməmiş hal-hazırda həmin qızıllara görə kredit ödəyir. Həm də avtomobil üçün hər iki yerə kredit ödədiyi üçün qızılın kreditini ödəyə bilmir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 9000 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərində həmkəndlisinin xeyir işində olan zaman orada Qənbər adlı şəxslə tanış olmuş, həmin vaxt Qənbərlə söhbət zamanı Qənbərə iribuynuzlu heyvan alıb saxlayacağını demiş, bu zaman Qənbər ona heyvan almaqdansa özü ilə şərikli iş görməsini təklif etmişdir. Həmin ərəfədə onun 4000 manat pulu olmuşdur. Qənbərə iş haqqında gedib evdə danışmalarını demiş, Qənbərlə birlikdə həmkəndlisinin evindən çıxıb onun evinə gəlmişlər. Qənbərdən qurulacaq iş haqqında məlumat soruşanda Qənbər ona “Ford” markalı avtomobil alacağını və həmin avtomobillə Gəncə şəhərindən xırdavat əşyalar alıb gətirərək Mingəçevir şəhərində satacağını demişdir. Qəmbər həmin vaxt “Galaxy” adlı firmada işlədiyini demiş və işdən çıxıb bu işi birlikdə görəcəklərini bildirmişdir. O da Qənbərin verdiyi sözlərə inanmışdır. Bundan sonra 13 dekabr 2021-ci il tarixdə evdə olan 4000 manat pulu və özünə məxsus qızıl-zinət əşyalarını götürüb Qənbərlə birlikdə Gəncə şəhərinə getmişdir. Gəncə şəhərinə gəldikdən sonra ilk olaraq əl krediti (qarşılıqlı razılaşma ilə hissə-hissə ödəniş) ilə 19500 manata olan avtomobilə ilkin olaraq 4000 manat ödəniş etməklə “Ford” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar, 24 ay müddətinə aylıq 635 manat ödəmək şərtilə. Daha sonra onlar Gəncə şəhərində "xxxx" adlanan lombard ofisinə yaxınlaşaraq ona məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 3800 manat kredit götürmüşlər. "xxxx"-nə qoyduğu qızıl-zinət əşyaları - 2 ədəd qolbaq, 1 ədəd “sep” (boyunbağı), 1 ədəd boyunbağı, 1 cüt sırğa, 4 ədəd üzük, 1 ədəd komplekt üzükdən ibarətdir və ümumi çəkisi 68,40 qram olmuşdur. Bu zaman həmin kredit evinə Qənbər də özünə məxsus 2 ədəd üzük, 1 ədəd qolbaq və 1 ədəd sırğa girov qoymuş və onların ümumi çəkisi 8 qram olmuşdur. O, qızıl qoyub götürüdükləri həmin pulu da Qənbərə vermişdir. Bundan sonra Cavabdehlə birlikdə Gəncə şəhərindən məişət əşyaları almışlar. Eyni zamanda da Goranboy rayonu Goran qəsəbəsindən yenə əlavə məişət aşyaları alaraq birlikdə Mingəçevir şəhərinə gətirmiş və həmin məişət əşyalarını onun evinə boşaltmışlar. Daha sonra bacısı ona məxsus qızıl “sepi” göndərmişdir - qızıl “sep” 15,30 qram çəkidə olmuşdur; həmin “sepi” də girov qoyub yenə kredit götürməsi üçün cavabdehə vemişdir. Cavabdeh də həmin qızıl “sepi” götürərək Bərdə rayonuna getmiş və orada yerləşən lombardlardan birinə girov qoyaraq 630 (altı yüz otuz) manat məbləğdə krediti öz adına götürmüşdür. Cavabdeh qızıl-zinət əşyaları və keçilərin dəyəri olan 5000 manat pula məişət əşyaları alaraq satmış və həmin əşyaların satışından əldə olunmuş 8000 manat məbləğdə puldan ona heç bir ödəniş etməmişdir. Daha sonra Cavabdeh və onun qayını onun evində otağın birində yaşayaraq Mingəçevir şəhərində işləmişlər. İşlədikləri dövrdə həmin şəxslər ona ümumilikdə kommunal xərc olan 150 manat pul vermişlər. Daha sonra cavabdehin qaynı işdən çıxmış, başqa bir şəxs sürücü kimi işləmiş, lakin həmin sürücü onun evində qalmamışdır. Daha sonra Cavabdeh ona bildirmişdir ki, aldıqları avtomobili şirkətə verib və şirkət həmin krediti ödəyəcək, eyni zamanda aylıq ona 800 manat verəcək. O, hazırki vaxtadək Qənbərlə əlaqə saxlasa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan başqa, Cavabdeh ona məxsus 5 baş keçini Göyçay bazarında sataraq 500 manat pul əldə etmişdir. Ümumilikdə, Cavabdeh onun etibarından sui-istifadə edərək ona 9000 manat maddi ziyan vurmuşdur. O, dəfələrlə Cavabdeh ona vurmuş olduğu maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh ona dəymiş maddi ziyanı ödəməkdən imtina edir. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir, buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin əməlində cinayət tərkibinin əlamətləri vardır, barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində səhhəti pisləşmiş, dərin stres və əsəb keçirir.

6. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanışıdır. Cəmilənin Mingəçevir şəhərində mal-heyvan saxladığı ferma ilə onun sahibkarlıq fəaliyyəti göstərdiyi obyekt yaxın-yaxına yerləşirlər. Cavabdeh yaxından tanımır. Təxminən iki ay əvvəl İddiaçı, Cəmilənin qardaşı Məzahir və Qənbər söhbət edərkən Qənbərin Cəmiləyə 4500 manat borcu olduğunu etiraf etdiyini eşitmişdir.

7. Kəlbəcər Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2(040)-827/2025 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğdə pul vəsaiti tutulması; İddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, və 1096.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılan zaman iddiasının tam şəkildə əsaslı olmasına dair kifayət qədər sənədlər və sübutları məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə yalnız şahid ifadəsinə əsaslanaraq iddianı qismən təmin etmişdir. Belə ki, 13 dekabr 2021-ci il tarixdə evində olan 4000 manat pulu nağd şəkildə verməyini, “Ford” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 manat ilkin ödəniş etməyini, Gəncə şəhərində "xxxx" adlanan lombard ofisinə yaxınlaşaraq ona məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 3800 manat kredit götürməyini, Cavabdehlə birlikdə Gəncə şəhərindən məişət əşyaları almağını, eyni zamanda da Goranboy rayonu Goran qəsəbəsindən yenə əlavə məişət əşyaları alaraq birlikdə Mingəçevir şəhərinə gətirmişlər və həmin məişət əşyalarını onun evinə boşaltmışlar, bacısının 15.3 qram qızıl sepi Bərdə şəhərində Cavabdeh tərəfindən girov qoyularaq 630 manat kredit götürmüş, həmçinin cavabdeh 5000 manat məbləğdə pula məişət əşyaları alaraq satmış və həmin əşyaların satışından əldə olunmuş 8000 manat puldan ona heç bir ödəniş etməmişdir. Məhkəməyə müraciət etməzdən öncə Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinə də müraciət etmişdir. Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1/2239 nömrəli material üzrə qəbul etdiyi 21 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsdiqlənmiş surətindən görünür ki, iş üzrə araşdırma aparılmışdır, həmin araşdırmada da cavabdehin ona 9000 manat borcu olması öz təsdiqini tapmışdır. Eyni zamanda, onun cavabdehin dələduzluq hərəkətləri ilə bağlı “102 Xidməti”nə etdiyi müraciət əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK- 1/2152 nömrəli material üzrə qəbul etdiyi 14 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında da cavabdehin ona 9000 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehin etirafı və məhkəməyə təqdim olunan yazılı sübutlara baxmayaraq, məhkəmənin iddianı qismən təmin etməsi məhkəmənin qərəzli, birtərəfli mövqe tutmasına səbəbdir. Cavabdehin maddi zərərin qeyrimümkünlüyünü göstərən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəf işlə əlaqəli məhkəməyə heç bir sübut təqdim etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Əvvəlki məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onu aldadaraq qızıllarını lombarda girov qoymuşdur. Mal-qarasını satmış və pulunu da cavabdehə vermişdir. Cavabdeh ona demişdir ki, iş quracaqlar, ford alacaq, elektronik mallar alıb həmin fordla satacaq, qazancdan ona da verəcək. Cavabdeh və qaynı ford almışlar. O, cavabdehə 9000 manat pul vermiş, həmin puldan 4000 manat ilkin ödəniş vermişlər, qalan 5000 manata da elektronik mallar almışlar. Amma cavabdeh onu aldatmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehə ümumilikdə 9000 manat pul vermişdir ki, birgə iş qurub gəlir əldə etsinlər. Lakin, cavabdeh ona heç bir məbləğdə pul verməmişdir.

13. Hazırkı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onu aldatmışdır. Qızıllarını girov qoyub pul götürmüşdür. Bundan əlavə, özünə məxsus 5 baş keçini satıb əldə etdiyi gəlirlə birlikdə hamısını cavabdehə vermişdir. Ümumilikdə, cavabdehə 9000 manat pul vermişdir. Cavabdeh həmin pul vəsaiti hesabına 5000 manat dəyərində mal almış və 2-3 ay ərzində satmışdır. Ona da bildirmişdir ki, 8000 manatlıq xeyir əldə etmişlər. Lakin cavabdeh ona heç bir ödəniş etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlə aramızdakı razılaşmaya görə ortaya qoyulan pullar götürüləndən sonra əldə edilən qazanc bərabər paylara bölünməli idi. Lakin, cavabdehdən heç bir ödəniş almamışdır. Ona məxsus pul vəsaiti hesabına alınan yük avtomobili isə cavabdehin qohumunun adına rəsmiləşdirilib. Şərikli iş görmək üçün götürdükləri kredit borcunun aylıq ödənişləri də onun tərəfindən ödənilir. Ortaq işə əlavə 30000 ABŞ dolları sərmayə edəcəyi barədə cavabdehə söz verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 9000 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında ortaq iş qurmaqdan irəli gələn münasibətlər yaranmışdır. Bu məqsədlə İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul vəsaiti verilmiş; daha sonra iddiaçı bankdan 3830 manat kredit götürərək həmin vəsaiti cavabdehə vermiş, habelə iddiaçı özünə məxsus bir ədəd boyunbağını satıb 680 manat, daha sonra 3-4 baş keçisini satıb 500 manat pulu da cavabdehə vermişdir. Beləliklə, ortaq iş qurub gəlir əldə etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9010 manat pul vəsaiti verilmişdir. İddiaçı cavabdehlə qurduqları işdən ona hər hansı məbləğdə pul ödənilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

34. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarındakı hüquqi mövqe).

35. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Nəticədə isə, məhkəmə mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir; belə ki, işin faktiki halları Mülki Məcəllənin maddi ziyanın əvəzinin ödənilməsi, habelə mülki hüquq pozuntusuna görə məsuliyyətdən bəhs dən 21 və 1096-cı maddələrinin dispozisiya şərtlərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni yanlış olaraq maddi ziyan kimi qiymətləndirmişdir.

36. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

37. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. İddianın əsaslılığına münasibətdə isə kollegiya vurğulayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

39. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçı tərəfindən cavabdehə ödənilmiş pulun ondan tutularaq iddiaçıya qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

40. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında qanunvericilikdə nəzərdə tutulmayan müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırkı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış şifahi əqddən irəli gəlir.

42. Belə ki, işin mübahisəsiz halına görə, tərəflər arasında ortaq iş qurmaqdan irəli gələn münasibətlər yaranmışdır. Tərəflər arasındakı razılaşmaya görə ortaq iş qurmaq üçün iddiaçı tərəfindən sərmayə qoyulan pullar götürüləndən sonra əldə edilən qazanc bərabər paylara bölünməli idi.

43. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, ortaq iş qurub gəlir əldə etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə pul vəsaiti verilmişdir.

44. Belə ki, İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən polis şöbəsi araşdırmanı yekunlaşdıraraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

45. Cavabdeh müraciət üzrə aparılan araşdırma zamanı verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı uzun müddətdir tanıyır. Təxminən iki il əvvəl Mingəçevir şəhərində ortaq tanışların toy məclisində olmuşdur. Həmin zaman Cəmilə əlində müəyyən məbləğdə pul olduğunu iş qurub pul qazanmaq istədiyini bildirmişdir. O da həmin zaman bildirmişdir ki, xırdavat məhsulları alıb-satıb qazanc əldə etmək olar. Cəmilə onun fikrini bəyənmişdir. O isə Cəmilədən nə qədər pulunun olmasını soruşduqda Cəmilə hazırda 4000 manat pulu olduğunu demiş, o da cavab olaraq hazırda Galaxy firmasında işlədiyini, işdən çıxıb avtomobil icarəyə götürüb birlikdə işləyə bilmələrini demiş, Cəmilə də onunla razılaşmışdır. Onlar ilkin olaraq Cəmilədən götürdükləri 4000 manat pulu Gəncə şəhərində ilkin ödəniş edərək ford markalı yük avtomobili almışlar. Aylıq da 630 manat pul ödəməli olmuşlar, ümumilikdə 19500 manat pula ford almışlar. Daha sonra hər ikisi lombarda qızıl qoyaraq 3800 manat pul götürmüşlər. Həmin pul ilə də məişət əşyaları almışlar. Daha sonra Cəmilə özünə məxsus bir ədəd boyunbağını satıb 600 manat, daha sonra 3-4 baş keçini satıb 500 manat pulu məişət əşyalarına qoymuşdur. O da əlavə 1200 manat pulu məişət əşyalarına verib alış-veriş etmişlər. Bundan sonra əldə edilən gəliri onlar avtomobil üçün verməli olduqları kreditə və qızıl üçün ödəməli olduqları kreditə ödəmişlər. Cəmilə onu aldatmışdır ki, Türkiyədən 30000 ABŞ dolları pul gətirəcəklər. O da həmin zaman rahat olmuşdur ki, məişət əşyaları alıb satıb qazanc götürəcəklər. Daha sonra pul gəlməmiş, əllərində olan malların pulunu kreditə ödəmişlər. Daha sonra avtomobilin sahibi pulunu istədiyi üçün o, avtomobili yenidən kreditə saldırıb avtomobilin sahibə 6500 manat pul ödəmişdir. Hal-hazırda avtomobil bankda zamindir. O, sürmək üçün etibarnamə ilə avtomobili idarə edir. O, Cəmiləyə qarşı dələduzluq etməmiş hal-hazırda həmin qızıllara görə kredit ödəyir. Həm də avtomobil üçün hər iki yerə kredit ödədiyi üçün qızılın kreditini ödəyə bilmir.

46. Beləliklə, işin halları əsasında müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul vəsaiti verilmiş; daha sonra iddiaçı bankdan 3830 manat kredit götürərək həmin vəsaiti cavabdehə vermiş, habelə iddiaçı özünə məxsus bir ədəd boyunbağını satıb 680 manat, daha sonra 3-4 baş keçisini satıb 500 manat pulu da cavabdehə vermişdir. Bir sözlə, iddiaçı ortaq iş qurub gəlir əldə etmək məqsədilə cavabdehə ümumilikdə 9010 manat pul vəsaiti vermişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 9000 manat vəsait tələb etmişdir. Mülki prosessual qanunvericiliyə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3). Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Ona görə də iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaiti 9000 manat məbləğdə qəbul edilməlidir.

47. Nəzərə almaq lazımdır ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqe).

48. Kollegiya tərəflər arasındakı öhdəlik münasibətləri üzrə cavabdehin hərəkətlərini vicdanlılıq prinsipinə zidd qiymətləndirir və belə qənaətə gəlir ki, cavabdehin öz üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində iddiaçı 9000 manat vəsaitindən məhrum olmuşdur; belə ki, ortaq təsərrüfat qurulması üçün iddiaçı tərəfindən 9000 manat sərmayə qoyulsa da, lakin tərəflərin arasındakı razılaşmanın şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən sərmayə qoyulan pullar əldə edilmiş qazanc hesabına ona ödənilməmiş, ümumiyyətlə gəlir qismində iddiaçıya hər hansı məbləğdə vəsait ödənilməmişdir. Nəticə etibarı ilə iddiaçı cavabdehə verdiyi pul vəsaitindən də məhrum olmuşdur. Cavabdeh polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında iddiaçının ortaq işə əlavə 30000 ABŞ dolları sərmayə edəcəyi barədə öhdəlik götürdüyünü, lakin öhdəliyini icra etmədiyini bildirsə də, lakin iddiaçının həqiqətən də üzərinə belə bir öhdəlik götürməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu xüsusatın araşdırılması məqsədilə sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq İddiaçı da cavabdeh qarşısında belə bir öhdəlik götürmədiyini bildirmişdir. Eyni zamanda, ortaq təsərrüfat qurulması ilə əlaqədar tərəflər Ford markalı yük avtomobili alsalar da (hansı ki həmin avtomobilin ilkin ödənişi üçün 4000 manat iddiaçı tərəfindən verilmişdir), lakin həmin avtomobil də iddiaçının adına qeydə alınmamış, avtomobil əvvəllər cavabdehin sahiblik və istifadəsində olmuşdur. Cavabdeh polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında ortaq təsərrüfat qurulması üçün kredit vəsaitinin aylıq ödənişlərinin onun tərəfindən ödənildiyini bildirsə də, lakin kredit müqaviləsi üzrə borclu Cavabdeh deyil də, İddiaçıdır və cavabdeh kredit ödənişlərinin onun tərəfindən icra edilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı 9000 manat vəsaitin ona ödənilməsini tələb etməkdə haqlıdır və həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 9000 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən 4500 manat tutulması qət edilmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirdiyindən hazırkı apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayəti üzrə iddia tələbinin təmin edilməmiş hissəsi, yəni 4500 manat hissə təşkil etmişdir. Ona görə də, mübahisələndirilmiş hissədə, iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli 2(040)-827/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 9000 (doqquz min) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar