Məhkəmə qərarları › İş №2(104)-2004/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2004/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2004/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1746/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1746/2024 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) İddiaçı Cavabdeh qarşı xx.xx.2008-ci ildə anadan olmuş Nurlan, xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)- 672/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Ağdam Rayon Məhkəməsinin 2(013)- 1746/2024 saylı, xx.xx.2024-cü tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci ildə anadan olmuş Nurlan, xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)- 2801/2018 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı iki övladları onun himayəsində saxlanılmışdır. Övladlarının saxlanılmasına görə hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə cəmi 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Bundan sonra Ağdam Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(013)- 672/2019 saylı qətnaməsi ilə təyin olunmuş aliment Cavabdeh əmək haqqısı və digər gəlirlərinin 1/3 hissəsində təyin edilmişdir. Hər ay cəmi bu günə qədər ona 40 manat aliment ödənişi olunurdu. Bununla o, uşaqları çətinliklə böyüdür. Övladının bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Övladları böyüdüyü üçün onların gündəlik ehtiyaclarını və tələbatlarını ödəyə bilmir. Maddi imkanım çox pisdir. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfındən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanılmasına, onların tələbatlarının ödənilməsinə çatmır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci insatansiya məhkəməsinin qəbuletdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Yaşayış minimumu haqqında Qanunda edilmiş dəyişikliyə əsasən 2024-cü il üzrə bir uşağın saxlanması xərci minimum 235 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcələnin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan halların və faktların sübuta ehtiyacı olmadığından, hesab edir ki, hazırki qətnamə ləğv edilməli və apellyasiya şikayəti təmin olunmalıdır. Nəzərə alınsa ki, bir uşağın saxlanması üçün “minimum” 235 manat müəyyən edilmişdir, onda birgə nikahlarından olan uşağın saxlanması üçün cəmi 40 manat alimentin tutulması barədə qətnamə ləğv edilməlidir. Aliment uşağın qidalanması, sağlam böyüməsi, mənəvi və psixi inkişafının normal formalaşması üçün tutulur. Ay ərzində cəmi 40 manat alimentin tutulması gülüncdür. Hesab edir ki, sözügedən qətnamənin ləğv edilməməsi, mənfi tendensiyaya səbəb ola bilər və mənfi məhkəmə praktikasının formalaşmasına səbəb ola bilər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsinə dair izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiuaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)- 2801/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2008-ci ildə Ağdam RİHB-nın Mərzili ərazi nümayəndəliyində 22 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların anası İddiaçı himayəsində saxlanması, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(013)-2801/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi, dəyişdirilmiş alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 09 aprel 2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. İşdə olan Əlillik haqqında arayışdan görünür ki, Cavabdeh “Oliqoreniyanın debillik dərəcəsi, doğuş travmasından sonra” diaqnozu ilə müddətsiz ikinci qrup əlil və əmək qabiliyyətsiz kimi 220 manat pensiya alır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(013)- 2801/2018 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı iki övladları onun himayəsində saxlanılmışdır. Övladlarının saxlanılmasına görə hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə cəmi 200 manat sabit pul məbləğində alimentn təyin edilmiş, bundan sonra Ağdam Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(013)-672/2019 saylı qətnaməsi ilə təyin olunmuş aliment Cavabdeh əmək haqqısı və digər gəlirlərinin 1/3 hissəsində təyin edilmişdir. Cavabdeh təxminən 40 manat təşkil edən aliment məbləğindən başqa uşaqlarının saxlanması üçün iddiaçıya heç bir köməklik göstərmir. Cavabdeh tərəfındən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanılmasına, onların tələbatlarının ödənilməsinə çatmır. Hazırda iddiaçı təyin olunmuş alimentin miqdarının uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək artırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(013)- 2801/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək ondan xx.xx.2008-ci ildə anadan olmuş Nurlan və xx.xx.2010-cu ildə anadan olmuş Cəmil adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin vaxtdan Cavabdeh əmək qabiliyyətsiz olmaqla uşaqlıqdan ikinci qrup əlil olmuş və hər ay 61 manat pensiya almışdır. Cavabdeh hazırda “oliqofreniyanın debillik dərəcəsi, doğuş travmasından sonra” diaqnozu ilə müddətsiz ikinci qrup əlil və əmək qabiliyyətsiz kimi 220 manat pensiya alır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)- 672/2019 saylı qətnaməsi qəbul olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olması, onun qazancının qeyri-müntəzəm, dəyişən olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə olan halda Cavabdeh uşaqlarının saxlanması üçün aliment Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsinə əsasən tutulmalıdır. Həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün müəyyən edilmiş cavabdehin qazancının 1/3 hissəsi (təxminən hər ay cəmi 40 manat), uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onların saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaqlar da böyüməklə onların tələbatı artmışdır. Uşaların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün alimentin məbləği məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin vaxtdan sonra dolanışıq minimumu artmışdır. Digər tərəfdən məhkəmə tərəfindən tutulması qət edilmiş alimentin miqdarı Respublika üzrə uşaqların saxlanması üçün müəyyən edilmiş dolanışıq minimumundan aşağıdır. Kollegiya hesab edir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq bir uşağın saxlanması üçün tutulan alimentin hər ay bir uşağa görə 110 manat cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməsi daha məqsədəuyğundur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, hər iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 110 manat, cəmi 220 (iki yüz iyirmi) manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)–1746/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. xx.xx.2008-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(013)-672/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 110 (bir yüz on) manat, cəmi 220 manat miqdarında müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 50 manat mediasiya xərcinin əvəzi alınıb İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar