Məhkəmə qərarları › İş №2(104)-2005/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2005/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2005/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Surəti Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 130 manat alimentin miqdarını artıraraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev ) iddia qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş Aidə və xx.xx.2016-cı ildə anadan olmuş Tuncay adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, dəyişdirilmiş alimentin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 31 iyul 2024-cü il tarixli 2(013)- 1244/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması və S.Y.İbrahimovanın iddiasının qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, uşaqların gələcəyi, təlib-tərbiyəsi, sosial durumu hər zaman diqqət mərkəzində olmalıdır və tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır. Lakin, məhkəmə həmin halları və 2024-cü ilin yanvar ayının 1-dən bir uşağın saxlanılması üçün hər ay 235 manat aliment müəyyən edilməli olmasını nəzərə almamışdır. İddiaçı X4 və Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(013)-1244/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etsə də, əslində iddianın təmin edilməyən hisəsinin mübahisələndirmişdir. Qətnamənin digər hissələri, yənin iddianın təmin olunan hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş Aidə və xx.xx.2016-cı ildə anadan olmuş Tuncay adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. İş materialları ilə müəyyən edildi ki, iddiaçı X4 ilə Cavabdeh 12 mart 2013-cü ildə rəsmi nikah münasibətinə daxil olmaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 saylı qətnaməsi ilə, onların aralarında olan nikah qeydi pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış və xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş Aidə və xx.xx.2016-cı ildə anadan olmuş Tuncay adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq X3 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay hər uşağa görə 160 manat, ikim uşağa görə isə, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Ona görə də, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-645/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2014-cü ildə anadan olmuş Aidə və xx.xx.2016-cı ildə anadan olmuş Tuncay adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi, dəyişdirilmiş alimentin tutulmasının Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 31 iyul 2024-cü il tarixli 2(013)- 1244/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması və Səidə İbrahimovanın iddiasının qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iddianın qallan hissədə rədd edilməsi nəticəsi ilə razılaşır. Belə ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay bir uşağa görə 160 ( yüz altmış ) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Aidə 10 və Tuncay 8 yaşında olmaqla, analarının yanında yaşayır və böyüdükcə onların təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız sayaraq, qeyd edir ki, o, həm iddia ərizəsinə, həm apellyasiya şikayətində cavabdehin yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü əlavə etməmişdir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1244/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar