Məhkəmə qərarları › İş №2(104)-2006/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2006/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2006/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-866/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-866/2024 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) İddiaçı Cavabdeh qarşı 1500 (bir min beş yüz) manat tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(013)-866/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə, iclas protokoluna əlavə olunmuş audio-videonun izlənilərək cavabdehin etirafının dinlənilməsinə və bunun əsasında da iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Laçın rayonundan olan məcburi köçkün kimi ailə üzvlərilə birlikdə Bərdə şəhərinin Bakı küçəsində yerləşən X5 və İdarəetmə Kollecinin yataqxanasında məskunlaşıb yaşayırlar. Cavabdeh X3 da həmin Kollecin digər yataqxanasında - onalrın ailəsinin məskunlaşdığı yataqxana binasından bir neçə yüz metr aralıda yerləşən digər yataqxanada məskunlaşıbdır. Odur ki, uzun illərdir bir-birilərini tanıyır, aralarında həmişə yaxşı münasibət və bir-birilə inam və etibar olmuşdur. Şəfıqə Abdullayeva ehtiyacı olduqda əvvəllər də ondən müxtəlif məbləğdə-100, 200, 300, bəzən isə 500 manat pulu qısa müddətli borc alıb, həmişə də qaytarmışdır. Aldığı borcları qaytarması ilə əlaqədar aralarında heç bir problem yaranmamışdır. Sonuncu dəfə təxminən 1 il 6 ay bundan əvvəl, yəni 2021-ci ilin noyabr ayında Şəfıqə Abdullayeva ondan 1500 manat pulu 3 ay müddətində hissə-hissə qaytaracağını vəd etməklə borc almışdır. Yuxarıda qeyd edilən kimi bir-birini uzun illərdən bəri tanıdıqlarına, bir-birilərinə hörmət, inam, etibar olduğuna və əvvəllər aldığı borcları qaytarması ilə əlaqədar problemləri olmadığına görə o cavabdehə həmin borcu verərkən ondan hər hansı bir yazılı qəbz, yaxud iltizam almamış, borca görə girov qoymasını istəməmiş, aralarında yazılı formada hər hansı bir sənəd-akt tərtib edilməyib. Şəfıqə Abdullayeva borc aldığı 1500 manatı vəd etdiyi vaxtda qaytarmadı, hətta 1-2 ay daha gözləmiş, yenə də o borcu qaytarmamışdır. Ancaq borcunu qaytarmaqdan imtina etmədiyini də bildirirdi və vəd verirdi ki, maddi çətinliyi var, gözləsin. 2022-ci ilin təxminən iyun-iyul aylarında X2 vəfat etdi. Odur ki, bir müddət ondan pulu qaytarmasını istəməmişdir. 2022-ci ilin payız və qış aylarında ondan bir neçə dəfə xahiş etmişdir ki, pulum qaytarsın. O, isə yenə də hər dəfə vəd edirdi ki, bir az da gözləsin. 2023-cü ilin fevral ayında Şəfıqə Abdullayeva onun həyat yoldaşı X1 yas mərasiminə gəlmişdir. Yas mərasimində özü demişdir ki, narahat olma, Kollecin həyətindəki qarajı söküb satdıracaq və borcu verəcəkdir. Ancaq yenə də borcunu qaytarmamışdır. Sonuncu dəfə bir neçə gün bundan əvvəl Cavabdeh borcunu qaytarmasını xahiş etmiş, özünün də pula ehtiyacı olduğunu, maddi çətinlik içərisində olduğunu bildirmişdir. Şəfıqə Abdullayeva isə gözləmədiyi halda ona “get hara istəyirsən şikayət elə, vermirəm, nə vaxt pulum olsa onda verəcəyəm”. O artıq tam əmindir ki, Şəfıqə Abdullayeva ondan borc aldığı 1500 manatı könüllü olaraq qaytarmaq istəmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir, bu müraciətini əsaslı olmaqdan başqa həm də qanuni hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərərzliliyə yol verilmiş, mötəbər subütlara və faktlara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsi qətnamə çıxararkən cavabdehlərin öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli olmasına və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olması normasına əhəmiyyət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın əsaslı olduğu üçün təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etd. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 1500 manat borc verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmiş, birinci instansiya məhkəməsində iştirak etmiş cavabdeh iddiaçıdan borc pul aldığını etiraf etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin iddiaçıya 1500 manat məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında borc müqaviləsi bağlanmamış, iddiaçı cavabdehin ona 1500 manat məbləğində borclarının olmasını iddia etsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı həmin istinad etdiyi halları təsdiq edən sübutlarını apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərərzliliyə yol verilmiş, mötəbər subütlara və faktlara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə cavabdehlərin ona 1500 manat borlu olmalırını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-866/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-866/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar