Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2008/2025 22.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyan; mənəvi zərər; sübut yetərsizliyi; məhkəmə xərclərinin bölüşdürülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X6 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(076)-2320/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellaysiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2021-ci il tarixli 2(104)-1318/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, İddiaçı mərhum anası Zəhrə Süleymanovadan qalmış mirası qəbul etməsi müəyyən edilmiş, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən vərəslik üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilmişdir;
2. Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli 2(076)-2238/2022 nömrəli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan manenin aradan qaldırılması barədə qətnamə çıxarılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona dəymiş 44,200 manat maddi, 3000 manat isə mənəvi zərərin və 231,60 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2009-cu il tarixli 299 saylı arxiv arayışı iləə müəyyənn olunur ki, mərhum X2na ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş vvə bu barədə xx.xx.2013-cü il tarixli A 429479 saylı “X12 və Ölçüsü” tərtib edilmişdir. X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra Cavabdeh və qeyrilərinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma, mirasdan payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 2251/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(104)-1381/2021-ci il tarixli qətnaməsi ilə apallyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2251/2020 saylı qətnaməsi qismən, yəni iddianın məhrum X2ndan miras qalmış ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsindən payına düşən hissəni faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsəliyin müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın həmin hissədə təmin edilməsi, onun mərhim X2ndan qalmış mirasın qəbul etməsi, X1 miras qalmış ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsinə vərəsəlik üzrə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 1318/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5375/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1318/2021 nömrəli, 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə qalan qətnaməsi əsasında 22 aprel 2022-ci il tarixli icra vərəqəsi verilmiş və icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən müxtəlif bəhanələr və maneələr səbəbindən ümumi mülkiyyətdə olan öz payına düşən hissədən istifadə edə bilmir. Cavabdeh hətta vərəsəlik qaydasında hüququ tanınmış torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir və bu maneələrin aradan qaldırılması tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(076)-2238/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Bundan başqa Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə də məhkəməyə müraciət etmişdir. Ümumi mülkiyyətdə olan torpaq sahəsində X2 vəfat etməmişdən əvvəl, yəni 1988-ci ildə onun və ərinin vəsaiti hesabına ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində 30000 mabat xərc çəkilərək istilikxana tikmişlər. Buna baxmayaraq 1997-ci ildə Cavabdeh tərəfindən oğlunun ehtiyaclarını ödəmək üçün istilikxana məlumatları olmadan satılmışdır. Cavabdehin onun məxsus mülkü üzrə etdiyi qanunsuz hərəkətlərlə bağlı maddi və mənəvi zərər aşağıdakılardan ibarət olmuşdur: ödənilmiş hüquqi xidmətlər, eyni zamanda təyin edilmiş ekspertiza xərcləri, həmçinin iddia ərizələrinin qaldırılması üçün ödənilmiş dövlət rüsumları üzrə 2018-ci ildən hazırki vaxta qədər ümumi olaraq – 1.500 (bir min beş yüz) manat zərər; ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsində tikilmiş istilikxananın ümumi dəyəri – 30.000 (otuz min) manat maddi zərər; mübahisəli mülklə bağlı səhhətində keçirdiyi narahatlıqlar, müalicələr və xəstəxana xərcləri – ümumi dəyəri – 2.700 (iki min yeddi yüz) manat maddi zərər; cavabdehin etdiyi qanunsuz hərəkətlər nəticəsində çəkdiyi mənəvi əzab və iztirablar, gərginlik, əsəb, ciddi psixoloji narahatlıqlara görə ümumi dəyəri – 3.000 (üç min) manat mənəvi zərər; mülkiyyətində olan əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə çəkdiyi maddi zərər, başqa yaşayış yerlərinə möhtac olaraq xərclədiyi ödənişlər və mülkündən əlindən çıxmış fayda və gəlirlərinlə bağlı zərər görə ümumi dəyəri – 10.000 (on min) manat maddi zərər. Cavabdehlə ümumi paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi Şəmkir şəhərində ona məxsus hər hansı bir biznes xarakterli fəaliyyət üçün də çox əlverişlidir. Cavabdeh ona məxsus torpaq sahəsindən də illərdir hərtərəfli istifadə və idarə edərək gəlir götürür, hətta özbaşına torpaqda təsərrüfat işləri və başqa şəxslərin yaşamasına icazə verir, bununla da qanunla qorunan mülkiyyət hüququnu pozur. Cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində ümumilikdə ona 44,200 manat maddi, 3000 manat isə mənəvi zərər dəymişdir. Həmin məbləğ və 231,60 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir.
5. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, vərəsəlik qaydasında iddiaçının payına düşən torpaqdan istifadəsinə mane yaratmamışdır. İstilikxana anasının vəsaiti hesabına tikilmiş və 1999-cu ildə də anası tərəfindən satılmışdır.
6. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(076)-2320/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanla bağlı hissəsini rədd edərkən onunla əsaslandırmışdır ki, iddiaçı maddi ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində dəyməsi barədə heç bir sənəd və ya digər hüquqi əhəmiyyətli sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin gəlmiş olduğu bu qənaətlə razılaşmır, ona görə ki, tələbinin əsasklı olması barədə məhkəməyə sübut təqdim etmiş, o cümlədən qanuni qüvvəsini almış məhkəmə qətnamələri var. Belə ki, aralarında olan məhkəmə çəkişmələri nəticəsində onun tərəfindən hüquqi xidmətə görə, eyni zamanda təyin edilmiş ekspertiza xərcləri, həmçinin iddia ərizələrinin qaldırılması üçün ödənilmiş dövlət rüsumları barədə qəbzlər, mübahisəli mülklə bağlı səhhətində keçirdiyi narahatlıqlar, müalicələr və xəstəxana xərcləri ilə bağlı tibbi sənədlər, arxiv arayışı və sair sübutlar təqdim etmişdir. Eyni zamanda istilikxananın əvvəllər mövcud olması barədə məhkəməyə sübut təqdim edilmiş və sökülüb satılması faktı da təstiqini tapmışdır. Bundan başqa qeyd edilən və işə əlavə edilən məhkəmə sənədlərindən, icra idarəsi tərəfindən verilən arayışdan da görünür ki, uzun müddətdir ki, mülkiyyətindən istifadə edə bilmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə etiraz vermişdir. Etiraz iddia ərizəsinə verilən etirazla eyni məzmunludur.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə2 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nənəsinin 2016-cı ildə vəfatından sonra, yəni 2018-ci ildən etibarən miras mülklə bağlı məhkəmə prosesləri başlamış və cavabdeh onun anasının miras mülkdən istifadəsinə qərəzli manelər törətmişdir. Atası Rusiya Federasiyasında yaşamışdır. Həmin ölkədən gəlib öz vəsaiti hesabına mübahisəsi gedən torpaqda 30000 manat xərc çəkərək istilikxana quraşdırmışdır. Lakin cavabdeh həmin istilikxananı söküb satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində anası maddi və mənəvi zərər çəkmiş, hətta ürək əməliyyatı keçirtmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının özü və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi vastəsilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 18 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər bacıdırlar. Onların X2na ünvan 1 ünvanında yerləşən 1112 kv.m həyətyanı torpaq sahəsi verilmiş, bu barədə onun adına xx.xx.2013-cü il tarixli A 429479 saylı X12 və ölçüsü adlı sənəd tərtib edilmişdir. Həmin torpaq sahəsində 1988-ci ildə istilikxana quraşdırılmış, daha sonra isə istilikxana satılmışdır. Tərəflərin X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri olan uşaqları analarından miras qalmış torpaq sahəsini vərəsəlik qaydasından qəbul etmişlər və oların hər birinin miras mülk üzərində ½ hissə payları müəyyən edilmişdir. İddiaçı cavabdhein hüquqazidd hərəkətləri nəticsində madddi və mənəvi ziyana məruz qaldığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. İlk öncə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı yönələn tələbi 4 hissədən ibarətdir: 1) 2018-ci ildən hazırkı vaxta qədər cavabdehlə aralarında olmuş müxtəlif məhkəmə mübahisələri üzrə aldığı hüquqi yardıma görə ödədiyi vəsaitin, həmin işlərə baxılarkən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri, iddia ərizələrinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzinin qaytarılması; 2) mübahisəli torpaq sahəsində əvvəllər quraşdırılmış istixananın dəyəri; 3) həmin əmlakla bağlı keçirdiyi mənəvi iztirablar nəticəsində ona dəyən mənəvi zərərin əvəzinin ödənilməsi; 4) əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə məruz qaldığı xərclərin əvəzi və əldən çıxmış fayda.
30. Kollegiyanın qənaətinə görə, iddiaçının tələbləri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.
31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.
32. Bu kontekstdə nəzərə alınmalıdır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
33. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
34. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
35. İddiaçının məhkəmə mübahisələri ilə bağlı çəkdiyi xərcin cavabdehdən tutulmasına münasibətdə kollegiya qeyd edir ki, MPM-nin 107-ci maddəsində məhkəmə xərclərinin tərkibi müəyyən edilmişdir. Həmin maddəyə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla belə, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələ birbaşa maddi ziyan tələbinə dair iddia müstəvisində deyil, həmin işlərə baxılarkən məhkəmə xərclərinin bölgüsü çərçivəsində həll edilə biləcək məsələdir. Odur ki, məhkəmə icraatı zamanı çəkilən xərclər heç bir halda mülki hüquq pozuntusu (delikt) məsuliyyəti yaranmasının əsası kimi qiymətləndirilə bilməz və iddiaçı həmin xərclərin onu maddi ziyana məruz qoyduğunu iddia edərək bu xərcin əvəzini cavabdehdən tələb etməkdə haqlı deyildir.
36. Mübahisəli torpaq sahəsində əvvəllər quraşdırılmış istixananın dəyərinin ödənilməsi barədə iddiaçının tələbi də kollegiya tərəfindən əsassız sayılmışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, əvvəlcə məhkəmə baxılan iş üzrə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü, qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğunu iddia edənin (iddiaçının) üzərinə düşür.
37. Mübahisə predmeti olan torpaq sahəsində 1988-ci ildə istixana quraşdırılması, daha sonra isə istixananın satılması işin mübahisəsiz hallarıdır. Belə ki, cavabdeh tərəf də birinci instansiya məhkəməsində icraat zamanı verdiyi iddiaya etiraz ərizəsində həmin istixananın mövcud olduğunu, daha sonra isə satıldığını qeyd etmişdir.
38. İşin mübahisə doğuran tərəfi həmin istilikxananın iddiaçı tərəfin vəsaiti hesabına inşa edilib-edilməməsidir. Çünki, iddiaçı həmin istixananın onun və ərinin vəsaiti hesabına quraşdırıldığını, istilikxananın cavabdeh tərəfindən satılması nəticəsində də maddi ziyana məruz qaldığını iddia edir; cavabdeh tərəf isə buna etiraz edərək istilikxananın mərhum anası tərəfindən inşa olunduğunu və sağlığında da sonuncunun özü tərəfindən satıldığını bildirir.
39. Sübutetmə yükünün bölgüsü baxımından qeyd edilməlidir ki, istilikxananın iddiaçı və ərinin vəsaiti hesabına inşa edilməsi barədə iddiaçı tərəfindən irəli sürülən iddianı sübut etmə öhdəliyi MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Kollegiyanın qənaətinə görə, iddiaçı istilikxananın onun və ərinin vəsaiti hesabına inşa edildiyini iddia etsədə, lakin bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmişdir. Yəni istilikxananın onun və ərini vəsaiti hesabına inşa edilməsi barədə iddiasını sübuta yetirə bilməmişdir.
43. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddiaçının tələbini də kollegiya əsassız sayır; ona görə ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının Plenum qeyd etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
44. İddiaçı mübahisəli əmlakla bağlı mənəvi iztirablar keçirdiyini iddia etmiş və özünə aid həkim müayinə sənədləri və epikrizləri məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı səhhətində yaranmış problemlərin məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübut olunmur. Yəni, işin faktiki halları ilə cavabdehin iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən hər hansı hərəkəti törətmiş olması öz təsdiqini tapmır.
45. Əmlakdan uzun illər ərzində istifadə edə bilmədiyinə görə məruz qaldığı xərclərin əvəzi və əldən çıxmış faydanın ödənilməsinə gəldikdə isə qeyd edilir ki, iddiaçı bu tələbini təsdiq edəcək sübutlarını da məhkəməyə təqdim etməmişdir. İddiaçı mübahisəli torpaq sahəsində reyestr orqanının əməkdaşlarının ölçmə işlərinin aparılmasına manenin aradan qaldırılması barədə cavabdehə qarşı iddiası təmin edilmiş olsa da, ancaq iddiaçının torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirtməsinə cavabdehin hər hansı maneçilik etməsi işin faktiki halları ilə öz təsdiqini tapmamışdır.
46. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
48. Şərh edilənlərə əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassız və formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2(076)-2320/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.