Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2009/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Lpo ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Lpo "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 və vəkili X3 iştirakı ilə, İddiaçı Lpo "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(021)-1289/2023 nömrəli qətnaməsindən iddiaçı Lpo "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC məhkəmədə iddia qaldırılması üçün 69,99 AZN dövlət rüsumunu və 0,40 AZN xidmət haqqını ödəmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 24 ay müddətinə, illik 28% olmaqla 7640 (yeddi min altı yüz qırx) USD məbləğində kredit verilmişdir.
3. 05 fevral 2015-ci il tarixli 2/2/79440970 nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nin Sabunçu filialından kredit üzrə 7.640 ABŞ dolları məbləğində vəsaiti almışdır.
4. xx.xx.2015-ci il tarixli, ********* nömrəli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 aldığı 7640 USD borc üçün aylıq 419,46 AZN, son ayda isə 419,34 AZN pul ödəməyi öhdəsinə götürmüşdür.
5. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 170008093/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində borcalan Cavabdeh1 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor olan bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
6. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsinə edilən əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı 2351,85 (iki min üç yüz əlli bir ABŞ dolları, səksən beş sent) USD dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə bu sazişin qüvvəyə mindiyi tarixə 3527,78 AZN təşkil edir.
7. Hesab üzrə əməliyyatlar cədvəli və hesabdan çıxarışdan borcalan Cavabdeh1 banka olan ödənişlərinin və hesabdan vəsait çıxarılmasının tarixləri və məbləğləri əks edilmişdir.
8. 22.11.2022-ci il tarixli, **********945 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin müştərisi olan Cavabdeh1 kredit müqaviləsi üzrə 1397,98 AZN əsas, 829,06 AZN faiz, 2578,49 AZN cərimə, cəmi 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) AZN borcu yaranmışdır.
9. 27.12.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir.
10. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Bildirişə əlavə edilmiş poçt göndərişlərinin çatdırılması barədə xəbərnamələrin surətindən görünür ki, həmin bildiriş borcluya verilmişdir.
11. Cavabdeh1 ilə bağlı verilmiş izahlı cəmi hesablanmış kompensasiya üzrə məlumatdan görünür ki, ona kreditin restrukturizasiyası üzrə cəmi hesablanmış kompensasiya məbləği 2719,88 manatdır hansı bu məbləğ vətəndaşa çatan hissədir. Güzəştə görə kompensasiya məbləğinin azadılan hissəsi 1339,18 manatdır.
12. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 fevral 2019cu il tarixli AZ İ 987539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində “Ağ ciyər vərəmi” diaqnozu ilə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 24 nömrə ilə qeyd edilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Lpo "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 4998,57 AZN (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) məbləğindən 1397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,04 (bir yüz doxsan üç manat, 04 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 69,99 (altmış doqquz manat 99 qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prossesində olan "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Şəxsi İstehlak məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 28% faiz dərəcəsi ilə 7640 (yeddi min altı yüz qırx) ABŞ Dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzininin ödənilməsi də daxil olmaqla zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3527,78 (üç min beş yüz iyirmi yeddi manat, yetmiş səkkiz qəpik) məbləği təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixidək təyin edilmişdir. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına habelə **********291saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 150 (bir yüz əlli manat) məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 4998,57 (dörd min doqquz yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat məbləğində təşkil edir. Bundan 1397,98 (bir min üç yüz doxsan yeddi manat, doxsan səkkiz qəpik) AZN əsas, 829,06 (səkkiz yüz iyirmi doqquz manat, altı qəpik) AZN faiz, 2578,49 (iki min beş yüz yetmiş səkkiz manat, qırx doqquz qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,04 (bir yüz doxsan üç manat, dörd qəpik) AZN faiz borcu təşkil edir.
15. Bundan sonra Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsini məhkəməyə təqdim edərək, iddiaçı Lpo "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, onun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüşdür. Ancaq buna baxmayaraq bank onun qanunla qorunan hüququnu pozaraq ona qanunsuz olaraq borc hesablamışdır.
17. Bərdə Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(021)-1289/2023 nömrəli qərardadı ilə, iddiaçı Lpo "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır.
18. Bərdə Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(021)-1289/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsas borclu olan Cavabdeh1 münasibətdə rədd edilməlidir. Belə ki, əsas borclu olan iş üzrə Cavabdeh1 kreditin restrukturizasiya edildikdən sonra onun iş üzrə iddiaçı olan banka borcu qalmaması ilə bağlı onu qeyd edir ki, iş materiallarına əsasən məhkəmə hesab edir ki, kredit məbləği restrukturizasiya edildikdən sonra Cavabdeh1 banka borcu qalmamışdır. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir və məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmənin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı qənaətə gəlməyə əsas verən səbəb odur ki, iş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə verilməklə bağlanmış və həmin müqavilənin icrasının bitmə tarixi xx.xx.2017-ci ildir. Tərəflər arası bağlanmış 03 fevral 2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə həmin kredit müqaviləsi üzrə kredit məbləğinin əsas borc qalığı restrukturizasiya prosesi üzrə konvertasiya edilməklə məbləğ dəyişdirilmiş və kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Eyni müddətlərdə mərhum Cavabdeh2 ilə bank arasında borcalan Cavabdeh1 öhdəliyinin icrasının təminatı olaraq zaminlik müqaviləsi bağlanaraq əlavə sazişlə əsas öhdəliyin icrası müddətində uzadılmışdır. Sonuncu öhdəliyin icrası olan ödəniş tarixi isə iddia tələbində göstərildiyi üzrə xx.xx.2019-cu il tarixdir və həmin tarixdə Cavabdeh1 tərəfindən 150 AZN məbləğində ödəniş edilmişdir. Kredit müqaviləsi və maliyyə arayışına əsasən müqavilənin müddəti 03 fevral 2020-ci il tarixdə bitmişdir. Həmin tarixdən isə qətnamə qəbul edilən tarixə 3 illik müddət keçdiyindən, bundan başqa öhdəliyin sonuncu icra tarixi olan xx.xx.2019-cu il tarixdən də 3 illik iddia müddəti ötdüyündən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdeh olan mərhum Cavabdeh2 da münasibətdə rədd edilməlidir. Belə ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən zaminin ölümü ilə bağlı onun zaminlik müqaviləsi üzrə öhdəliyinə xitam verilir. Buna görə iddia tələbi Cavabdeh2 münasibətdə də rədd edilməlidir.
20. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449.1, 470.1, 472.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 222.2, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı Lpo "xxxx" ASC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(021)-1289/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1na qarşı “borc tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 27 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirilsə görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi xx.xx.2023-cü il, saat 17:43 kimi qeyd edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə Şəxsi İstehlak məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 28% faiz dərəcəsi ilə 7640 (yeddi min altı yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X5 ilə Bank arasında 170008093/ZM nömrəli xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3527,78 (üç min beş yüz iyirmi yeddi manat 78 qəpik) manat (1 USD=1.50 AZN) təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Göründüyü kimi, sonuncu dəfə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə Kredit müqaviləsinin bitmə tarixi 03 fevral 2020-ci il tarixdir. Beləliklə, iddia müddətinin son günü 03 fevral 2023cü tarixdir. Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə 27 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıdan göründüyü kimi, bank iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, lakin buna baxmayaraq məhkəmə son müqaviləni nəzərə almayaraq iddia tələbini əsassız olaraq rədd etmişdir. Bildirirlər ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi üzrlü səbəbdən iştirak edə bilmədiyindən qeyd edilən halları məhkəmənin nəzərinə çatdıra bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Lpo "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı
36. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.
37. 1-ci bənddə göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
38. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
39. 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
40. 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
55. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
56. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2009/2023 nömrəli qərardadı ilə, iddiaçı Lpo "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iş üzrə icraata Cavabdeh2 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır.
57. Kollegiyanın qeyd olunan qərardadı ilə iş üzrə tərəf olan Cavabdeh2 xx.xx.2019-cu il tarixdə öldüyündən mübahisəyə sonuncuya münasibətdə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkün olduğu üçün apellyasiya araşdırması mərhum Cavabdeh2 aid hissədə yoxlanmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
59. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
60. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 24 ay müddətinə, illik 28 % ödəmək şərtilə 7.640 ABŞ dolları məbləğində kredit verilmiş, habelə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi kreditor ilə digər Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə həmin kredit müqaviləsi üzrə kredit məbləğinin əsas borc qalığı restrukturizasiya prosesi üzrə konvertasiya edilməklə məbləğ dəyişdirilmiş və kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Eyni müddətlərdə mərhum Cavabdeh2 ilə bank arasında borcalan Cavabdeh1 öhdəliyinin icrasının təminatı olaraq zaminlik müqaviləsi bağlanaraq əlavə sazişlə əsas öhdəliyin icrası müddətində uzadılmışdır. Lakin, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və müqavilənin şərtlərinə əməl etməyərək ödənişləri vaxtında həyata keçirməmişdir. Nəticədə onun kreditora 1397,98 manat əsas, 829,06 manat faiz borcu, 2578,49 manat cərimə borcu, müqavilənin bitmə tarixinə hesablanmış 193,04 manat faiz borcu yaranmışdır.
61. Eyni zamanda müəyyən edilmişdir ki, borcalan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və ona kredit borcu üzrə 2.719,88 manat məbləğdə kompensasiya hesablanmışdır. Həmin məbləğin hamısı hazırki kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməmişdir. Hazırda borcalanın 1339,18 manat restrukturizasiya məbləği yəni borcu qalmışdır.
62. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası olan ödəniş tarixi isə iddia tələbində göstərildiyi üzrə xx.xx.2019-cu il tarixdir və həmin tarixdə Cavabdeh1 tərəfindən 150 manat məbləğində ödəniş edilmişdir. Kredit müqaviləsi və maliyyə arayışına əsasən müqavilənin müddəti 03 fevral 2020-ci il tarixdə bitmişdir. Həmin tarixdən isə qətnamə qəbul edilən tarixə 3 illik müddət keçdiyindən, bundan başqa öhdəliyin sonuncu icra tarixi olan xx.xx.2019-cu il tarixdən də 3 illik iddia müddəti ötdüyündən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 03 fevral 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən, həmin kredit müqaviləsi üzrə kredit məbləğinin əsas borc qalığı restrukturizasiya prosesi üzrə konvertasiya edilməklə məbləğ dəyişdirilmiş və kredit müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, kredit müqaviləsi üzrə əlavə sazişdə göstərilmiş onun verilmə müddəti qurtarmamış və öhdəliyin icrası başa çatmamış kreditor birinci instansiya məhkəməsinə (xx.xx.2023-cü il tarixdə) müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, bununla da qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
64. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsinə, habelə qanunvericiliyin borcla bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
65. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
66. İddia tələbinin kökündə tələb etmənin əsası kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
67. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
68. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
69. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
70. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
71. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
72. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
73. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
74. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
75. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
76. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
77. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
78. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Ona görə də borcun kredit müqaviləsi üzrə tərəf olan borcalandan tələb edilməsi əsaslıdır.
79. Lakin, iddia tələbinin tələb olunan həddə təmin edilməsi yolverilməzdir.
80. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanına əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.
81. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 1-ci bəndində göstərilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin:
82. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;
83. 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;
84. 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
85. Həmin Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
86. Həmin Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanmışdır.
87. Bu Qaydaların 7.1-ci bəndində deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – Portal) yaradır
88. Portalda hər bir fiziki şəxs üzrə ən azı aşağıdakı məlumatlar əks olunur: hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği; dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği; kompensasiyanın bu Qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği; restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar (7.2-ci bənd).
89. Həmin Qaydaların 2.1.12-ci bəndinə görəelektron portal– Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan, müvafiq autentifikasiyadan keçməklə fiziki şəxslər və kredit təşkilatları tərəfindən kompensasiya və restrukturizasiya ilə bağlı məlumatların onlayn rejimdə əldə edilməsini təmin edən elektron məlumat bazasıdır
90. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədənlisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər.
91. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi).
92. Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir.
93. Məhkəmə kollegiyası göstərir ki, MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən mötəbər hüquqi əsaslara və məlumatlara söykənir.
94. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” barədə əsas məlumatlardan görünür ki, borcalan Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və ona kredit borcu üzrə 2.719,88 manat məbləğdə kompensasiya hesablanmış, həmin məbləğ hazırki kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməmiş və hazırda borcalanın 1339,18 manat restrukturizasiya məbləği yəni borcu qalmışdır.
95. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə borcalandan kreditorun xeyrinə tutulmalı olan məbləğ 1339,18 manat manat həddində olmalı və Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin geri qalan hissələri ilə bağlı məhkəmə kollegiyası göstərir ki, kredit borcu Azərbaycan Respublikası Prezidentinin Faərmanına uyğun olaraq kompensasiya olunduğu üçün təmin olunmamalıdır.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
97. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
98. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
99. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
100. Av ropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
101. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
102. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
105. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
106. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır.
107. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(021)-1289/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 1339,18 (min üç yüz otuz doqquz manat on səkkiz qəpik) manat və ödənilmiş 69,99 (altmış doqquz manat doxsan doqquz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .