Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2011/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6300,55 ABŞ dolları əsas, 132,34 ABŞ dolları faiz, 9,49 ABŞ dolları cərimə olmaqla, cəmi 6442,38 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının təsir dairəsinə düşərək xx.xx.2019cü il tarixdə borc məbləğindən 2205,21 ABŞ dolları silindiyindən və borcalan Cavabdeh1 İsbəndiyar öldüyü üçün cavabdeh olaraq Cavabdeh2 4046,48 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28% ödəmək şərtilə 7350 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanm mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdehlərdən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun hüquqi varisi isə müəyyən olunmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququdan istifadə etmək qərarına gəlmişdir. Hesab edirlər ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyü üçün kredit borcu ondan tutularaq bankın xeyrinə ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia təmin edilmiş, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsi üzrə 4046,48 (dörd min qırx altı ABŞ dolları 48 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcunun alınaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisə üzrə 2014-cü ildə bağlanmış kredit müqaviləsinə zamin durmuş və zaminlik müddəti 48 ay olmaqla 2018-ci ildə bitmişdir. Həmçinin iş üzrə əsas borclu Cavabdeh1 olmuşdur. Əsas borclu 2015-ci ildə vəfat etmişdir və o vəfat edənə kimi hər ay vaxtında krediti ödəmişdir. Hazırda əsas borclunun mirası vardır və vərəsələri də həmin mirası qəbul edərək idarə edirlər. Buna baxmayaraq borc həmin mirasa yönəldilməli olduğu halda ona qarşı iddia qaldırılmış, məhkəmə də iddianı təmin etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, əsas borclu olan Cavabdeh1 onun rəisi olmuşdur. Cavabdeh1 "xxxx" KB ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən illik 28 faiz ödənilməsi şərti ilə, 48 ay müddətinə 7350 ABŞ dolları məbləğində kredit almışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq onunla Bank arasında bağlanmış zaminlik müqaviləsinə imza etmişdir. Əsas borclu 2015-ci ildə vəfat etmişdir və o vəfat edənə kimi hər ay vaxtında krediti ödəmişdir. Hazırda əsas borclunun mirası vardır və vərəsələri də həmin mirası qəbul edərək idarə edirlər. Buna baxmayaraq borc həmin mirasa yönəldilməli olduğu halda ona qarşı iddia qaldırılmış, məhkəmə də iddianı təmin etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 28% ödəmək şərtilə 7350 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdehlərdən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun hüquqi varisi isə müəyyən olunmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Məhkəmədə tələbin həcmini azaldaraq, cavabdeh olaraq Cavabdeh2 4046,48 ABŞ dolları məbləğində borcun tutulmasını xahiş etmiş və iddia təmin edilmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 6879,01 (altı min səkkiz yüz yetmiş doqquz manat 01 qəpik) manat əsas kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7350 ABŞ dolları kredit verilmişdir. Zamin Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü krediti hissə-hissə ödəməş şərtilə xx.xx.2018-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 4046,48 ABŞ dolları borc qalmışdır. AZ-İ 743845 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1686 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(125)-84/2022 saylı mülki iş materiallarında "xxxx" X4 səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 nömrəli kredit və bank hesabı müqaviləsində “10. Tərəflərin Rekvizitləri və İmzası” hissəsində “10.3 Zamin” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı kredit və bank hesabı müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 7350 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 1190nkKPZ/14 saylı əsas kredit və bank hesabı müqaviləsi ilə həm də Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmış və həmin müqavilə üzrə “Zamin” “Borcalan”ın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. Cavabdehlərdən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Həmçinin, müəyyən edildi ki, cavabdehin iddiaçı Banka yaranmış kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Cavabdeh1 borcunun azaldılmasına 3748,86 manat kompensasiya mədaxil edilmiş və qalıq borcu 6879,01 manat təşkil etmişdir. Cavabdehlə güzəştli şərtlərlə yeni müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: 5.1-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. 5.2-ci bəndinə görə, kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir: 5.2.1. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Göründüyü kimi, cavabdehin iddiaçı Banka olan borcu Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borcu olduğundan ona hesablanmış faizlər və dəbbə pulları silinmişdir. Kollegiya qeyd edir ki, cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Sözügedən Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək-borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olubolmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2013-cü il tarixli 1185micGNDJ/13-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin 1.7-ci bəndində “Zamin”in “Borcalan”ın bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə birgə məsuliyyət daşıması öz təsbitini tapmışdır. Həmin müqavilənin 4.3.1-ci bəndində göstərilir ki, “Zamin” “Borcalan” bu müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddianın təmin olunmalı nəticəsində haqlı olsa da, lakin iddianı təmin edərkən, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əməl etməyərək, qalıq borc məbləğini ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində tutmuşdur. Ona görə də, məhkəmə kollegiyası Cavabdeh1 "xxxx" KB ASC-yə olan borcunun Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini, həmin borcun Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensasiya və restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilməsini, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 3748,86 manat kompensasiya ödənilməsini və onun qalıq borcunun 6879,01 manat təşkil etməsini nəzərə alaraq və tələbə Fərmanın hüquqi mövqeyi kontekstində qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 6879,01 manat əsas kredit borcu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında əsas borclunun 2015-ci ildə vəfat etməsini, ondan mirası qalmasını və vərəsələrinin də həmin mirası qəbul edərək idarə etmələrini, borcun həmin mirasa yönəldilməli olduğu halda, ona qarşı iddia qaldırıldığına dair dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası həmin dəlilləri müzakirə edərək, hesab edir ki, əsassız olmaqla, iddianın rədd edilməsinə hüquqi əsas vermir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarından görünür ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı zaminə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Yəni, əsas borclunun 2015-ci ildə vəfat etməsi, ondan mirası qalması və vərəsələrin həmin mirası qəbul edərək idarə etmələri hazırkı iddianın rədd edilməsi üçün qanuni əsas kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyi tələblərinə görə, zamin tərəfindən öhdəlik icra edildikdən sonra, onun əsas borclunun mirası qəbul etmiş vərəsələrinə qarşı qəbul edilmiş miras həddində reqres hüququ yaranacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh2 6879,01 (altı min səkkiz yüz yetmiş doqquz manat 01 qəpik) manat əsas kredit borcu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-31/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 6879,01 (altı min səkkiz yüz yetmiş doqquz manat 01 qəpik) manat əsas kredit borcu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı "xxxx" QSC-ti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2011/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2011/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver