Məhkəmə qərarları › İş №2(104)-2011/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2011/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2011/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1846/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-ti sadələşdirilmiş icraat qaydasında Ağdam Rayon məhkəməsinə müraciət edərək, Cavabdeh Unibank» Kommersiya Bankı ASC-nin xeyrinə 1455,7 manat əsas, 305,03 manat faiz, 160,62 manat cərimə, 0 manat komisyon haqqı - cəmi 1921,35 manat borcun və 39,22 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1846/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mahir Niftəliyev) iddia təmin edilmiş, Cavabdeh 1455,7 manat əsas, 305,03 manat faiz, 160,62 manat cərimə - cəmi 1921 (min doqquz yüz iyirmi bir) manat 35 (otuz beş) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 39,22 manatın tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1846/2024 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul etməklə, əsas borc məbləğini 1000 manat müəyyən edilməsini, faiz və cərimə məbləğinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Banka olan borcunu vaxtıvaxtında icra etmiş, lakin xəstə olması ilə bağlı bir neçə ay geçikdirmiş və məhkəmə mübahisəni həll edərkən onun tərəfindən banka edilən ödənişləri nəzərə almamış, onun üstünə faiz və cərimə hesablanmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh məhkəmə kollegiyasına yazılı izahat göndərərək, 2-ci qrup əlil və məcburi köçkün olmasını nəzərə alaraq, faiz və cərimənin slinməsini, əsas boircun isə hissələrə bölünərək ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 1846/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 27 faizlə 4500 manat kredit verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya olan borcu 1455,7 manat əsas, 305,03 manat faiz, 160,62 manat cərimə, komisyon haqqı 0 manat təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək öz nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı tərəf Cavabdeh kredit verərək üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 1455,7 manat əsas, 305,03 manat faizdən borclu qalmaqla, öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

476. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından da görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ilə narasında bağlanmış xx.xx.2020-ci il tarixli, 651nkMNG/20 nömrəli kredit müqaviləsinə əsasən, “Bank” tərəfindən 48 ay müddətinə, illik 27% faiz ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit borcunu müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçının banka 1455.7 manat əsas, 305.03 manat faiz, 160.62 manat cərimə, 0 manat kamisyon haqqı borcu olmaqla, cəmi 1921.35 manat borcu qalmışdır. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində Banka olan borcunu vaxtı-vaxtında icra etməsini və onun üstünə faiz və cərimə hesablanmasını göstərsə də, iş üzrə hesablanmış faiz məbləğinin həqiqiliyi şübhə doğurmur, cərimə məbləği isə işin halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək deyildir. Cavabdeh əsas boircun hissələrə bölünərək ödənilməsi xahişinə dair yazılı izahatına gəldikdöə isə, bununla bağlı ona birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1846/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1846/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar