Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2014/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli 2(076)-817/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 19 noyabr 2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh qeyd edilən tarixdə İddiaçı 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat borc aldığını göstərmişdir (qəbz Cavabdeh adından tərtib edilmiş və imzalanmışdır).
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15000 manat alınaraq ona veilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh onun tanışıdır. Cavabdeh X2 19 noyabr 2022-ci il tarixdə 6 ay müddətinə, yəni 19 may 2023-cü il tarixədək qaytarmaq şərtilə etibarından sui-istifadə edərək ondan 15000 manat borc almışdır. Göstərilən müddət tamam olduqda cavabdehdən pulun qaytarılmasını tələb etmiş, lakin sonuncu borcu qaytarmaqdan imtina etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında uşağı xəstələndiyi üçün onun müalicəsinə görə 1000 manat pul lazım olmuş, maaşı isə həmin məbləği ödəməyə kifayət etməmişdir. Xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçuları bundan xəbər tutaraq faizlə pul verən İddiaçı müraciət etməsini məsləhət bilmişlər. İddiaçıla görüşüb vəziyyəti ona bildirmiş, o isə 6 ay müddətinə ona 1000 manat faizə yəni əlavə olaraq üzərində 500 manat faiz ödəmək şərti ilə verə biləcəyini bildirmiş, həmin müddətdə qaytarmasa 15000 manat tələb edəcəyini demişdir. Həmin vaxt pul lazım olduğundan iddiaçının diktəsi ilə qeyd edilən məzmunda qəbz yazmışdır. Bundan sonra 2 dəfə 200 manat olmaqla, cəmi 400 manat ödəmiş, müddət başa çatdıqda isə 1000 manat düzəldib iddiaçıya vermişdir. İddiaçı isə 1000 manatı götürməyərək gecikdirdiyi üçün 15000 manat ödəməsini tələb etmişdir. İddiaçı tək ona yox, bir çox şəxsə qarşı eyni hərəkəti etmişdir.
5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh tanıyır. Cavabdeh Fəzli Səyyadov onun kapitanı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin İlhamdan 1000 manat pul almasını,İlhamın isə 15000 manat pul istəməsini eşitmişdir. İlham bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğə sənədə imza etdirməsinidə eşitmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Fizuli onun iş yoldaşı olmuşdur. 2022-ci il tarixdə Fizulinin uşağı xəstə olduğundan ona pul lazım olmuşdur. Daha sonra Fizulinin İlhamdan 1000 manat pul almasını, İlhamın isə ondan 15000 manat pul istəməsini eşitmişdir. İlhamın bir neçə şəxsi eyni qaydada aldatmaqla az məbləğ verib, artıq məbləğə sənədə imza etdirməsini eşitmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(076)-817/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 135 (bir yüz otuz beş) manat dövlət rüsumu tutularaq dövlət hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 386.1, 740.1, 740.2, 1091 və 1092.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2022-ci ilin noyabr ayında uşağının xəstəliyi ilə əlaqədar ona 1000 manat pul lazım olmuş, əmək haqqı isə həmin məbləği ödəmədiyinə görə xidmət etdiyi hərbi hissənin əsgər və hərbi qulluqçularının deməsinə görə faizə borc verən kimi tanıdıqları İddiaçı müraciət etmişdir. 19 noyabr 2022-ci il tarixdə İddiaçıla görüşüb vəziyyəti ona bildirmiş, iddiaçı ona 6 ay müddətə 1000 manat faizə verə biləcəyini demiş, sonuncu pulu sayıb stolun üstünə, əlini isə həmin pulun üstünə qoyaraq belə bir şərt irəli sürmuşdur ki, “sən kişi kimi söz ver ki, bu 1000 manat pulun üstündə 500 manat olmaqla 6 aya qaytaracaqsan, lakin həmin müddətdə qaytara bilməsən, fərqi yoxdur, 6 aya və ya daha gec müddətə, səndən 15000 manat alacağam”. 1000 manat təcili lazım olduğundan, iddiaçı da bunu bildiyindən, ona həmin gün öz diktəsi ilə “Pul müqaviləsi” adlanan qəbz yazdırmışdır ki, guya 6 ay müddətə qaytarmaq şərtilə ondan 15000 manat borc almışdır. Daha sonra isə demişdir ki, “bunu hər ehtimala görə belə edirəm ki, sabah məndən qaça bilməyəsən”. Həmin müddətdə iddiaçının kart hesabına hər dəfə 200 manat olmaqla, cəmi 400 manat göndərmiş, həmin müddət başa çatdıqdan sonra 1000 manat da düzəldib iddiaçıya vermiş, lakin iddiaçı pulu götürməkdən imtina etmiş və bildirmişdir ki, “axı sən kişi kimi mənə söz vermisən ki, aldığın pulu vaxtında qaytarmayıb geçikdirsən, 15000 (on beş min) manat ödəyəcəksən”. İddiaçı bunu dedikdən sonra 15000 manat ödəməyini tələb etmiş və ödəmədiyi təqdirdə ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraarı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh hərbiçidir və himayəsində 3 uşaq var. Cavabdeh iddiaçını hərbiçi yoldaşları vasitəsilə tanıyıb və uşağının müalicəsi üçün üstündə 500 manat qaytarmaq şərti ilə 1000 manat borc almışdır. İddiaçının bu ilk işi deyil. Tək cavabdehə deyil bir neçə adama bu qayda ilə sələmə pul vermişdir. Cavabdeh aldığı borcdan iki dəfə 200 manat olmaqla kart vasitəsilə iddiaçıya pul köçürüb. Qəbzdə 1500 manat yazılsada əslində borc 1000 manat olmuşdur. Nümayəndəsi olduğu şəxs uşağının xəstəliyi ilə bağlı məcburiyyət qarşısında qalaraq belə bir qəbzi iddiaçının diktəsi ilə yazmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə nümayəndə (vəkil) vasitəsilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
18. Maddə 739.1. (əvvəlki redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. (əvvəlki redaksiya) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Maddə 740.1. (əvvəlki redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
21. Maddə 740.2. (əvvəlki redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
22. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
23. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat borc almasına dair 19 noyabr 2022-ci il tarixli əlyazma qəbz (pul müqaviləsi) yazmışdır. İddiaçı deyilən vaxtda borcun qaytarılmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, eləcə də, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
39. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının vermiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
40. Yuxarıdada qeyd olunduğu kimi işin müəyyən olunmuş halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıdan 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat borc alması barədə əlyazma qəbz (pul müqaviləsi) yazmışdır.
41. Eyni zamanda, cavabdeh apellyasiya şikayətinin dəlillərində də əlyazma qəbzin onun tərəfindən icra edildiyini bildirmişdir (bax qətnamənin 10-cu bəndi).
42. Kollegiya hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir.
43. Qeyd edilməlidir ki, qanunvericilikdə hər hansı müqavilə ilə bağlı forma tələbi olduğu halda, müqavilə həmin formaya riayət edilməklə bağlanmalıdır. Bu prinsipə uyğun olaraq Mülki Məcəllədə bir sıra əqdlərin yazılı tərtib edilməsi, hətta bəzi əqdlərin notariat qaydada təsdiq edilməsi kimi imperativ qaydalar nəzərdə tutulmuşdur. Əks təqdirdə isə, həmin müqavilənin etibarsızlığı irəli sürülə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (“Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərar).
44. Görünüdüyü kimi, tərəflər arasında bu formaya riayət edilməklə bağlanmış borcun etirafı haqqında əlyazma qəbz mövcuddur. Kollegiya hesab edir ki, həmin qəbz mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2ci maddəsinin tələblərinə uyğun olduğundan yazılı müqavilə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, həmin əlyazma qəbzi yazılı borc müqaviləsi kimi qəbul etməməklə, iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin hər hansı müqavilə və ya qanuni əsas olmadan verildiyi qənaətinə gəlmiş, həmin əqd üzrə verilmiş vəsaiti də icra edilməmiş borc öhdəliyi kimi deyil də, əsassız varlanma obyekti kimi cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
46. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
47. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. İddianın əsaslılığı barədə isə kollegiya aşağıdakıları qeyd edir.
49. Yuxarıda da qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçıdan 6 ay ərzində geri ödəmək şərtilə 15000 manat borc alması barədə əlyazma qəbz (pul müqaviləsi) yazmışdır.
50. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, əslində iddiaçı ona 1000 manat borc vermiş, lakin borcun qaytarılmasını təminat altına almaq məqsədilə ona 15000 manat borc verməsinə dair diktə edərək əlyazma qəbz yazdırmışdır.
51. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız sayaraq qeyd edir ki, əvvəla sözügedən əlyazma qəbzlə iddiaçı tərəfindən cavabdehə 15000 manat borc verilməsi müəyyən olunur. Digər tərəfdən isə, cavabdeh bu dəlilini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
52. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
53. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
54. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
55. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
56. Qeyd olunan maddədən də görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyinin əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur.
57. Tərəflər arasında bağlanmış borc müqaviləsi də yazılı şəkildə tərtib olunmuş formadadır.
58. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi sonuncunun onunla bağladığı və borcun etirafı mahiyyətində olan yazılı müqavilədən irəli gəlir. Odur ki, tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri yaranmış və iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır.
59. Beləliklə, işin faktiki halları ilə iddiaçı tərəfindən cavabdehə 15000 manat borc verilməsi öz təsdiqini tapmışdır.
60. Artıq, mübahisənin obyektiv həlli üçün ikinci araşdırılmalı məsələ - cavabdehin iddiaçıya olan borcundan ödəniş edib-etməməsidir. Çünki, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya olan borcundan ödənişlər etdiyini qeyd etmişdir.
61. Bununla bağlı kollegiya vurğulayır ki, iddiaçının cavabdehə 15000 manat borc pul verməsi işdəki sübutlarla öz təsdiqini tapır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
62. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
63. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
65. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
66. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri də mübahisənin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.
67. Belə ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.
68. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Zahir Əlizadə və Taleh Şükürov verdikləri ifadədə «Fizulinin İlhamdan 1000 manat pul almasını, əvəzində kağıza 15000 manat yazıb imza etməsini eşitdim» deyə qeyd etmişlər. Sədrlik edənin sualına cavab olaraq şahidlər bildirmişlər ki, Fizuli pulu İlhamdan onların yanında almamışdır, Fizuli özü onlara demişdir ki, İlhamdan 1000 manat alıb, lakin İlham ona 15000 manata dair qəbzə imza etdirib (bax mülki iş səhifə 80 məhkəmə iclas protokolu). Göründüyü kimi, şahid qismində dindirilmiş şəxslər əslində təsvir etdikləri hadisənin şahidi olmamışlar, başqa bir şəxs (cavabdeh) tərəfindən onlara ötürülən məlumat əsasında qeyd edilən məzmunda ifadə vermişlər. Halbuki, özü tərəfindən müşahidə olunan (öz gözləri ilə gördüyü) hadisə barədə məlumatlı şəxs şahid sayıla bilər. Əgər o, təsvir etdiyi hadisəni başqa şəxsdən eşitmişdirsə, onun məhkəməyə bildirdiyi məlumatlar mötəbər sübut hesab edilmir.
69. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, 15000 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
70. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün ödənilməli dövlət rüsumu 135 manatdır. İddiaçı müharibə veteranı kimi rüsum ödəməkdən azad edildiyindən rüsum ödəməmişdir. Ona görə də işə baxılması ilə əlaqədar ödənilməli dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(076)-817/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 15000 manat tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi 135 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.