Məhkəmə qərarları › İş №2(104)-202/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-202/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-202/2024 16.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, 800798-PC********** nömrəli kredit müqaviləsi üzrə 5672.58 manat əsas borc, 790.01 manat faiz borcu olmaqla, ümumilikdə 6462.59 manat borcun və 85.03 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixli, 800798-PC********** nömrəli kredit müqaviləsi üzrə yaranmış 5672.58 manat əsas borc, 790.01 manat faiz borcu olmaqla, ümumilikdə 6462 (altı min dörd yüz altmış iki) manat 59 (əlli doqquz) qəpik borc və 85 (səksən beş) manat 03 (üç) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz məbləği artıq hesablanmışdır. Hesab edir ki, əsas kredit məbləğinə hesablanmış faiz məbləği həddindən artıq şişirdilmişdir. Bu səbəbdən də məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Bundan başqa,kredit borcundan ödəniş etsə də, həmin ödəniş nəzərə alınmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2570/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və eksperizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 202/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 800798- PC********** nömrəli kredit müqaviləsinə əsasən Bank borcalana 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 5000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Əməliyyatlar plastik kart vasitəsilə aparılmış və bu məqsədlə cavabdehə plastik kart təqdim edilmişdir. Cavabdeh kredit borcunu və ona hesablanmış faizləri tam ödəməmiş, nəticədə 5672.58 manat əsas borc, 790.01 manat faiz borcu olmaqla, ümumilikdə 6462.59 manat məbləğində yaranmışdır. İş üzrə ekspertiza rəyi ilə qismən, yəni, faiz borcu hissəsində razılaşmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilməli və Cavabdeh 5672,58 manat əsas borc, 694,58 manat faiz borcu olmaqla, cəmi 6367,16 (altı min üç yüz altı yeddi manat on altı qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Kredit müqaviləsindəm görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 800798- PC********** nömrəli “Ekrpresso Kold” kredit müqaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 5000 manat kredit məbləğində kredit verilmiş, kredit xəttindən istifadə üçün adına “Ekrpresso Kold” bank kredit kartı açılmış, həmin kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə görə kreditin qaytarılmasının son müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 5672.58 manat əsas borc, 790.01 manat faiz borcu olmaqla, ümumilikdə 6462 manat 59 qəpik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/9796/2024 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 800798- PC********** nömrəli kredit müqaviləsinin 3.2-ci bəndi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən sonra ( kredit müqaviləsinin çevrilmə tarixi) əsas borc üzrə 5672,58 manat, faiz borcu üzrə 694,58 məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 800798- PC********** nömrəli “Ekrpresso Kold” kredit müqaviləsi bağlanmış və iddiaçı Bank tərəfindən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 5000 manat kredit məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə görə kreditin qaytarılmasının son müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir.Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, əsas kredit borcunu və ona hesablanmış faizləri vaxtlıvaxtında və tam ödəməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, İddiaçı ASC tərəfindən iddia ərizəsində və işə əlavə edilmiş maliyyə arayışında Cavabdeh borcunun 5672.58 manat əsas borc, 790.01 manat faiz borcu olmaqla, cəmi 6462,59 manat təşkil etməsi göstərilmiş və birinci instansiya məhkəməsi həmin maliyyə sənədinə əsaslanmaqla, iddianı həmin məbləğlərdə təmin etmişdir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsinin müddəti və ödəmənin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Cavabdeh da birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir. Ona görə də, məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/9796/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəyə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, 800798- PC********** nömrəli kredit müqaviləsinin 3.2-ci bəndi nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən sonra ( kredit müqaviləsinin çevrilmə tarixi) əsas borc üzrə 5672,58 manat, faiz borcu üzrə 694,58 məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə iddiaçı Banka əsas kredit borcu üzrə 5672,58 manat əsas, 694,58 manat faiz borcu məbləğində borclu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilməli və Cavabdeh 5672,58 manat əsas borc, 694,58 manat faiz borcu olmaqla, cəmi 6367,16 (altı min üç yüz altı yeddi manat on altı qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci tərəflərə aid edilməli və 100 manat məbləğində olan ekspertiza xərci bölünərək, İddiaçı ASC-dən 20 manat, Cavabdeh 80 manat məbləğində alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4176/2023 nömrəli qətnaməsi faiz ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh 5672,58 manat əsas borc, 694,58 manat faiz borcu olmaqla, cəmi 6367,16 (altı min üç yüz altı yeddi manat on altı qəpik) manat məbləğində borc alınaraq İddiaçı ASC nin xeyrinə ödənilsin. 100 manat məbləğində olan ekspertiza xərci İddiaçı ASC-dən 20 manat, Cavabdeh 80 manat məbləğində alınıb Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar