Məhkəmə qərarları › İş №2(104)-2023/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2023/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2023/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilənin şərtlərinin dəyişdirilərək 4.1-ci bəndinin “İcarəçi rərəf” “icarə verən tərəfə ” bir ildə əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmamaqla 3000 manat ödəyir kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi tələbi”nə dair iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması; İddia ərizəsinə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 113 X1 AZ1025 oldugundan iddia ərizəsi MPM-nin 35.1-ci maddəsinə əsasən ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli oldugundan MPM-nin 151.1 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmənin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri MPM-də nəzərdə tutulmayan belə formal mülahizə ilə geri qaytarması tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasına əsas kimi istinad etdiyi MPM-nin 35.1-ci maddəsini deyil, MPM-nin 36.11-ci maddəsini tətbiq etməli idi. Belə ki, MPM-nin «iddiaçının seçməsinə görə aidiyyət» adlandırılan 36.11-ci maddəsində göstərilir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. MPM-nin «İddiaçının seçməsinə görə aidiyyət» adlandırılan 36.13-cü maddəsində isə göstərilir ki, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Qeyd olunan prosessual qanunvericiliyin normalarının təhlilindən aydın olur ki, iddiaçı olaraq, icra yeri göstərilən müqavilədən əmələ gələn iddianı müqavilənin icra yerinə görə Tərtər Rayon Məhkəməsinə təqdim etməkdə haqlı olmuşdur. Göstərilən mübahisəli hal üzrə onun haqlı olmagı «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarının hüquqi mövqeyi ilə də təsdiq edilmişdir. Hesab edir ki, məhkəmə belə formal mülahizələrlə onun iddia ərizəsini geri qaytarmaqla MPM-nin müddəalarına zidd hərəkət etmiş və bununla da onun məhkəməyə müraciət hüququ pozulmuşdur. Tərtər Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 26 avqust 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, mülki iş baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə şərtinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehin qeydə alındığı ünvan Bakı şəhəri Xətai rayonu olduğuna görə birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İşdən müəyyən olunur ki, İddiaçı yaşayış yeri Tərtər rayonu Hüsənli kəndi, Cavabdeh MMC-nin qeydə alındığı ünvan isə Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 113 X1 AZ1025-dir. Mülki Prosessual Məcəllənin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia müqavilə şərtinin dəyişdirilməsindən ibarətdir. Bununla yanaşı müqavilənin predmeti də iddiaçıya məxsus Tərtər rayonu Hüsənli kəndində yerləşən əmlakın icarə haqqı müqabilində cavabdehə icarə verilməsidir. Belə olan halda müqavilənin icra yeri Tərtər rayonu sayılır ki, bu halda iddiaçının hazırkı iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə müraciət etməsi qanuni əsaslara söykənir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan iddia ərizəsini geri qaytarmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin göstərir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmaqda haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia ərizəsinin MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verdiyi təqdirdə, bundan sonra MPM-nin 156-cı maddəsinə tələbləri baxımından iddianın icraata qəbul edilməsi məsələsini həll etməlidir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 36, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 26 avqust 2024-cü il tarixli 2(061)-1150/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Mülki iş baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar