Məhkəmə qərarları › İş №2(104)-2026/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2026/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2026/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasmda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyirinə 2556 manat borcun və 46 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2556 (iki min beş yüz əlli altı) manat borc və dövlət rüsumu qismində ödənilmiş 46 (qırx altı) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin qətnamədən narazıdır. Belə ki, məhkəmədə onun iştirakı təmin edilməmiş, bu səbəbdən də özünü müdafiə etməyə və sübutları təqdim etməyə imkanı olmamışdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 1127/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığmı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarm ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarma riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş İddiaçı şəxsində, kreditor “AB Electronics” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı Kredit müqaviləsinin və müqaviləyə əlavə olunan, onun ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən görünür ki, qiyməti 4056.0 manat olan 1 ədəd İphone 12 Pro Max markalı mobil telefonu müştəriyə, müqavilədə göstərilən şərtlərlə verilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı şəxsində, kreditor “AB Electronics” ilə ilə Cavabdeh arasında yazılı formada kredit müqaviləsi bağlanmış və tərəflər bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. İddiaçı öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və 2556 manat məbləğində borcunu qaytarmamışdır. Ona görə də iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi ilə İddiaçı şəxsində, kreditor “AB Electronics”-dən ümumi dəyəri 4056 manat olan 1 ədəd İphone 12 Pro Max markalı mobil telefonu, ilkin ödəniş olaraq 1500 manat ödəməklə, geri qalan 2556 manat məbləği isə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabeh qalan 2556 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh iddiaçı “AB Electronics” ilə bağladığı alğı-satqı müqaviləsinin şərtlərinə əməl etməyərək, aldığı mobil telefonun dəyərini tam ödəməmiş, bununla da üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməməsi nəticəsində iddiaçıya 2556 manat borclu qalmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində, bildimişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Kollegiya iddiaçının həmin dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarının 22-ci və 24-28-ci səhifələrində olan mülki iş üzrə sms xəbərdarlığı, məhkəmə bildirişlərindən və müvafiq reyestrlərdən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar