Məhkəmə qərarları › İş №2(104)-2030/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2030/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2030/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 24 saylı Notariat Ofisində bağlanmış 28 may 2022-ci il tarixli 3M-216 reyestr nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 8500 (səkkiz min beş yüz) manat pul borc vermiş və cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq borc götürdüyü pulu borc verənə 28 dekabr 2022-ci il tarixədək tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 8500 (səkkiz min beş yüz) manat borc verdiyi pulun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında Bakı şəhəri 24 saylı Notariat Ofisində bağlanmış, 28 may 2022–ci il tarixli 3M-216 reyestr nömrəli borc müqaviləsinə əsasən cavabdehə 8500 (səkkiz min beş yüz) manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh ona verilmiş 8500 (səkkiz min beş yüz) manat pulu 28 dekabr 2022–ci il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyə əməl etməyərək ona olan borcunu ödəməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh 8500 (səkkiz min beş yüz) manat borcun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pulun alınıb, İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qənaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh iddiaçıdan notarial qaydada sələmə borc götürmüş və pulu tam şəkildə qaytarmışdır. Bununla bağlı sübutlar olsa da, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilmədiyindən, həmin sübutları məhkəməyə təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2 (076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəməyə gəlməmişdir. İşə mahiyyəti üzrə baxılmağa başlanandək onunla telefon əlaqəsi saxlanılmış, Cavabdeh məhkəmənin vaxtı və yeri barədə SMS bildirişi vasitəsilə xəbərdar edildiyini, iş üzrə bütün sübutlarını nümayəndəsi olan vəkilə təqdim etdiyini, ona görə də məhkəməyə gəlmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

13. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

14. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 19 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

21. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

22. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ilk növbədə şikayətin dəlillərindən olan məhkəmə iclasının cavabdehin iştirakının təmin edilməməsi məsələsinə qiymət verməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə, o cümlədən apellyasiya və kassasiya icraatlarına da şamil edilir.

27. Şəmkir Rayon Məhkəməsinin 2 (076)-1480/2023 saylı mülki işin materiallarına məhkəmənin xx.xx.2023-cü il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarında məhkəmə bildirişinin cavabdehə göndərilməsi və onun tərəfindən qəbul edilməsi barədə heç bir sübut yoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

28. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi bu səbəbdən tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

29. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı notarius tərərfindən təsdiq edilmiş borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, 8500 manat məbləğində pulu borc kimi cavabdehə vermişdir. Cavabdeh tərəf qeyd edilən məbləğdə borcun iddiaçı tərərfindən ona verilməsini mübahisələndirməmişdir.

30. Cavabehin nümayəndəsi Vəkil apellyasiya şikayətində cavabdehin iddiaçıya olan borcunu tam şəkildə ödədiyini qeyd etsə də, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və qeyd edilənlərlə, yəni bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir.

31. Məhkəmə kollegiyası aparılmış araşdırmaların nəticəsi olaraq hesab edir ki, irəli sürülən iddia təmin edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 34 Hazırki işdə iddiaçının notarius tərərfindən təsdiq edilmiş borc müqaviləsinə əsasən 8500 manat məbləğində pulu borc kimi cavabdehə verməsi işin mübahisəsiz faktiki halı kimi təsdiq olunur.

35. Belə olan halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yəni, MPM-in sübutlarla bağlı tələblərinə əsasən, hazırki işdə cavabdehin iddiaçıdan aldığı borcu qaytardığı barədə məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəf bu barədə apellyasiya şikayətində məhkəməyə bildirdiklərindən başqa hər hansı bir mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. 36.Ona görə də, kollegiya hesab edir ki, cavabdehin iddiaçıdan notarius tərərfindən təsdiq edilmiş borc müqaviləsinə əsasən borc kimi aldığı 8500 manat məbləğində pulu qaytarmadığı barədə iddiaçının məhkəməyə bildirdikləri işin faktiki halı kimi təsdiq olunur.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. :

38. Buna görə də, kollegiya hesab edir ki, iddia tələbi qanuni əsaslı olduğundan təmin edilməli, 8500 manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı ödənilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı mülki iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar