Məhkəmə qərarları › İş №2(104)-2031/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2031/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2031/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış, 06 may 2022-ci il tarixli 3M-405 reyestr nömrəli borc müqaviləsinə əsasən cavabdehə 8000 (səkkiz min) manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh ona verilmiş 8000 (səkkiz min) manat pulu 10 ay ərzində hər ay 800 manat olmaqla tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq digər Cavabdeh2 ilə aralarında 06 may 2022-ci il tarixli 3M-406 reyestr nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər öhdəliyə əməl etməyərək ona olan borclarını ödəməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onların tanışıdır.Onlar iddiaçıdan notarial qaydada müqavilə bağlamaqla sələmə pul götürmüşlər və həmin pulu tam şəkildə qaytarmışlar. Lakin buna baxmayaraq iddiaçı həmin pulu onlardan təkrar olaraq tələb edir. Onların pulu qaytarmalarına dair kifayət qədər sübutları vardır və həmin sübutları apellyasiya baxışı zamanı təqdim edəcəklər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasında nümayəndələri olan (vəkil) X3 ilə təmsil edilmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh1 iddiaçı ilə aralarında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış, 06 may 2022-ci il tarixli 3M-405 reyestr nömrəli borc müqaviləsinə əsasən 8000 (səkkiz min) manat borc pul almış və müqavilə öhdəliyinə əsasən, ona verilmiş 8000 (səkkiz min) manat pulu 10 ay ərzində hər ay 800 manat olmaqla tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə həmin öhdəliyə zamin durmuş və həmin pul məbləği cavadeh tərəfindən iddiaçının atasına artıqlaması ilə ödənilmişdir. Dəftər vərəqinə yazılmış qeydləri tədim edir və bildirir ki, həmin qeydlər iddiaçının atası Zülal tərəfindən yazılmış və borc iddiaçının atasına ödənilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddianın dəlillərinə uyğun izahat verdi. Həmçinin göstərdi ki, cavabdehlərin vəkili tərəfindən təqdim edilən sənədlərin kim tərəfindən yazıldığını bilmir. Cavabdehlərin onun atası ilə aralarında olan münasibətlərin onun borc məsələsinə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 52saylı Notariat Ofisində bağlanmış 06 may 2022-ci il tarixli 3M-405 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 8000 (səkkiz min) manat borc pul vermiş və cavabdeh həmin müqavilənin şərtlərinə uyöun olaraq borc götürdüyü pulu borc verənə 10 ay ərzində hər ay 800 manat olmaqla tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür. 06 may 2022-ci il tarixli 3M-406 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 06 may 2022-ci il tarixli 3M-405 nömrəli borc müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı arasında bağlanmışdır. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklikdə pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış 06 may 2022-ci il tarixli 3M-405 nömrəli borc müqaviləsi ilə, İddiaçı Cavabdeh1 8000 (səkkiz min) manat borc pul vermiş və cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq borc götürdüyü pulu borc verənə 10 ay ərzində hər ay 800 manat olmaqla tam şəkildə qaytarmağı öz öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 isə, 06 may 2022-ci il tarixli 3M-406 nömrəli zaminlik müqaviləsi ilə, 06 may 2022-ci il tarixli 3M-405 nömrəli borc müqaviləsinin təminatı olaraq üzərinə birgə cavabdehlik məsuliyyətini götürmüşdür. Buna baxmayaraq, cavabdehlər üzərlərinə götürdüyü öhdəliyini pozaraq, borcu qaytarmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində iddiaçıya olan borcunu tam şəkildə ödəmələrini göstərsələr də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) X3 məhkəmə kollegiyasının iclasında dəftər vərəqinə yazılmış qeydləri təqdim edərək, həmin qeydlərin iddiaçının atası Zülal tərəfindən yazıldığını və borcun iddiaçının atasına ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla həmin qeydlər riyazi rəqəmlər toplusu olmaqla, iddiaçının borcu ilə bağlı hər hansı məbləğdə ödənilməni təsdiq etmir. Həm də, hazırkı borc münasibətləri tərəflər arasında bağlanılmış borc müqaviləsi əsasında yaranmışdır ki, dəftər vərəqinə yazılmış qeydlərdə iddiaçının borcunun qaytarılmasına dair heç bir qeyd yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsalar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1508/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar