Məhkəmə qərarları › İş №2(104)-2031/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2031/2025

17.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2031/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “paylı mülkiyyətdə olan mülkə köçürülmə və həmin əmlakdan istifadə etməyə maniənin aradan qaldırılması” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2628/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 0,1112 ha torpaq sahəsi ½ hissədə İddiaçı mülkiyyətindədir.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-202/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza rəyi alınanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında 1112 kv.m həyətyanı torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin əmlakından istifadə etməyinə dair maniənin aradan qaldırılması, həmçinin hazırki iddia tələbinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclası zamanı cavabdeh izahatında göstərmişdir ki, hazırda İddiaçı ona qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və həmin ərizə məhkəmənin icraatındadır. Hazırki mülki işə baxılması Şəmkir Rayon Məhkəməsinin icraatında olan həmin ərizə üzrə qəbul ediləcək yekun qərarın nəticəsindən asılı olduğundan həmin ərizəyə baxılıb yekun qərar qəbul edilənə kimi hazırkı mülki işin icraatının dayandırılmasını xahiş etmişdir.

5. Məhkəmə iclası zamanı iddiaçı hazırki mülki işin icraatının dayandırılmasına etiraz etmədiyini bildirmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2628/2025 nömrəli qərardadı (hakim Nazlı Heydərova) ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mülkə köçürülmə və həmin əmlakdan istifadə etməyə maniənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işin icraatı dayandırılmışdır.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin icraatındadır və hazırki vaxtadək yekun qərar qəbul edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan həmin işə baxılıb nəticə verilməyincə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mülkə köçürülmə və həmin əmlakdan istifadə etməyə maniənin aradan qaldırılması tələbinə dair iddiasına Şəmkir Rayon Məhkəməsində baxılması mümkün deyildir.

8. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 263, 264 və 266-268-ci maddələrinə istinadən əsaslandırmışdır.

9. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2628/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

11. Qərardad qanunsuz və əsassızdır. Belə ki, hazırki iddia tələbi iddiaçının torpaq sahəsinə köçürülməyi ilə bağlıdı və o ona məxsus mülkiyyət hüququ əsasında torpaq sahəsindən cavabdehlə eyni qaydada istifadə edə bilər. Naturada ayrılması ilə bağlı tələb gələcəkdə həll edildiyi halda onda torpaq sahəsi tərəflərin arasında bölünəcək. Bu işin dayanması isə iddiaçının onsuz da pozulduğu mülkiyyət hüququnun pozulmasını davam etdirir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

12. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

14. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: ... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; ...

15. Maddə 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: ... 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; ...

16. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməlidir.

20. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

21. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri).

22. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmasına əsas – başqa mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə hazırki işə baxmaq mümkün olmaması ilə icraat dayandırılmışdır.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin icraatındadır və hazırki vaxtadək yekun qərar qəbul edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan həmin işə baxılıb nəticə verilməyincə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan mülkə köçürülmə və həmin əmlakdan istifadə etməyə maniənin aradan qaldırılması tələbinə dair iddiasına Şəmkir Rayon Məhkəməsində baxılması mümkün deyildir.

24. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin icraatının dayandırılması barədə qəbul edilmiş qərardad həm işin faktiki hallarına, həm də Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir.

25. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir.

26. Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

27. Həmin maddədən görünür ki, mülki işin icraatı yalnız o halda dayandırıla bilər ki, işə baxılması digər bir iş üzrə qəbul ediləcək qərardan birbaşa asılı olsun və həmin qərar qəbul edilmədən iş üzrə hüquqi nəticə çıxarmaq mümkün olmasın.

28. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin icraatında olan digər mülki iş üzrə iddia ümumi mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə aiddir. Həmin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla tikintitexniki ekspertiza təyin edilmiş, ekspertiza rəyi alınınadək icraat dayandırılmışdır. Lakin, naturada bölünmə tələbinə dair iş üzrə qəbul ediləcək qərar, hazırda baxılan iş üzrə iddiaçının paylı mülkiyyətdəki əmlaka köçürülməsi və həmin əmlakdan istifadəsinə maneələrin aradan qaldırılması tələbinin həllinə təsir etmir.

29. Hazırki iddianın predmeti iddiaçının paylı mülkiyyətçi kimi istifadə hüququnun təmin edilməsidir. Naturada bölünmə tələbi üzrə ekspertiza rəyi və gələcək qərar yalnız tərəflər arasında pay bölgüsünün müəyyən edilməsinə yönəlib, hal-hazırda iddiaçının mülkiyyət hüququndan irəli gələn istifadə hüququnun bərpasına dair məsələ ilə birbaşa hüquqi bağlılıq təşkil etmir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1 və 215.2-c-ci maddələrinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

31. Qeyd edilməlidir ki, paylı mülkiyyət iştirakçılarının hər biri öz payına uyğun olaraq ümumi əmlakdan istifadə etmək hüququna malikdir. Bu hüquq ümumi mülkiyyətin mövcud olduğu dövr ərzində fasiləsiz xarakter daşıyır və yalnız borc öhdəlikləri, qanuni məhdudiyyətlər və ya məhkəmə aktı ilə məhdudlaşdırıla bilər.

32. Məhkəmə qeyd edir ki, naturada bölünmə tələbi üzrə aparılan ekspertiza və həmin iş üzrə icraatın dayandırılması iddiaçının ümumi əmlakdan istifadə hüququnun icrasına məhkəmə tərəfindən müdaxilə edilməsinə və bu hüququn təxirə salınmasına əsas vermir. Paylı mülkiyyətçi əmlakdan istifadə hüququnu yalnız bölünmə baş verdikdən sonra dəyişdirə bilər. Lakin, hazırki mərhələdə tərəflərin pay bölgüsü müəyyən edilmədiyi üçün mülkiyyətin paylardan asılı olmayaraq ümumi istifadə qaydasına uyğun müəyyən edilməsi zəruridir.

33. Bu baxımdan, naturada bölünmə barədə qərarın qəbul olunması iddiaçının mövcud məqamda əmlaka köçürülməsi və həmin əmlakdan istifadə etməsinin mümkünlüyünə təsir etmir və ondan irəli gələn hüquqların müdafiəsini ləngidə bilməz.

34. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ toxunulmazdır və bu hüququn həyata keçirilməsi dövlət tərəfindən təmin edilir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam vermək, onu istifadə etmək və ondan yararlanmaq hüququna malikdir.

35. Hazırki işdə iddiaçı bu hüquqlardan istifadə edə bilmədiyini iddia edir və məhkəmədən öz paylı mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneənin aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianın araşdırılmasını dayandırmaqla iddiaçının artıq pozulmuş mülkiyyət hüququnu daha da uzun müddət pozulmuş vəziyyətdə saxlamış, beləliklə, iddiaçının hüquqlarının bərpasını əsassız surətdə gecikdirmişdir.

36. İşin icraatının dayandırılması prosessual hüquqda istisna hal kimi nəzərdə tutulmuşdur və yalnız MPM-in 254-cü maddəsində göstərilən şərtlərin mövcudluğu ilə tətbiq edilir. Həmin norma tətbiq edilərkən, işin digər iş üzrə qərardan “qaçılmaz dərəcədə asılı” və “qəbul ediləcək qərarın işin nəticəsinə əhəmiyyətli dərəcədə təsirinin” olması tələb edilir. Hazırki işdə belə bir asılılıq mövcud deyildir.

37. Təyin edilmiş ekspertiza yalnız naturada bölünmə məsələsinin gələcəkdə həll edilməsinə xidmət edir. Bu qərarın nəticələri hazırki mülki iş üzrə iddia tələbinin qiymətləndirilməsi üçün zəruri olan hüquqi şəraiti dəyişmir və hazırki iddia tələbinin həll edilməsinə birbaşa təsir etmir.

38. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə naturada bölünmə üzrə qərarın qəbul edilib-edilməməsindən asılı olmayaraq, paylı mülkiyyətin faktiki istifadə qaydasının müəyyən edilməsi və iddiaçının ümumi paylı mülkiyyətdən, o cümlədən orada yerləşən əmlakdan istifadə hüququnun təmin edilməsi müstəqil hüquqi münasibətlərdən ibarətdir və dayandırılmadan məhkəmə tərəfindən araşdırılıb həll olunmalıdır.

39. Göründüyü kimi, birinci instansiya məhkəməsi icraatı dayandırmaqla MPM-in 255-ci maddəsi ilə müəyyən olunmuş prosessual səlahiyyətlərdən düzgün istifadə etmişdir.

40. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

41. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinın xx.xx.2025-ci il tarixli, 2(076)-2628/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

43. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır.

44. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır.

45. Çünki, Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir.

47. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

48. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398, 399, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2628/2025 nömrəli qərardadı ləğv edilsin və mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirirməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar