Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2038/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Alı oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-760/2023 saylı qətnaməsindən Cavabdeh Alı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-760/2023 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh Alı oğlundan 612 manat əsas borc və 30 manat cərimə olmaqla cəmi 642 (altı yüz qırx iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz manat) pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Alı oğlu apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-760/2023 saylı qətnaməsinin təmin edilmiş hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Alı oğluna qarşı ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 612 manat əsas borcu, 100 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Alı oğlu arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 816 manat olan məişət avadanlığını müəyyən olunmuş müddət ərzində ödəmək şərti ilə almış, nəticədə 612 manat əsas borcu, 100 manat cərimə borcu yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş və borcunu könüllü ödəməkdən boyun qaçırmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh Alı oğlu apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia müddəti bitdiyi üçün əsassızdır. Belə ki, o, 2018-ci ildə iddaçının oğlundan müqavilə əsasında 800 manatlıq 1 il zəmanətlə A6+ model olan mobil telefon almışdır. Təxminən üç aydan sonra mobil telefonda zavod nöqsanı əsasında donma və bəzi problemlər yaranmışdır. Bu səbəbdən də o, iddiaçının oğlu X1 bildirmişdir ki, zəmanətlə telefon təmir olunsun və ya yenisi ilə əvəz edilsin. Bunun qarşılığında Raquf Əsgərov ona bildirmişdir ki, aralarında olan müqavilədə göstərilən mobil telefon xarici dövlətdən qaçaq yolla gəldiyi üçün verilmiş zəmanət əsassızdır. Ona görə də təklif etdi ki, qalıq məbləğinin dəyərində ona yeni A6 model olan 600 manat dəyərində mobil telefon versin. O, da razılaşaraq A6+ modeli təhvil verərək A6 model telefon almışdır. Şərtlər də belə oldu ki, hər ay onun tərəfindən 100 manat pul ödənilsin. O, da həmin pulu hər ay 6 ay müddətində 100 manat nəğd ödəmişdir. Həmin şəxs ona pulun qəbzlərini vermirdi. 2019-cu ilin təxminən may ayınadək borcunu tam ödəmişdir. Bu günə kimi aralarında heç bir problem olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə evlərinə gələn məhkəmə qərarından sonra bilmişdir ki, İddiaçı mənə qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edib və Qazax Rayon Məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçının iddia müddəti qurtarmış ona isə məhkəmə bildiriş gəlmədiyi üçün məhkəmə iclasında iştirak edərək iddia müddətinin keçməsi haqqında vəsatət təqdim edə bilməmişdir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-760/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh Alı oğlu arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 122 №-li müqavilədən görünür ki, İddiaçı 816 manat olan əşyanı Cavabdeh Alı oğluna “Ödəniş Cədvəlinə” uyğun olaraq ayda 68 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışa əsasən tərəflər arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh Alı oğlunun hal-hazırda 612 manat əsas borcu, 100 manat cərimə borcu olmaqla, ümumulikdə 712 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Alı oğlu borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Alı oğlu arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 816 manat olan məişət avadanlığını müəyyən olunmuş müddət ərzində ödəmək şərti ilə iddiaçıdan almış, müqavilə şərtlətini pozaraq vaxtı-vaxtında ödəniş etməmiş, nəticədə 612 manat əsas borcu, 100 manat cərimə borcu yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş və borcunu könüllü ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini əsas borc hissəsində tam, cərimə hissəsində qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından və iş materiallarından olan 11 may 2023-cü il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiqi dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Qanunvericilik mülki hüquq və vəzifələrin yaranması, də yişməsi və xitamını məhz müddətlərin başlanması və ya xitamı ilə əlaqələndirir və pozulmuş hüquqların bərpa edilməsi üçün müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinıə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından da göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmədiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə baxıla bilməz. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-760/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-2038/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2038/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver