Məhkəmə qərarları › İş №2(104)-2051/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2051/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2051/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmədəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeha qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə ödənilməmiş 93.000 manat məbləğində borcun və ödənilmiş 369 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binası mülkiyyətçi X7 ilə aralarında bağlanmış AN-İ ******* saylı, 18 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tarixdən onun mülkiyyətinə keçmişdir. Göstərilən alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli çıxarışla həmin qeyri-yaşayış sahəsinin mülkiyyətində olması təsdiq olunur. Keçmiş mülkiyyətçi X7 ilə hazırda cavabdeh olan Cavabdeh aralarında bağlanılmış 5 mart 2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binasından 480 kv.m Cavabdeh icarəyə verilmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilərək reyestrdə 3M-74 nömrə ilə qeydə alınıb informasiya sisteminə daxil edilmiş 5 mart 2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndində göstərilmişdir ki, icarə müddəti xx.xx.2023-cü ilədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən X5 aylıq 2000 manat 00 qəpik icarə haqqı ödəyir. Həmin müqavilənin 7-ci bəndinə görə icarəçi, icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Həmin müqavilənin 12-ci bəndinə görə kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları “İcarəçi”(lər) tərəfindən ödənilir. Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilərək reyestrdə 3M383 nömrə ilə qeydə alınaraq informasiya sisteminə daxil edilmiş, müqavilə tərəfləri icarəyə verən X7 ilə icarəçi Cavabdeh arasında bağlanılmış 3M-74 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi barədə 17 may 2021ci il tarixli müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, “əmlak icarəyə verən tərəfindən özgəninkiləşdirildikdə icarə obyektini almış yeni mülkiyyətçi icarəyə verənin eyni hüquqvəzifələri yeni mülkiyyətçiyə keçir. İcarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.” Həmin müqavilədə daha sonra göstərilmişdir ki, bu müqavilə 3M-74 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsidir. İcarə müqaviləsinə əsasən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 2000 manat göstərilsə də, faktiki olaraq icarəyə götürənlə icarəyə verən arasındakı razılaşmaya əsasən aylıq icarə haqqı 7000 manat məbləğində ödənilmişdir. Torpaq və qeyri-yaşayış sahəsi alınarkən mülkiyyətçi ilə birlikdə hazırda cavabdeh olan icarəyə götürən Cavabdeh ilə görüşərək icarə müqaviləsində nəzərdə tutulanların eyni qaydada saxlanılması barədə razılığa gəlmişlər. Ona görə də, müqavilə üzrə əmlak mülkiyyətinə keçdiyi 18 may 2021-ci ildən qeyri-yaşayış sahəsi onların istifadəsində olduğu müddətdə icarə müqaviləsi üzrə yaranmış 150.000 manat borcdan cavabdeh tərəfindən cəmi 57.000 manat ödənilmiş və aralarında razılaşdırılmış borc məbləği 93.000 manat təşkil etmişdir. Göstərilənlərə və qarşılıqlı razılaşmaya əsasən xx.xx.2021-ci ildə Cavabdeh rəsmi qaydada müraciət edərək, əmlakın mülkiyyətinə keçməsini bir daha ona bildirmiş və qeyri-yaşayış binasında olan obyektin icarə haqqını bank hesabına ödəməsini xahiş edərək, bank rekvizitlərini ona göndərmişdir. Bundan sonra yaranmış borc məbləği ödənilmədiyi üçün xx.xx.2023-cü il tarixdə onun rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvana, xx.xx.2023-cü il tarixdə isə obyektin yerləşdiyi ünvan 3 ünvanına dövlət poçtu vasitəsi ilə xəbərnaməli bildiriş göndərərək borcun ödənilməsini xahiş etmişdir. Borc ödənilmədiyi halda borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehi xəbərdar etmişdir. Poçt vasitəsi ilə cavabdehin ünvanlarına göndərilmiş hər iki məktub müxtəlif qeydlərlə geri qaytarılmışdır. Yəni cavabdeh ünvanda olduğu halda məktub tərəfindən qəbul edilməmişdir. Ona görə də, cavabdehə qarşı hazırki iddianın qaldırılması zəruri olmuşdur. Cavabdeh qarşılıqlı razılaşma və müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsindən narazı qalan İddiaçı və onun vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi, tələbinə dair iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qətnaməsini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmamış, iş materiallarında olan yazılı sübutlara və CD Disk-də olan səs yazısına hüquqi qiymət verilməmiş, cavabdehin məhkəmədə iştirakı təmin edilməmiş və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən hərtərəfli, obyektiv və qanunauyğun qətnamə çıxarılmadığından Konstitusiya ilə qorunan hüquqları pozulmuşdur və ədalətli məhkəmə müdafiəsindən məhrum olunmuşdur. Məhkəmə qətnaməsini əsaslandırarkən ümumiyyətlə hər maddi hüquq normasına istinad etməmişdir. İddia tələbində göstərilmişdir ki, qeyri yaşayış binasının əvvəlki mülkiyyətçisi Vaseh Abbasov ilə alqı-satqı müqaviləsi bağlamamışdan əvvəl onunla və hazırki Cavabdehlə birlikdə onlar arasında bağlanılmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi ilə bağlı ətraflı danışıb razılığa gəlmişdilər ki, həmin müqavilə əmlak digər mülkiyyətçiyə keçdikdən sonra ləğv edilməsin, əvvəlki şərtlərlə davam etsin və bunun üçün onlar arasında İcarə Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Əvvəlki şərt isə bundan ibarət olmuşdur ki, aylıq icarə haqqı 7000 (yeddi min) manatdır. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh qarşılıqlı razılaşma əsasında aylıq ödəniş məbləğini qəbul etmiş, ancaq müəyyən müddətdə mülkiyyətin əvvəlki sahibi ilə aralarında alqı-satqı müqaviləsi üzrə qiymətlə bağl ıməhkəmə mübahisəsi yarandığından həmin dövrdə icarə haqqını ödəməmiş, üzərinə götürdüyü öhdəliy icra etməmiş, ancaq ödəyəcəyinə söz vermişdir. Sonradan isə icarə haqqını ödəmədiyinə görə həmin müqaviləyə xitam verilmişdir. Həmin vaxtda da aralarında olan razılığa əsasən o, icarə müqaviləsi üzrə 150000 (bir yüz əlli min) manat borcu olduğunu etiraf etmiş və bu barədə səs yazısı olan CD Disk məhkəməyə təqdim edilmişdir. Borcdan 57000 (əlli yeddi min) manat ödənilmiş, aralarında razılaşdıqları borc məbləği 93000 (doxsan üç min) manat olmuşdur. Borcun ödənilməsi barədə ona dəfələrlə yazılı bildiriş göndərilsə də o, həmin bildirişlərə rəsmi cavab verməmiş, ancaq borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə qətnaməsində həmin maddəyə istinad etsə də, iş materiallarında olan yazılı sübutlara, cavabdehə göndərilmiş bildirişlərə, cavabdehin səs yazısı olan CD Diskə və iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verməmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə faktiki halları nəzərə almadan ancaq müqavilədə göstərilən aylıq icarə haqqı məbləğinə istinad edərək iddia tələbini təmin etməmişdir. Tərəflərindən iddia tələbini sübut etmək üçün yuxarıda qeyd edilən təsdiq edici sübutlar təqdim edilmiş, cavabdeh isə yuxarıda göstərildiyi kimi məhkəmə iclasında iştirak etməmiş və hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş sübutlar tədqiq edilməmiş, iş materiallarında olan sübutlara hüquqi qiymət verilməmiş və nəticədə əsassız qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən təqdim etdikləri subutlara düzgün hüquqi qiymət verilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Belə ki, təqdim edilən bildirişlərdən və CD Diskdə olan səs yazısından müəyyən edilir ki, cavabdeh ilə aralarında aylıq icarə haqqı və borc məbləği barədə razılaşmalar olmuşdur. Ancaq məhkəmə həmin faktiki halları aydınlaşdırmamışdır. Məhkəmənin qətnaməsində ancaq aylıq icarə haqqının müqavilədə göstərilən məbləği əsas götürülməklə iddia tələbi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli qəbzlə 57000(əlli yeddi min) manat ödənilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022- ci il tarixə qədər olan müddət 19 ay təşkil edir. Əgər həmin müddət üçün müqavilədə göstərilmiş həcmdə ödəniş edilirdisə, onda bu məbləğ 38000 (otuz səkkiz min) manat (19 ay x 2000 manat) olmalı idi. Yox əgər bütün icarə dövrü üçün, baxmayaraq ki, icarə dövrü hələ başa çatmamışdır ödəniş edilirdisə onda bu məbləğ 21,5 ay təşkil etməklə 43000(qırx üç min) manat olmalı idi. Birinci halda icarəçinin ödəniş dövrü üçün icarə müqaviləsində nəzərdə tutulmuş məbləğdən ümumilikdə 19000(on doqquz min) manat çox ödəməsi onun faktiki olaraq aylıq 7000 (yeddi min) manat icarə haqqı ödəməsini qəbul etdiyini sübut edən haldır. Məhkəmə isə sadəcə olaraq icarə müqaviləsində icarə haqqının 2000(iki min) manat göstərildiyinə istinad edərək qətnamə çıxarmış, digər hallara, aralarında olan razılaşmaya isə obyektiv hüquqi qiymət verməmişdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh qarşılıqlı razılaşma əsasında aylıq ödəniş məbləğini qəbul etmiş, ancaq müəyyən müddətdə mülkiyyətin əvvəlki sahibi ilə aralarında alqı-satqı müqaviləsi üzrə qiymətlə bağlı məhkəmə mübahisəsi yarandığından həmin dövrdə icarə haqqını ödəməmiş, üzərinə götürdüyü öhdəliy icra etməmiş, ancaq ödəyəcəyinə söz vermişdir. Sonradan isə icarə haqqını ödəmədiyinə görə həmin müqaviləyə xitam verilmişdir. Həmin vaxtda da aralarında olan razılığa əsasən o, icarə müqaviləsi üzrə 150000(bir yüz əlli min) manat borcu olduğunu etiraf etmiş və bu barədə səs yazısı olan CD Disk məhkəməyə təqdim edilmişdir. Borcdan 57000(əlli yeddi min) manat ödənilmiş, aralarında razılaşdırılmış borc məbləği 93000(doxsan üç min) manat olmuşdur. Borcun ödənilməsi barədə ona dəfələrlə yazılı bildiriş göndərilsə də o, həmin bildirişlərə rəsmi cavab verməmiş, ancaq borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən ümumiyyətlə hər maddi hüquq normasına istinad etməmişdir. İddia tələbində göstərilmişdir ki, qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisi Vaseh Abbasov ilə alqı satqı müqaviləsi bağlamamışdan əvvəl onunla və hazırki Cavabdehlə birlikdə onlar arasında bağlanılmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi ilə bağlı ətraflı danışıb razılığa gəlmişdilər ki, həmin müqavilə əmlak digər mülkiyyətçiyə keçdikdən sonra ləğv edilməsin, əvvəlki şərtlərlə davam etsin və bunun üçün onlar arasında İcarə Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021- ci il tarixli Müqavilə bağlanmışdır. Əvvəlki şərt isə bundan ibarət olmuşdur ki, aylıq icarə haqqı 7000(yeddi min) manatdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Məhəmədəli oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olmuş və fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti məktəbli formalarının pərakəndə satışı olmuş və fəaliyyəti müvəqqəti dayandırılmışdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsindən İddiaçı və onun vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-3599/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar