Məhkəmə qərarları › İş №2(104)-2052/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2052/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2052/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat və tərəfindən ödənilmiş 34 manat dövlət rüsumunun, cəmi 1434 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli nömrəli qətnaməsi ilə (sədrlik edən F.Abdullayev) İddiaçı oğlunun Cavabdeh qarşı «pul » tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh tanıdığı üçün ona bir dəfə 800, bir dəfə də 600 manat olmaqla, ümumilikdə 1400 manat borc pul vermiş, bununla əlaqədar da qəbz imzalatdırmışdır. Bütün bunları məhkəməyə təqdim edərək cavabdehdən pulunun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini istəmişdir. Lakin hakim onun ərizəsinə baxaraq qanunsuz qətnamə qəbul etmiş və iddianı təmin etməmişdir. Verdiyi qəbzlər neçə il bundan qabaq yazıldığına görə deformasiyaya uğramasını bildirsə də, onun izahatını nəzərə almamışdır. Qəbzlər həqiqidir. Bərdə Rayon Məhkəməsi isə qərəzli davranaraq bunu nəzərə almamışdır. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, məhkəməyə təqdim etdiyi qəbzlər neçə ildir ki, qatlanmış formada saxlandığına görə cırılmış, ona görə də o, həmin qəbzləri yapışdırmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: qəbzlərdən görünür ki, biri latın əlifbasında-“Mən X1 Cəmlədən 800 yüz manat səkis yuz manat pul aldım. iki il yarım aya” sözləri, digəri kiril əlifbasında -“X5 Əlişova Cəmildən altı yüz 600 nəğdi pul aldım. bir səkkiz aya ödəyəcəm. 2014.11.7” sözləri yazılmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sübut növü kimi 2 ədəd qəbz və 1 ədəd disk təqdim olunmuşdur. Diskə baxış zamanı heç bir video-görüntü və audio-yazı aşkar edilməmişdir. Təqdim olunmuş qəbzlərin biri latın əlifbasında-“Mən X1 Cəmlədən 800 yüz manat səkis yuz manat pul aldım. iki il yarım aya” sözləri, digəri kiril əlifbasında -“X5 Əlişova Cəmildən altı yüz 600 nəğdi pul aldım. bir səkkiz aya ödəyəcəm. 2014.11.7” sözləri yazılmış və hər ikisində imza çəkilmiş hissələr sonradan skoç vasitəsilə yapışdırılmışdır. İddiaçı qəbzlərin köhnəlib cırıldığı üçün yapışdırdığını bildirsə də, həmin qəbzlərin qayçı ilə kəsildiyi aydın görsənir. Həmçinin qəbzlər bir-birindən gözlə görüləcək dərəcədə fəqli xətlərdə yazılmışdır. Odur ki, həmin qəbzlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (köhnə redaksiyada) 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 800 manat və 600 manat olmaqla ümumlikdə 1400 manat məbləğində pul verməsini göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş və həmin hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İddiaçı tərəfindən sübut növü kimi təqdim edilən qəbzlərin hər ikisində imza çəkilmiş hissələr sonradan skoç vasitəsilə yapışdırılmışdır. İddiaçı qəbzlərin köhnəlib cırıldığı üçün yapışdırdığını bildirsə də, həmin qəbzlərin qayçı ilə kəsildiyi aydın görsənir. Ona görə də, kollegiya iddiaçının həmin dəlilini inandırıcı və səmimi hesab etmir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1176/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar