Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2059/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(042)-791/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan pul mübahisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 7120 manat borcun və 1 baş qoyun, 2 baş quzunun, eləcə də 90 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir tanıyır və münasibətləri normal olmuşdur. O, Cavabdeh 1520 manat dəyərində ərzaq malları vermişdir. Bundan başqa birlikdə xırda buynuzlu qoyun almışlar. Cavabdeh həmin məsələyə görə də ona 3800 manat və və onun faizi 1800 manat verməlidir. Həmçinin cavabdeh əlavə ona 1 qoyun və 2 quzu ödəməlidir. Beləliklə, Cavabdeh ona cəmi 7120 manat və bir baş qoyun, 2 baş quzu ödəməlidir. O, cavabdehin borcu barədə Gədəbəy rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Gədəbəy rayon polis şöbəsində cavabdeh may ayının axırı kimi onun borcunu ödəyəcəyinə söz vermiş, lakin borcunu verməmişdir. Gədəbəy rayon Polis şöbəsi tərəfindən ona borc məsələsi mülki xarakterli tələb olduğu üçün məhəkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. Gədəbəy Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(042)-791/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) İddiaçı Cavabdeh qarşı “pul və heyvan” tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş 90 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 385.1 və 386.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun Gədəbəy rayonu Çalburun kəndində özünə məxsus ərzəq mağazası var. Cavabdeh isə həmin mağazaya gələrək 1520 manat dəyərində nisyə ərzaq almışdır. Bundan sonra onunla birlikdə iş görmüşlər. 3800 manat dəyərində iri və xırda buynuzlu heyvan almaq üçün pul vermiş və o bildirmişdir ki, 1 qoyun və 2 quzu ödəməlidir. Ona dəfələrlə borcunu qaytar demiş, lakin qaytarmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, başqa şəxsdən 20000 manat borc götürərək cavabdehlə şərikli iş qurmuşlar. Bundan sonra Cavabdehla bir yerdə Gəncə şəhərində yerləşən heyvan bazarına getmişlər və 11520 manat dəyərində 75 baş ana-bala qoyun almışlar. Həmin puldan 3600 manatını özü, 3000 manatını isə Turala vermişdir. Qalan pulada heyvan üçün yemi almışlar. Aldıqları 75 baş qoyundan 5 başı tələf olmuşdur. Qalıq 70 baş qoyundan 44 başı cəmi 9500 manata satmışlar. Satışdan əldə olunan 9500 manat vəsaitlə də borclarından ödəmişdir. Yerdə qalan 26 baş qoyunu isə cavabdehlə öz aralarında bölməklə hər biri 13 baş qoyun götürmüşlər. Cavabdeh özünə götürdüyü 13 baş heyvanı 2950 manata satmış və həmin vəsaiti də ona vermişdir. Əslində, cavabdeh 6750 manat məbləğində pul verməli olduğu halda, ona 2950 manat pul vermiş, qalan məbləği qaytarmamışdır. Hazırda cavabdehin heyvanlara görə 3800 manat, mağazadan aldığı ərzaq məhsullarına görə isə 1520 manat borcu vardır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, razılaşmalarına əsasən heyvanları aşağı yaylağa qədər cavabdeh otarmalı, ondan sonra başqa çobana təhvil verməli idi. Həmin çoban da təxminən 2 ay heyvan otarmışdır. Bütün xərclər çıxıldıqdan sonra yerdə qalan qazancı aralarında bölməliydilər. Lakin, hələ qazanc əldə etməmiş razılaşmaları pozulmuş və ayrılmışlar. Pulu gec qaytardıqlarına görə borc götürdükləri şəxsə 23000 manat pul qaytarmalı olmuşdur. Özü çobana pul verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında olan razılaşmaya görə, iddiaçı heyvan almalı, o isə heyvanları otarmalı olmuşdur. İddiaçı ilə birlikdə 11520 manat dəyərində 75 baş ana-bala qoyun almışlar. Aldıqları 75 baş qoyundan 5 başı tələf olmuşdur. Qalıq 70 baş qoyundan 44 başı satmışlar və satışdan əldə olunan vəsaiti iddiaçı özü götürmüşdür. Yerdə qalan 26 baş qoyunu isə iddiaçı ilə öz aralarında bölməklə hər biri 13 baş qoyun götürmüşlər. Özünə götürdüyü 13 baş heyvanı da 2950 manata satmış və həmin vəsaiti də iddiaçıya vermişdir. Onun cavabdehə heç bir borcu olmamışdır. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ilə aralarınakı razılığa əsasən xırda buynuzlu heyvan alınmalı, həmin heyvana o nəzarət etməli, bir müddətdən sonra heyvanları satıb borca götürülən pulu qaytarmalı, daha sonra isə yerdə qalan qazancı aralarında bölməli idilər. Həmçinin bildirmişdir ki, iddiaçı təsərrüfata qoyduğu pul 14500 manat vəsait olmuşdur. Həmin puldan 11520 manat heyvanların alınmasına, 200 manat Elçin adlı çobana əmək haqqı verilib, 3000 manat isə otun alınmasına sərfh olunub. Bundan başqa iddiaçı tərəfindən hər hansı vəsait təsərrüfata xərclənməmişdir. Onun ərzaq məhsullarının nisyə alqı-satqısına görə iddiaçıya 1520 manat borcu olmuşdur ki, həmin vəsaiti də iddiaçıya tam ödəmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
12. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
13. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir
14. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
15. Maddə 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
16. Maddə 65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1520 manat vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmışdır. İddiaçı 11520 manat dəyərində 75 baş qoyun almış, habelə 3000 manat dəyərində ot almış, 200 manat isə çobana əmək haqqı olaraq verilmişdir. Ümumilikdə təsərrüfatın qurulmasına görə 14520 manat vəsait sərf edilmiş, Cavabdeh isə təsərrüfatın idarəçiliyini öz üzərinə götürmüşdür. Bununla yanaşı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 1520 manat dəyərində ərzaq məhsulları nisyə şəkildə satılmışdır. İddiaçı Cavabdeh təsərrüfata görə olan borcunu, habelə nisyə aldığı ərzaq məhsullarına görə yaranan borcunu ödəmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
39. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
40. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
41. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
42. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. İlk öncə qeyd edilməlidir ki, İddiaçı tələbi 3 hissədən ibarətdir: 1) cavabdehlə ortaq qurduqları təsərrüfata görə ödənilməli vəsait; 2) nisyə satılmış ərzaq məhsullarının dəyərinin ödənilməsi; 3) 1 baş qoyun və 2 baş quzu, yaxud dəyərinin qaytarılması. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə iddianın ortaq təsərrüfata görə ödənilməli vəsaitlə bağlı hissəsi araşdırılmalıdır.
44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə şərik olaraq gördükləri iş üzrə mənfəətin bölüşdürülməsindən doğan mübahisədir. Tərəflər hüquqi şəxs yaratmasa belə onların məqsədi mənfəət əldə etmək üçün təsərrüfat ortaqlığının yaradılmasından ibarət olmuşdur. Ona görə də Mülki Məcəllənin 11.1-ci maddəsinə uyğun olaraq qanunun analogiyasından istifadə edilməlidir. Həmin normada göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
45. Mülki Məcəllənin 64.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
46. Həmin Məcəllənin 64.8-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. 47 Mülki Məcəllənin 65.3.1-ci maddəsində göstərilmişdir ki, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar.
48. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. (Mülki Məcəllənin 69.1 və 72.1-ci maddələri).
49. Mülki Məcəllənin 74.1-ci maddəsində göstərilmişdir ki, tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir.
50. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, aralarındakı razılaşmaya əsasən iddiçı təsərrüfatın xərclərini üzərinə götürmüş, cavabdeh isə xırda buynuzlu heyvanlara nəzarəti və bununla bağlı görüləcək işləri üzərinə götürmüşdür. Bu məqsədlə 11520 manat dəyərində 75 baş qoyun, habelə 3000 manat dəyərində ot alınmış, habelə heyvanların otarılması üçün çobana 200 manat vəsait sərfh olunmuşdur. Göstərilən hallar tərəflərin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapır. (bax bu qətnamənin 9-10 cu bəndləri).
51. Həmin izahatlarla həmçinin müəyyən olunur ki, tərəflər ortaq təsərrüfat qurarkən aldıqları 75 baş qoyundan 5 başı tələf olmuşdur. Qalıq 70 baş qoyundan 44 başı cəmi 9500 manata satılmışdır. Satışdan əldə olunan 9500 manat vəsait də iddiaçıya qaytarılmış, yerdə qalan 26 baş qoyun isə ortaqlar arasında bölüməklə hər biri 13 baş qoyun götürmüşlər. Cavabdeh özünə götürdüyü 13 baş heyvanı 2950 manata satmış və həmin vəsaiti də iddiaçıya vermişdir (bax bu qətnamənin 9-10 cu bəndləri).
52. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında təsərrüfat qurmaq üçün başqa şəxsdən 20000 manat borc aldığını bildirsə də, lakin təsərrüfatın qurulması üçün məhz həmin məbləğdə vəsait sərf etməsini sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı borca götürdüyü 20000 manatdan 3600 manatını özü üçün götürdüyünü bildirmişdir. Bununla belə, iddiaçı borca aldığı vəsaitdən 3600 manat da cavabdehə verdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş; cavabdeh tərəfdə həmin arqumentləri qəbul etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahatın sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 11520 manat dəyərində 75 baş qoyun, habelə 3000 manat dəyərində ot almışdır və 200 manat çoban Elçin Bağırova vermiş, ümumilikdə onların ortaq təsərrüfatının qurulmasına görə 14720 manat vəsait sərf edilmişdir.
54. Tərəflərin ortaq təsərrüfatının qurulması üçün sərf edilmiş vəsait məbləği müəyyən edildiyindən artıq növbəti araşdırılmalı məsələ həmin təsərrüfatdan hansı məbləğdə mənfəət əldə edilməsi və ya zərər edilməsinin müəyyənləşdirilməsindən ibarətdir.
55. İşin halları bu aspektdə araşdırılarkən müəyyən edilir ki, tərəflərin ortaq təsərrüfatında olan 70 baş qoyundan 44 başı cəmi 9500 manata satmışlar. Satışdan əldə olunan 9500 manat vəsait də iddiaçının təsərrüfat qurarkən aldıqları borcun ödənilməsinə yönəldilmişdir. Yerdə qalan 26 baş qoyun isə tərəflər aralarında bölünməklə hər biri 13 baş xırda buynuzlu heyvan götürmüşlər. Cavabdeh özünə götürdüyü 13 baş heyvanı 2950 manata satmış və həmin vəsaiti də iddiaçıya ödəmişdir. İddiaçının özünə götürdüyü cəmi dəyəri 2950 manat olan 13 baş qoyun da iddiaçının özündə olmuşdur.
56. Məhkəmə kollegiyası tərəflərin ortaq təsərrüfatının qurulmasına 14720 manat vəsait sərf edilməsini, habelə həmin təsərrüfatdan əldə edilən (9500+2950+2950 (iddiaçıda qalan 13 baş qoyunun dəyəri) =15400) 15400 manat vəsaitin də cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə işin hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, tərəflərin ortaq təsərrüfatına görə cavabdehin iddiaçıya ödəməli borcu (öhdəliyi) qalmamışdır. Ona görə də iddia tələbinin ortaq təsərrüfata görə ödənilməli vəsaitlə bağlı hissəsi təmin edilməməlidir.
57. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin nisyə satılmış ərzaq məhsullarının dəyərinin ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında ərzaq məhsullarının nisyə alqı-satqısına görə iddiaçıya 1520 manat borcu olduğunu və həmin borcu iddiaçıya ödədiyini bildirmişdir.
58. Beləliklə, cavabdehin iddiaçıdan 1520 manat dəyərində ərzaq məhsullarını nisyə almasına görə ona 1520 manat borclu olması cavabdehin izahatı ilə öz təsdiqini tapır; həmin borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
59. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
60. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
62. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
63. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, İddiaçı Cavabdeh 1 baş qoyun və 2 baş quzu tələb etsə də, lakin cavabdehin ona həmin xırdabuynuzlu heyvanları qaytarmaq öhdəliyinin olması barədə hər hansı sübut təqdim etməmiş, ümumiyyətlə iddiaçı bu hissədə iddiasını əsaslandırmamışdır. Cavabdeh tərəf də öz növbəsində bu halı qəbul etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 1 baş qoyun və 2 baş quzunun cavabdehdən aılınaraq iddiaçıya verilməsi hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
64. Həmçinin işdən müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə 90,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 35,20 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalıq 55,20 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(042)-791/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1520 (bir min beş yüz iyirmi) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,20 (otuz beş manat iyirmi qəpik) manat, cəmi 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat vəsait tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalıq 55,20 manat hissəsi iddiaçıya aid edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.