Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2060/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Alimentin artırılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(042)-755/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə, X4 xx.xx.2012-ci il tarixdə doğulmuşlar, uşaqların atası Cavabdeh, anaları İddiaçıdır;
2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-104/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 10 noyabr 2021-ci il tarixdən başlayaraq, 29 iyul 2012-ci il təvəllüdlü X1 və 29 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 150 manat olmaqla, iki uşaq üçün 300 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir;
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 may 2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;
4. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “X3 Evrascon” ASC-də 5-ci dərəcəli ağır texnikalar üzrə çilingər vəzifəsində işləyir və aylıq əmək haqqı 575 manat təşkil edir;
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh, anası X7r;
6. Cavabdeh aid xəstəlik sənədlərindən görünür ki, Cavabdeh “L5-S1 arası diskin orta yırtığı, sol pəncənin parezi ilə” diaqnozu qoyulmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəmədə iddia qaldıraraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il doğum tarixli X2 və xx.xx.2012-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 104/2022 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 150 manat, cəmi 300 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün cəmi 470 manat manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə faktiki ailə qurmuş, aralarında rəsmi nikah olmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ei il təvəllüdlü X4 adında iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra o aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-104/2022 nömrəli qətnaməsi ilə hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində cəmi 300 manat aliment müəyyən edilmişdir. Hazırda o həmin məbləğlə uşaqlarına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır. 150 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Cavabdeh ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Alimentin artırılması üçün kifayət qədər əsaslar vardır. Belə ki, cavabdeh Bakı şəhərində Azərkörpü şirkətində işləyir, cavabdehin aylıq gəliri 1000 manatdan yuxarıdır. Yəni, cavabdehin bu gün ona hər uşaq üçün 235 manat aliment ödəməyə kifayət imkanı vardır.
9. Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(042)-755/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-104/2022 saylı qətnaməsi ilə – 29 oktyabr 2008-ci il təvəllüdlü X2 və 29 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 150 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 180 manat olmaqla, iki uşaq üçün cəmi 360 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi; Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi; Alimentin yeni miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1 və 112.1-ci maddələrinə, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 13-cü maddələrinə, habelə “Azərbaycan Respublikasına 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə alimenti vaxtı-vaxtında ödəyəcəyini öz öhdəliyinə götürür. Çünki, uşaqlar onun övladlarıdır və bir ata kimi onların saxlanılması da onun borcudur. Lakin, mübahisələndirdiyi məqam alimentin məbləğinin düzgün hesablanmaması, aliment məbləği müəyyənləşdirilərkən əsaslı araşdırmanın aparılmamasıdır. Bunun nəticəsində maddi cəhətdən çətinliklərlə qarşılaşır. Ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan başqa övladı var. Bundan başqa, kirayə qalır, kredit öhdəliklərini icra edir. Belə olan halda gündəlik xərclərini çətinliklə ödəyə bilir. Həmçinin, səhhətinin qənaətbəxş olmaması səbəbindən əməliyyat olmuşdur və hazırda müalicə alır. Bütün bunlar kifayət qədər vəsait tələb edir ki, aylıq əmək haqqı bu vəsaitləri qarşılamağa yetərli deyildir. Qeyd olunan hallar məhkəmənin diqqətinə çatdırılsa da, lakin məhkəmə bunlara nəzər yetirməmişdir. Formal olaraq yekun məhkəmə aktı çıxarılmış, alimentin məbləği əhəmiyyətli dərəcədə artırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ikinci nikahından da uşağı dünyaya gəlmişdir. Ayda 575 manat əmək haqqı alır. Hazırda müəyyən olunmuş məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işləmir və hər hansı gəliri yoxdur. Əvvəllər müəyyən edilmiş 150 manat aliment məbləği ilə hazırkı dövrdə uşaqların dolanışıq xərclərini qarşılamaq mümkün deyildir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
19. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il X4 adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların uşaqlarının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat aliment tutulmuşdur. Hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini bildirir və müəyyən olunmuş alimentin artırılmasını tələb edir. Bununla yanaşı müəyyən olunur ki, iddiaçı işləmir və hər hansı gəliri yoxdur. Cavabdeh isə çilingər işləyir ayda 575 manat əmək haqqı alır. Cavabdehin dəlili ondan ibarətdir ki, yenidən ailə qurmuşdur və həmin ailədən bir uşağı vardır, həmçinin maddi vəziyyətində dəyişiklik olmamışdır, bu səbəbdən aliment məbləği artırılmamalıdır.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Ailə qanunvericiliyinin müvafiq hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu bir neçə dəfə artırılaraq sonuncu dəfə 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər uşaq üçün cavabdehdən tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
35. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir.
36. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
37. Belə ki, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və tərəflərin ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər uşaq üçün 180 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
38. Xüsusilə nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
39. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
40. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
41. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil.
42. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 720 (60 manat *12 ay) manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(042)-755/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.