Məhkəmə qərarları › İş №2(104)-2066/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2066/2024

31.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2066/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldıraraq, Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında ayrılmış 0,06 hektar həyətyanı torpaq sahəsinin adlarına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Mübariz Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ayrılmış, ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin ölçülməsinə edilən süni maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi obyektiv araşdırmamış, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Poblik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarını məhkəməyə dəvət edilməmiş, onlara süni mane törədən şəxsi müəyyən edilməmişdir. Çünki o, heç kəsə süni maneə törətməmişdir. Belə olan halda qətnamə icra olunacağı təqdirdə maneənin başqa şəxs tərəfindən törədilməsi müəyyən olunduğu təqdirdə qətnamənin icrası mümkünsüz olacaqdır. İddiaçı onun tərəfindən maneə törədilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı torpaq sahəsinin ona məxsus olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç biri üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 26 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinin ölçülməsinə maneələr yaratmamışdır. Ona görə də, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialların olan: “Evlənmə haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 ilə İddiaçı arasında nikah 25 noyabr 1969-cu ildə Xanlar rayonu VVAQ şöbəsində 56 nömrəli akt qeyd ilə rəsmiləşdirilmişdir. “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı protokolunun Arxiv çıxarışından görünür ki, Xanlar şəhərinin 10-cu və 11-ci məhəllələrində tikilən fərdi yaşayış evləri ilə Gəncə-Hacıkənd asfald yolunun arasında olan 19,56 hektar torpaq sahəsi həyətyanı məqsədi üçün ayrılmışdır. Göygöl rayonu Dövlət Arxivinin 22 fevral 2021-ci il tarixli 33 saylı Arxiv arayışından görünür ki, Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli 05 saylı qərarı əsasında X4 fərdi yaşayış evi tikilməsi üçün 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. 22 avqust 2019-cu il tarixli, 2V-1213 nömrəli “qanun üzrə vərəsəlik şəhadətnamə”sindən görünür ki, 02 sentyabr 2014-cü il tarixdə ölmüş X3 miras əmlakdan arvadı İddiaçı tam hissədə irs almışdır. Miras əmlak X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 57,9 kvadrat metr olan 1 otaqlı mənzildir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 21 iyun 2013-ci il olan Çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində ünvan 3 ünvanında, 0,06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayş evi vardır. “Torpağın mülkiyyət hüququna dair” JN-0067 (Kod:5********) nömrəli Dövlət Aktından məlum olur ki, Xanlar Aqrar-İslahat Komissiyasının 01 avqust 2003-cü il tarixli, 08 saylı qərarı ilə, Cavabdeh mülkiyyətinə kənnt təsərrüfatı məhsulları istehsalı üçün0,43 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 may 2023-cü il tarixli məktubundan məlum olur ki, həyətyanı torpaq sahəsi üzərində mübahisə olmasına və müayinə, baxış aparılmasəna şərait yaradılmamasına görə, İddiaçı ərizəsinin icra edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyesytri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 25 fevral 1991ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı X2 ölmüş və iddiaçı vərəsə kimi həmin torpaq sahəsini sənədləşdirmək istəsə də, Cavabdeh tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına müəyyən ölcü işləri aparılmaına maneələr yaradılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, Xanlar (indiki Göygöl) rayon X10 İcariyyə Komitəsinin 25 fevral 1991-ci il tarixli qərarı ilə İddiaçı mərhun X2na fərdi yaşayış evi tikilməsi üçün ünvan 1 ünvanında 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin 06 hektar həyətyanı torpaq sahəsinə səhv olaraq X7 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə verilmiş, X2nun iddia tələbinə əsasən, Göygöl Rayon Məhkəməsin 2(066)-152/2011 saylı, 10 may 2011-ci il tarixli qətnaməsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1213A nömrəli şəhadətnamə ləğv edilmişdir. X2 02 sentyabr 2014-cü il tarixdə ölmüşdür. Bundan sonra o, ərinin 1-ci növbəli vərəsəsi olaraq, 22 avqust 2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə üzrə əri X1 miras qalmış ünvan 5 ünvanda yerləşən evə onun mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmiş, nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı vərəsə kimi torpaq sahəsini sənədləşdirmək istəsə də, Cavabdeh tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına müəyyən ölçü işləri aparılmaına maneələr yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehin onun tərəfindən heç kəsə süni maneə törətməməsi, belə olan halda qətnamə icra olunacağı təqdirdə maneənin başqa şəxs tərəfindən törədilməsi müəyyən olunduğu təqdirdə qətnamənin icrasının mümkünsüz olacağına dair dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-49/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar