Məhkəmə qərarları › İş №2(104)-2074/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2074/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2074/2025 15.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit, kreditə förə hesablanmış faizi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(021)-346/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 dekabr 2022-ci il tarixli, 2022-18-33 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 istehlak məqsədləri üçün 27 oktyabr 2023-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək hər ay 410 manat ödəmək şərti ilə 24 ay müddətinə, illik faiz dərəcəsi 32 olmaq şərti ilə 6000 manat kredit verilmişdir.

2. 27 dekabr 2022-ci il tarixli 2022-18-33 saylı zaminlik müqaviləsindən görünür ki, kreditorla Cavabdeh1 ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır.

3. Maliyyə arayışından görünür ki, 27 dekabr 2022-ci il tarixli 2022-18-33 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 05 sentyabr 2024-cü il tarixə 4672,15 manat əsas, 1602,85 manat faiz boru olmaqla, cəmi 6275 manat borcu qalmışdır.

4. Hesabdan çıxarışdan görünür ki, 27 dekabr 2022-ci il tarixli 2022-18-33 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 09 sentyabr 2024-cü il tarixə 4588 manat əsas borc, 1602,00 manat faiz boru olmaqla, cəmi 6190 manat borcu qalmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 4672,15 manat əsas, 1602,85 manat faiz borcu olmaqla, cəmi 6275,00 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82,75 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 dekabr 2022-ci il tarixli 2022-18-33 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 32 % kreditdən istifadəyə görə haqq ödənilmək şərti ilə 6000 manat istehlak krediti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kreditin təminatı qismində həmin tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilmədindən borcalan Cavabdeh1 05 sentyabr 2024-ci il tarixə "xxxx" MMC-yə 6000 manat əsas, 3840 manat faiz və 240 manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh (kredit alan) Cavabdeh1 tərəfindən itifaqa ödənilmiş 3805 manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğdən çıxılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini İttifaq qarşısında tam icra etməyən Cavabdeh1 05 sentyabr 2024-cu il tarixə 4672,15 manat əsas və 1602,85 manat faiz borcu qalmışdır. Aralarında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görədə məhkəməyə müraciət olunmuşdur.

7. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(021)-346/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3820,36 manat əsas, 721,48 manat faiz olmaqla, cəmi 4541,84 manat kredit borcu, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65,42 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi; İddia tələbi qalan hissədə təmin olunmaması; İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** m/h AZ41NABZO013601**********3944, SWİFT Bik:CTREAZ22) ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 337.1, 337.2, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 467, 739.1, 739.2, və 743.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 88, 119.1, 214, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 iddianın təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin son iclasları haqqında ona məhkəmə bildirişi, eləcədə SMS göndərilməmişdir. Ona görədə iddia tələbinə qarşi etiraz və dəlillərini bildirə bilməkdən məhrum olunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əvvəllər krediti vaxtı-vaxtında ödəsədə, lakin pensiyaya çıxdıqdan sonra ödənişləri edə bilməmişdir. Banka ödəniş etməsinə baxmayaraq həmin ödənişlərdə nəzərə alınmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini əsas tutaraq iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

22. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

24. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

27. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

28. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (24 fevral 2023-cü il tarixədək olan redaksiyada)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 27 dekabr 2022-ci il tarixli, 2022-18-33 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya hər ay 410 manat ödəmək şərti ilə 24 ay müddətinə, illik 32 faiz olmaqla 6000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" MMC arasında 27 dekabr 2022-ci il tarixli, 2022-18-33 nömrəli zaminlik müqaviləsi bağlanmış və zaminlər kreditin qaytarılmasına dair borcalanla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, lakin borcalan müqavilə öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və nəticədə kreditora 09 sentyabr 2024-cü il tarixə 4588 manat əsas, 1602,00 manat faiz borcu olmaqla, cəmi 6275 manat borc yaranmışdır. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də ekspert rəyini əsas götürərək iddianı qismən təmin etmişdir.

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan qətnamənin ləğv olunması üçün əsaslar yoxdur.

41. Belə ki, məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi üzrə borcun kreditor tərəfindən düzgün hesablanıb-hesablanmamsını yoxlanılması əsasən bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.

42. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

43. Birinci instansiya məhkəməsidə hazırkı iş üzrə borcun düsgün-hesablanıb hesablanmamsını müəyyən etmək üçün düzgün olaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin emiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli, 9/3247 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 09 sentyabr 2024-cü il tarixə "xxxx" MMC-yə 3820,36 manat əsas, 721,48 manat faiz borcu yaranmışdır. Yuxarıda da qeyd olunduğu kimi işə baxan birinci instansiya məhkəməsidə iddianı ekspert rəyinə əsasən qismən təmin etmişdir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Eləcədə, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Apellyasiya şikayətinin “məhkəmənin son iclasları barədə ona məhkəmə bildirişi, eləcədə SMS göndərilməməsi” dəlilini kollegiya əsaslı saymır. Belə ki, işdən müəyyən olunur ki, 12 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məhkəmə bildirişi, eləcədə istifadəsində olan ***-***-**-** mobil telefona SMS bildirişiş göndərilmişdir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(021)-346/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar