Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2075/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işi üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-223/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli, 364nkBRDb/23 nömrəli kredit müqaviləsinə əsasən, bu müqaviləyə əsasən Kredit verən iddiaçı Kredit alan cavabdehə xx.xx.2028-ci il tarixədək illik 25 faiz dərəcəsi olmaq şərti ilə 8379,00 manat məbləğədək krediti, (bundan sonra “Kredit”) verməyi, Kredit alan isə verilmiş Krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit verənə ödəməklə öz öhdəliyi tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür.
2. 03 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364nkBRDb/23 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2024-cü il tarixinə 8378,50 manat əsas, 885,26 manat faiz, 25,02 manat cərimə, cəmi 9288,78 manat borcu yaranmışdır
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/2676 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364nkBRDb/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə 03 aprel 2024-cü il tarixinə ididaçı “X2” ASC-yə yaranmış borcu, əsas borc üzrə - 8.379,00 manat və faiz borcu üzrə - 890,27 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8378,5 manat əsas, 1281,7 manat faiz, 57,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9717,92 manat borcun və 117,58 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2028-ci il tarixinədək ilik 25% ödəmək şərtilə 8379 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir ve borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 iyun 2024, tarixinə "xxxx" KB ASC-yə 8378,5 AZN əsas, 1281,7 AZN faiz, 57,72 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9717,92 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-223/2025 nömrəli qətnaməsi (hakim Ziya Abdullayev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 8378,50 manat əsas, 890,27 manat faiz, 25 manat cərimə borcu, cəmi 9293,77 (doqquz min iki yüz doxsan üç manat 77 qəpik) manat məbləğində pulun və 112,94 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
8. Məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, yalnız əsas borca münasibətdə 8379 manat deyil, iddiaçının tələb etmiş olduğu 8378,50 əsas götürülməli, yəni yaranmış ziddiyyət cavabdehin xeyrinə həll edilməlidir. Cərimə borcu azaldılaraq cəmi 25 manat həcmində müəyyən olunmalıdır.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 337.1, 337.2, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 467, 739.1, 739.2, 743.1 və 745.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 82.4, 88, 119.1, 214, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
10. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən müəyyən məbləğdə pul vəsaiti götürmüşdür. Müqavilə üzrə ilkin müddətlərdə öhdəliklərini vicdanla yerinə yetirmiş, bir neçə ay ərzində müntəzəm ödənişlər etmişdir. Lakin, sonradan maddi vəziyyətinin kəskin pisləşməsi, iş yerinin bağlanması və ailə üzvlərinin sosial vəziyyəti ilə bağlı çətinliklər səbəbindən kredit ödənişlərini davam etdirmək imkanı olmamışdır. Bankla dəfələrlə əlaqə saxlayaraq ödənişlərin təxirə salınması və ya güzəştli qaydada restrukturizasiya edilməsini xahiş etmiş, lakin bank bu təklifi nəzərə almamış və məsələni birbaşa məhkəməyə çıxarmışdır. Məhkəmə tərəfindən çıxarılan qətnamə ilə onun üzərinə əsas borcla yanaşı, artıq faiz, cərimə və əlavə hesablanmış xərclərin ödənilməsi öhdəliyi qoyulmuşdur. Lakin, qətnamədə göstərilən yekun məbləğ onun ödədiyi məbləğlər və müqavilədəki real faiz dərəcələri ilə uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:
31. 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; ...
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
41. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız iddianın təmin edilmiş hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-223/2025 nömrəli qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə araşdırması zamanı müəyyən edilsiyi kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 364nkBRDb/23 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya xx.xx.2028-ci il tarixədək illik 25% ilə 8379 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borclu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
46. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
48. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
49. Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
50. 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
52. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
53. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
54. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək bağlansa da, müqaviləyə iddiaçının xx.xx.2024-cü il tarixli bildirişi ilə xitam verilmişdir.
55. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
56. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı müraciətdə kredit müqaviləsi üzrə 8378,50 manat əsas, 885,26 manat faiz və 25,02 manat cərimə borcunun yarandığı bildirilmiş, bütün borc məbləğinin tam olaraq 3 iş günü ödənilməsini və kredit müqaviləsinin 3 iş gün müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə bütün borc məbləğinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir.
57. Azərbaycan Respublikası MM-in 421.2-ci maddəsinə görə, müqavilə yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli qaydada ləğv edilə bilər.
58. 421.3-cü maddəsinə əsasən isə, müqavilənin birtərəfli qaydada ləğvi barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunur.
59. Bununla yanaşı, 447.1-ci maddə kreditorun müqavilə şərtlərinin pozulması halında müqavilədən imtina etmək hüququnu təsbit edir və bu imtina barədə iradə ifadəsi qarşı tərəfə bildirildiyi andan müqaviləyə xitam verilir.
60. . Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli Plenum Qərarında da açıq şəkildə qeyd edilmişdir ki, müqavilədən imtina mexanizmi məhz iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə hüquqi nəticə doğurur və bu, məhkəmədən kənar ləğvetmənin ümumi formasıdır. Yəni kreditor xüsusi olaraq “müqaviləni ləğv edirəm” ifadəsini işlətməsə də, müqavilə öhdəliklərinin pozulması əsasında borcun qaytarılmasını tələb etməsi və bu tələbə hüquqi nəticələr bağlaması (tədbirlərin görüləcəyini bəyan etməsi) artıq imtina iradəsi kimi qəbul olunmalıdır.
61. Buna görə də, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu sırf “ödəmə tələbi” yox, həm də müqavilənin bundan sonra qüvvədə saxlanılmayacağına dair açıq iradə ifadəsidir. Bu tarixdən sonra tərəflər arasındakı kredit münasibətləri artıq müqavilə əsasında davam edə bilməz, çünki müqavilə kreditorun birtərəfli imtina hüququnu həyata keçirməsi ilə ləğv olunmuş hesab edilir.
62. Göründüyü kimi, iddiaçı müqavilə üzrə qalıq bütün əsas borcun və faiz borcunun tələbi ilə cavabdehə müraciət etməklə müqavilənin ləğvinə dair iradə ifadəsini xx.xx.2024cü il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2024-cü il tarixdən sonra faizin və cərimənin hesablanmasını aparmaqda haqlı olmamışdır.
63. Borcun düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin 9/2676 saylı, xx.xx.2025-ci il nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364nkBRDb/23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə 03 aprel 2024-cü il tarixinə ididaçı “X2” ASC-yə yaranmış borcu, əsas borc üzrə - 8.379,00 maat və faiz borcu üzrə - 890,27 manat təşkil edir.
64. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
65. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
66. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə olan faiz borcunu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
67. Eyni zamanda məhkəmə ekspert rəyində əsas borc məbləğləğinin tələb olunan həddən çox göstərilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan əsas borcun məbləği iddia tələbində qeyd olunan həcmdə müəyyən edilməməklə düzgün nəticəyə gəlinmişdir. Çünki, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
68. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
69. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
70. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
71. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
72. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
73. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
75. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvinə dair iradə ifadəsini bəyan etmiş və tərflər arasında bağlanmış müqavilə münasibətlərinə xitam verilmişdir.
76. İş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixə cavabdehin faiz borcu 890,27 manat təşkil edir ki, birinci instansiyası məhkəməsi faiz borcunu 890,27 manat həddində təmin etməkdə haqlı olmuşdur.
77. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
78. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
79. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
80. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
81. Məhkəmə dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
82. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci bəndində öhdəliklərin pozulması halında iddiaçının illik 40 faiz miqdarında cərimənin hesablana bilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər ki, iddiaçı tərəfindən cərimənin tələb edilməsi qanuni əsasa söykənir.
83. Bundan başqa qeyd edildiyi ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müqavilənin ləğvinə dair iradə ifadəsini bildrimiş və bildirişdə müqaviləyə istinadən cərimə borcunun məbləğini 25,02 manat göstərmişdir.
84. Göründüyü kimi, müqavilə münasibətlərinin xitam verildiyi tarixdə cavabdehin 25,02 manat cərimə borcu olmuş və iddiaçı, müqavilə münasibətlərinin xitam verildiyi xx.xx.2024-cü il tarixdən sonra müqaviləyə istinadən cərimə borcu hesablamaqda haqlı olmamışdır.
85. Birinci instansiya məhkəməsi tərəfindən 25 manat cərimə borcu tutulmuşdur ki, bu da cavabdehin xx.xx.2024-cü il tarixə mövcud olan 25,02 manat cərimə borcundan cəmi iki qəpik azdır ki, tutulmuş cərimə borcunun məbləği istər müqavilə, istərsə də qanunvericiliyin tələblərinə uyğun olmaqla əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək deyildir.
86. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
87. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, iş üzrə yenidən ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
88. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
89. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə yenidən ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.
90. Kollegiya xatırladır ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Apellyatorun iş yerinin bağlanması və maddi imkanının olmaması ilə əlaqədar krediti vaxtı-vaxtında ödəyə bilməməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən dəlil qətnamənin ləğvinə əsas deyildir. Çünki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin göstərdiyi kimi maddi imkanının olmaması və səhhətində problemlərin olması, borclunun risk dairəsinə aid haldır.
92. Məhkəmə göstərir ki, cavabdehin göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
93. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
94. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsində işə baxılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən xx.xx.2025-ci il tarixli, 9/2676 saylı ekspert rəyi təqdim edilmiş, həmin ekspert rəyinin hazırlanması ilə bağlı ekspert xərci 100 (yüz) manat təşkil etmişdir.
95. Azərbaycan Respublikası MPM-in 115.0.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Habelə, Mülki Prosessual Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq, ekspertlərə məhkəməyə gəlmələri və ekspertiza aparılması ilə əlaqədar zəruri xərclər ödənilməlidir.
96. 117.1-ci maddəsinə əsasən, ekspertizanın təyin edilməsi ilə bağlı xərclər, həmin xahişi etmiş tərəf tərəfindən əvvəlcədən məhkəmənin depozit hesabına keçirilməli, ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildikdə isə tələb olunan məbləğ tərəflər arasında bərabər qaydada bölüşdürülməlidir.
97. Hazırkı iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin olunmuş, ekspert rəyi işin düzgün və obyektiv həll edilməsi üçün əhəmiyyətli sübut kimi qiymətləndirilmiş və məhkəmə tərəfindən qərarın əsaslandırılmasında istifadə edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinin tərtibi ilə bağlı çəkilmiş 100 manat məbləğində ekspert xərci prosessual məsrəf kimi nəzərə alınmamış və tərəflərdən tutulmamışdır.
98. Bu hal Mülki Prosessual Məcəllənin 115-117-ci maddələrinin tələblərinə zidd olmaqla yanaşı, iş üzrə faktiki olaraq çəkilmiş məhkəmə xərclərinin düzgün bölüşdürülməməsinə səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, ekspertiza nəticəsində əldə edilmiş rəy cavabdehin prosessual mövqeyinin əsassızlığını təsdiq edən sübut kimi çıxış etmiş və nəticə etibarilə iddiaçının hüquqlarının müdafiəsinə xidmət etmişdir.
99. Bu səbəbdən, ekspertiza aparılması ilə əlaqədar çəkilmiş 100 manat məbləğində ekspert xərci iş üzrə məhkəmə məsrəfi kimi qiymətləndirilməli, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmalı və iş üzrə cavabdehdən tutulmalı olan məbləğ kimi müəyyən edilməlidir.
100. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
101. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
103. Qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi gəlinmiş nəticəni əsaslandırmaq vəzifəsi daşısa da gəldiyi nəticəni əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi qanunvericiliyin təhlilini həyata keçirməmiş, maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş və yalnız ekspert rəyinə istinad etmişdir.
104. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
105. Bu baxımdan məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən gəlinmiş nəticə əsaslandırımasa da mahiyyəti üzrə düzgün olduğundan apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğvinə lüzum görmür.
106. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
107. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(021)-223/2025 nömrəli qətnaməsi – mübahisələndirilən iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza xərci olan 100 (yüz) manat pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.