Məhkəmə qərarları › İş №2(104)-2079/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2079/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2079/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi 9 ay müddətdə günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Zamıq Rəsulov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, sənətkardır və günəmuzd işlərdə çalışıb, gündəlik minimum 15-20 manat zəhmət haqqı əldə etməklə ailəsini dolandırır. Cavabdeh Aşırov Vidadi adlı şəxsdən 60-70 ha torpaq sahəsini icarəyə götürmüş və bundan sonra ona təsərrüfat işlərində kömək etməsini istəmişdir. Danışıqlarına əsasən, əldə edilən məhsula və məhsulun satışından gələn gəlirə şərik olacaqlarını bildirmişdir. Təsərrüfata çəkilən xərcləri də cavabdeh özü çəkəcəyini bildirmişdir. O, 2022-ci ilin may ayından onun yanında icarəyə götürdüyü torpaq sahəsində müəyyən işləri görmək üçün işə başlamış, kooperativdəki usta işlərini, qaynaq işlərini görmüşdür. Bundan sonra 16 ha torpaq sahəsində yonca əkib-becərilməsi üçün su çiləyici borular almışdır. Həmin avadanlıqların hamsını yavaş-yavaş 16 ha torpaq sahəsinə gətirərək quraşdırmışdır. Sonra həmin 16 ha torpaq sahəsini suvarma işlərini həyata keçirmiş, cavabdehlə yoncadan başqa taxıl da əkmişlər. Bundan başqa Elvir öz növbəli işinə getdiyi zaman ona məxsus 200 baş xırda buynuzlu heyvanları da o, otarmışdır. Demək olar ki, 1 il ərzində o, pul almamışdır, zəhmət haqqı almadan cavabdehin fermasındakı bütün işləri görmüşdür. Bu bir il ərzində ona 235 manat hissəhissə pul vermişdir, yəni o, cavabdehdən pul tələb etmirdi. Danışıqlarına əsasən məhsulun satışından gələn gəirdən zəhmət haqqısını götürəcəkdir. 2023-cü il girəndə isə 1.1 ha torpaq sahəsində soğan əkməyə başlamışlar. 2023-cü ilin fevral ayında həmin soğanın yerini düzəldib, soğan toxumunu sahəyə səpib, suvarmışlar. Soğanı becərdikdən sonra, 2023-cü ilin aprel ayında bostan bitkiləri əkibbecərmək üçün 2.5 ha torpaq sahəsi hazırlayıb, yeri əkmişlər. Bostan yeri hazır olarkən, cavabdeh qarpız üçün toxum almağa pulunun olmadığını bildirmiş və o, Sumqayıtda olan qardaşı Şirvandan borc pul alıb gedib Gəncədən 200 manatlıq qarpız toxumu almışdır. Cavabdehin qanunsuz hərəkətləri onu aldatması ucbatından o, bu gündəlik qazanclarından məhrum olunmuşdur. Cavabdehlə 9 ay ərzində gördüyü işlər üçün zəhmət haqqı olaraq 4.100 manat, əlavə olaraq 200 manat toxum pulu və 30 manat da traktor üçün yanacaq pul hesablasa, cavabdeh ona 4.330 manat pul ödəməlidir. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh Elvir qeyri-rəsmi torpaq sahəsi icarəyə götürmüş, aralarında olan razılaşmaya əsasən xərci Elvir çəkməli, qazanca isə iddiaçı ilə şərik idilər. İddiaçı 9 ay işlədikdən sonra cavabdeh onu işdən kənarlaşdırmaqla, aralarında olan razılaşmanı pozmuşdur. Cavabdehlə 9 ay ərzində gördüyü işlər üçün zəhmət haqqı olaraq 4.100 manat, əlavə olaraq 200 manat toxum pulu və 30 manat da traktor üçün yanacaq pul hesablasa, cavabdeh ona 4.330 manat pul ödəməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)- 808/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı ilə onun şərik olmaları barədə aralarında heç bir razılaşma olmamış, o, 3000 manata torpaq sahəsi icarəyə götürmüş, onun başqa şərikləri olmuşdur. Şirxan isə suvarka işini görmüş, işini gördükdən sonra isə pulunu almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi müddətdə 9 ay günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia olunan tələblə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclasında dindirilən şahidlərin ifadələrində isə iddia tələbinin təmin olunmasıilə bağlı heç bir əsasların olmadığı müəyyən edilmişdir. Bundan başqa tərəflərin arasında mübahisə predmeti olan işlə bağlı müqavilə və ya heç bir saziş bağlanmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İddiaçı 2022-ci ilin may ayından 2023-cü ilin aprel ayına qədər Cavabdeh yanında işlədiyi müddətdə 9 ay günəmuzd zəhmət haqqı kimi 4.100 manatın, 200 manat qarpız toxumu üçün verdiyi pulun və yanacaq almaq üçün xərclədiyi 30 manatın, dövlət rüsumu üçün ödədiyi 63 manat pulun ümumilikdə 4.393 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və ona ziyan vurulmasını göstərdə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Əksinə, Cavabdeh oğlu məhkəmə kollegiyasının iclasında öz izahatında iddiaçı ilə onun şərik olmaları barədə aralarında heç bir razılaşma olmadığını, onun 3000 manata torpaq sahəsi icarəyə götürdüyünü, onun başqa şərikləri olduğunu, Şirxanın isə suvarka ( qaynaklama) işini görmüş, işini gördükdən sonra isə pulunu aldığını göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessual hüququ əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)- 808/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-808/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar