Məhkəmə qərarları › İş №2(104)-2082/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2082/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2082/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası- Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(066)-278/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-278/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh 1601 (min altı yüz bir) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumuna görə 36 (otuz altı) manat məbləğində pulun Cavabdehdan alınaraq İddiaçı ödənilməsi, iddianın 3497 (üç min dörd yüz doxsan yeddi) manat hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 2(066)-278/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh avtomobilə dəymiş əlavə ziyana görə 3908 manat, Qüsur aktının tərtib edilməsi üçün 50 manat, evakuator xitmətinə görə 140 manat, itirilmiş real qazanca görə 1000 manat olmaqla cəmi 5098 (beş min doxsan səkkiz) pulun və ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, sürücülük hüquqi ilə “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 may 2023-cü il tarixdə həmin avtomobillə Gəncə şəhəri Fətulla Həsənov küçəsi ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Mersedes Benz E-240” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh Gəncə Şəhər DYPŞ-nin əmkdaşı Arif Uğurluyevin 18 iyul 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 200 (iki yüz) manat və Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(125)-1331/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 200 (iki yüz) manat inzibati qaydada cərimə edilmişdir. “Atəşgah Sığorta Şirkəti” tərəfindən ona məxsus olan “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5215 (beş min iki yüz on beş) manat ziyan dəyməsi müəyyən edilmiş olsa da, ona 3614 (üç min altı yüz on dörd) manat ödəniş edilmişdir. Ancaq “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil söküldükdən sonra isə mütəxəssislər tərəfindən əlavə olaraq 2307 manat ziyan dəyməsi aşkar edilmişdir. “Atəşgah Sığorta Şirkəti” tərəfindən ona ödənilməmiş 1601 manat ilə birlikdə onun avtomobilinə dəyən ziyanın 3908 manat olması müəyyən edilmişdir. Əlavə olaraq Qüsur aktının tərtib edilməsi üçün 50 manat, evakuator xidmətinə görə 140 manat xərci çıxmış və itirilmiş real qazanca görə 1000 manat təşkil edir. Ona görə də məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına məhkəmə ümumiyyətlə qətnamədə münasibət bildirməmişdir. Halbuki, həmin akta əsasən əlavə görülmüş işlərə görə hesablanmış və avtomobilə dəymiş real zərərin həcmi 3897 manat olması müəyyən edilmişdir. Həmin hesablama xx.xx.2023- cü il tarixdə olmuşdur. Həmin vaxta kimi ona sığorta ödənişi kimi 3614 manat pul vəsaiti verilmişdir. Lakin bu əlavə xərclər kimi sonradan avtomobil söküldükdə aşkar edilmişdir və sığorta şirkətinin hesabladığı ziyandan əlavə ona dəymiş ziyanı təsdiq edir. Ona görə də sığorta ödənişi kimi verilmiş 3614 manat bu məbləğdən çıxıla bilməz. Əslində düzgün qiymətləndirmə aparılsaydı ona dəymiş ziyan 5215 deyil, daha çox olmalı idi. Bununla da məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış, işin bütün faktiki hallarını araşdırmamış və təqdim edilmiş sübutları yoxlamamışdır. Məhkəmə qətnamə qəbul edərkən sığorta şirkətinin qəbul etdiyi zərəri əsas götürməklə dəymiş zərəri müəyyən etmişdir. Bu heç cür qəbul edilə bilməz. Birincisi, həmin sənəd sığorta şirkəti tərəfindən tərtib edilmişdir. Burada sığorta maraqlı tərəf olduğundan və mövcud təcrübəyə uyğun olaraq həmişə dəymiş zərəri az göstərdikləri hamıya məlumdur, ikincisi, təqdim edilmiş qüsur aktından da görünür ki, avtomobildə zərərlə bağlı əlavə işlər görülməlidir. Həmçinin məhkəmə qətnaməsində verdiyi izahatda “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil söküldükdən sonra mütəxəssislər tərəfindən əlavə olaraq 2307 manat ziyan dəyməsi aşkar edilməsinin olduğunu qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirməli olduğu halda Göygöl Rayon Məhkəməsi 2(066)-278/2024 nömrəli mülki iş üzrə icraat zamanı qanunvericiliyin bu tələbini də, pozaraq heç bir səbəb olmadığı halda iş üzrə ekspertiza təyin etməmiş, beləliklə də, iddiaçının avtomobilinə dəymiş ziyan barəsində mötəbər sübutun – ekspert rəyinin alınmasını təmin etməmişdir. Əvəzində isə "xxxx" sığorta şirkəti tərəfindən tərtib edilmiş hesabata və sığorta aktına əsaslanaraq onun avtomobilinə dəymiş ziyanın guya 5215 manat olması barədə qeyri-mötəbər sığorta aktını qanunsuz olaraq sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, 140 manat evakuasiya xidməti və 50 manat məbləğində qüsur aktının alınması üçün ödənişi təsdiq edən sənədi iddiaçı təqdim etməmişdir. Bununla bağlı bildirilmişdir ki, avtoqəzadan sonra avtomobilin şəkillərindən də göründüyü kimi kənar müdaxilə olmadan idarə edərək harasa aparmaq qeyri-mümkündür. Belə olan halda onu yalnız evakuator vasitəsilə oradan götürüb başqa yerə daşına bilərdi. Hesab edir ki, iddia bu hissədə məlumdur və bununla bağlı ayrıca sübuta zərurət yoxdur. Həmçinin qüsur aktı da məhkəməyə təqdim edilmiş və göstərilmiş xidmətin dəyəri ödənilmədən belə bir sənədin praktiki olaraq verilməsi mümkün deyil. Ümumilikdə hər iki halda mövcud praktikada xüsusi ödəniş sənədinin əldə edilməsi demək olar ki mümkün deyil. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AD seriyalı 080518 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı BC koteqoriyalı sürücüdür İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” məlum olur ki, Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(125)- 1331/2023 nömrəli qərarından məlum olur ki, Cavabdeh 12 may 2023- cü il tarixdə Gəncə şəhəri Fətulla Həsənov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 200 (iki yüz) manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkətinin Nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından və 124796 nömrəli sığorta aktından məlum olur ki, “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5215 (beş min iki yüz on beş) manat ziyan dəyməsi müəyyən edilmiş, bina görə də 3614 (üç min altı yüz on dörd) manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 may 2023-cü il tarixdə Gəncə şəhəri Fətulla Həsənov küçəsi ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Mersedes Benz E-240” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymiş, həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh Gəncə Şəhər DYPŞ-nin 18 iyul 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən təqsirli hesab edilmişdir. "xxxx" Sığorta Şirkəti tərəfindən iddiaçıya məxsus “Mitsubisi Pajero” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5215 (beş min iki yüz on beş) manat ziyan dəyməsi müəyyən edilmiş, lakin iddiaçıya 3614 (üç min altı yüz on dörd) manat ödəniş edilmiş, məbləğin qalan hissəsi isə həmin yol-nəqliyyat hadisəsi nəticəsində zərərə məruz qalmış üçüncü avtomobilin sahibinə ödənilmişdir. İddiaçi avtomobilini təmir etdirərkən dəymiş zərərəin daha artıq olmasının müəyyən edildiyini qeyd edərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 12 may 2023-cü il tarixdə “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Fətulla Həsənov küçəsi ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Mersedes Benz E-240” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tənbeh edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5215 (beş min iki yüz on beş) manat ziyan dəyməsi müəyyən edilmiş, buna görə də İddiaçı 3614 (üç min altı yüz on dörd) manat ödəniş edilmişdir. Ona 1601 (min altı yüz bir) manat ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddiaçı Qüsur aktının tərtib edilməsi üçün 50 manat, evakuator xitmətinə görə 140 manat xərci çıxmasını və itirilmiş real qazanca görə 1000 manat təşkil etməsini bildirmiş olsa da həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinəəsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, Sığorta şirkətinin qiymətləndirilməsi ilə yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubisi Pajero” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5215 (beş min iki yüz on beş) manat ziyan dəyməsi müəyyən edilmiş, iddiaçı tərəfindən həmin xüsusat mübahisələndirilməmiş, buna görə də İddiaçı 3614 (üç min altı yüz on dörd) manat ödəniş edilmişdir. Yerdə qalan 1601 manat pul ona ödənilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehdən əlavə olaraq 2307 manat ziyan, Qüsur aktının tərtib edilməsi üçün 50 manat, evakuator xitmətinə görə 140 manat xərci çıxmış və itirilmiş real qazanca görə 1000 manat tələb etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-278/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-278/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar