Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2087/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı MMC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 23 oktyabr 2023–cü il tarixli STK01–2000 saylı kredit müqaviləsi üzrə 3.639,15 manat əsas kredit borcu, 904,55 manat faiz borcu, 387 manat dəbbə pulu olmaqla, cəmi 4.930,70 manat məbləğində pulun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 23 oktyabr 2023–cü il tarixli STK01–2000 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 3.639,15 manat əsas kredit borcu, 904,55 manat faiz borcu və 180 manat dəbbə pulu olmaqla, cəmi 4.723,70 (dörd min yeddi yüz iyirmi üç manat yetmiş qəpik) manat məbləğində pulun alınıb İddiaçı MMC–yə verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh münasibətdə bərpa edilmişdir. İddiaçının nümayəndəsi X2 şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, cavabdehin izahatını, iddiaçı tərəfin ərizəsini, işdə olan sənədləri və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdehə münasibətdə bərpa edilməsini cavabdehin elektron məhkəmə kabinetindən anlayışı olmadığı ilə əsaslandırıb. Həmin əsaslandırma əsassızdır. Çünki iş üzrə sənədlərə baxdıqda elektron məhkəmə sistemində cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində elektron formada yüklənmiş apellyasiya şikayətinin məhz elektron qaydada yükləndiyi açıq-aydın görünür. Cavabdehin elektron məhkəmə sistemindən anlayışının olmaması yalandır. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2412/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 nömrəli qətnaməsi çıxarıldıqdan sonra cavabdehə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza etməklə qətnaməni almışdır. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmədən məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Lakin, onun apellyasiya şikayəti Azərbaycan Respublikası MPM–in 361–ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən xx.xx.2025-ci il tarixdə geri qaytarılmış, həmin qərardad cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinin cavabdehin elektron kabinetdən anlayışı olmaması və apellyasiya şikayətinin qaytarılmasından məlumatı olmaması, həmçinin, cavabdehin apellyasiya şikayətindəki nöqsanları aradan qaldırmasına dair gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, tərəfin elektron kabinetinə yerləşdirilmiş məhkəmə qərarından kabinetdən anlayışının olmaması səbəbindən xəbərinin olmaması üzrlü hal hesab edilə bilməz. Belə ki, kabinetə yerləşdirildiyi andan məhkəmə sənədi rəsmi qaydada çatdırılmış hesab olunur. Apellyasiya şikayətindəki nöqsanları aradan qaldırması hissəsində kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM–in 361–ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti vermişdir ki, ötürülmüş müddət ağlabatan müddət hesab edilə bilməz. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 saylı qətnaməsindən appelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsindən imtina edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2412/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2025–ci il tarixli, 2(076)–2412/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsindən imtina edilsin və apellyasiya şikayəti geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2087/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2087/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver