Məhkəmə qərarları › İş №2(104)-209/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-209/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-209/2023 12.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-507/2021 saylı mülki iş üzrə 20 aprel 202-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli BBLK1490575A127 saylı kredit kartı müqaviləsinə əsasən borcluya xx.xx.2022-ci il tarixədək illik 25 faiz olmaqla 1000 manat məbləğində kredit xətti ayrılmış, xx.xx.2019-cu il tarixli GTKR1490572A127 saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 26.9 faiz olmaqla 2970 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarınada olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borc, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 manat məbləğində borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borc, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-507/2022 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (R.Ələkbərli) iddia tələbi təmin edilmiş, Cavabdeh kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borc, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-507/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, müqavilələr üzrə üç ay ardıcıl borcunu ödəmişdir. Lakin, sonradan borc öhdəliyini icra edə bilməmişdir. Bundan başqa məhkəmə ekspetiza təyin etmədən iddianı əsassız olaraq təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmədə iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, şikayətin təmin edilməsini xahiş etdi.

9. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin, ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

21. Maddə 385.1. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş, Cavabdeh kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borc, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia qismən təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərəri bank tərəfindən göstərilən borcun düzgün hesablanmamasındandır.

27. Şikayətin bu dəlilinə hüquqi qiymət verilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə 18 oktyabr 2022-ci il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli 9/3924 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1490575A127 saylı kredit kartı müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə əsas borcu 970.84 manat, faiz borcu 202.77 manat, cəmi 1173.61 manat, xx.xx.2019-cu il tarixli GTKR1490572A127 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə əsas borcu 2801.97 manat, faiz borcu 634.39 manat, cəmi 3436.36 manat müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur, ona görə də göstərilən ekspert rəyinə istinad edərək, kollegiya hesab edir ki, apellyatorun şikayətinin bu dəlili qismən əsaslıdır və buna görə də Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borcun, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 məbləğində borcun tutulması hissələrində qətnamə dəyişdirilməli, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli BBLK1490575A127 saylı kredit müqaviləsinə əsasən tutulmalı olan əsas borc iddia tələbində göstərilən kimi 962.82 manat, faiz borcu 202.77 manat, cəmi borc 1165.59 manat məbləğində, xx.xx.2019-cu il tarixli GTKR1490572A127 saylı kredit müqaviləsi üzrə əsas borc 2801.97 manat, faiz borcu 634.39 manat, cəmi 3436.36, ümumilikdə hər iki müqavilə üzrə isə 4601.95 manat müəyyən edilməlidir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 24 iyul 2023-cü il tarixli 9/3924 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.

30. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan azdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-507/2021 saylı mülki iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş, Cavabdeh kredit kartı müqaviləsinə əsasən 962.82 manat əsas borc, 283.08 manat faiz borcu olmaqla, cəmi 1245.90 manat məbləğində borc, kredit müqaviləsinə əsasən 2802.86 manat əsas borc, 665.26 manat faiz borcu olmaqla, cəmi 3468.12 manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi hissədə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BBLK1490575A127 saylı kredit müqaviləsinə əsasən yaranan 962.82 manat məbləğində əsas borc və 202.77 manat məbləğində faiz borcu olmaqla, cəmi 1165.59 manat məbləğində pul, bundan əlavə, xx.xx.2019-cu il tarixli GTKR1490572A127 saylı kredit müqaviləsinə əsasən yaranan 2801.97 manat məbləğində əsas borc və 634.39 manat məbləğində faiz borcu olmaqla cəmi 3436.36 manat məbləğində pul, ümumilikdə 4601,95 (dörd min altı yüz bir) manat 95 qəpik məbləğində pul alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar