Məhkəmə qərarları › İş №2(104)-2092/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2092/2024

18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2092/2024 18.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2(061)-998/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında 12 aprel 2023-cü il tarixli AZ-İV seriyalı 866091 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 03 may 2021-ci ildə anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır.

2. Tərtər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(061)-518/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh1 alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 dövlət rüsumu olaraq 40 (qırx) manat 50 (əlli) qəpik alınıb dövlət nəfinə ödənilməsi, İddiaçı Mediasiya sessiyasında ödədiyi 50 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmişdir. a). İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş 03 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Tərtər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(061)-518/2023 saylı qətnaməsi ilə təyin edilmiş 170 manat alimentin məbləğinin artırılaraq Cavabdeh1 hər ay 220 (iki yüz otuz) manat olması və həkim xərcləri üçün əlavə 50 manat tutularaq hər ay cəmi 270 (iki yüz yetmiş) manat cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşağı azyaşlı olduğundan işləyə bilmir. Cavabdeh1 isə uşağın saxlanması üçün alimentdən əlavə ona maddi köməklik etmir. Ona görə də himayəsində olan Əli adlı uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh1 Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat, həkim xərcləri üçün 50 manat olmaqla, ümumilikdə 270 manat ödəyə bilər.

5. Tərtər Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2(061)-998/2024 nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq birgə nikahdan olmuş 03 may 2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi, Cavabdeh1 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh1 dövlət rüsumu olaraq 41 (qırx bir) manat 60 (altmış) qəpik alınaraq dövlət nəfinə və İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 112.1 maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13 və 19-cu maddələrinə , Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.2, 88, 106.1, 119.2, 216-220, 217.4, 218.3, 235 və 360-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2(061)-998/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum yaşayış meyarını nəzərə almamışdır. Uşağı azyaşlı olduğuna görə məcburiyyət qarşısında qalıb onu saxlamaqla məşğul olur və bu səbəbdən heç bir yerdə işləyə bilmir. Məhkəmənin müəyyən etdiyi 180 manat uşağın saxlanması üçün yetərli sayıla bilməz. Cavabdeh1 476 manat əmək haqqı alır, özlərinin ferması, çoxlu iribuynuzlu mal-qarası, eləcədə maşını var. Birinci instansiya məhkəməsi göstərilən halların heç birini nəzərə almamışdır. ətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uşaq azyaşlı və xəstə olduğu üçün işləyə bilmir. Cavabdeh isə işləyir, eləcədə təsərrüfatla məşğuldur. 220 manat aliment ödəyə bilər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş.dir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 476 manat əmək haqqı alır. Bağqa nikahdan da bir uşağı var. Eləcədə hər ay 298 manat kredit ödənişi edir. Hər ay 220 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 34 bənd 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

13. Maddə 50.2 Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

14. Maddə 58.2 Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

15. Maddə 60.1 Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

16. Maddə 75 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 4 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

21. Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

22. Maddə 8 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

23. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişə bilər;

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

34. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə cavabdeh oğlunun birgə nikahlarından 03 may 2021-ci il ttarixdə Əli adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və uşaq ananın himayəsində saxlanılmış, eləcədə, Tərtər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(061)- 518/2023 nömrəli qətnaməsi ilə 03 may 2021-ci təvəllüdlü il Əli adlı uşğqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı müəyyən olunmuş alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, müəyyən olunmuş 170 manat alimentin miqdarının artırılaraq 180 manat müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

36. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur.

37. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Qeyd olunlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 180 manat aliment adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz. Uşağın daha üstün maraqlarını nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, alimüntin məbləği artırılaraq 220 manat müəyyən edilməlidir. Çünki hazırkı dövr üçün uşağın zəruri ehtiyaclarının qarşılanmasına 180 manat yetərli deyil.

39. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2(061)-998/2024 nömrəli qətnaməsi “03 may 2021-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilməsi, Cavabdeh1 alınıb İddiaçı verilməsi” hissədə dəyişdirilsin. 03 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 alınıb İddiaçı verilən 170 manat alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar