Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2094/2023 05.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-894/2023 saylı mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 200 manat, iki uşaq üşün 400 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X7 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. xx.xx.2014cü il təvəllüldü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3. Goranboy rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, uşaqlar onun himayəsində qalmış, iki uşaq üçün 200 manat aliment tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra, xx.xx.2022-ci il tarixdə o, X5 ilə ailə qurmuşdur. Ailə qurmasına baxmayaraq, cavabdehin ata kimi uşaqları saxlamaq borcudur. Buna görə də alimentin artırılmasını istəyir. Goranboy Rayon Məhkəməsinin 2(045)-894/2023 saylı mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, qazancı yaxışıdır. Bundan əlavə cavabdehə dövlət tərəfindən 20 baş qoyun verilmişdir. Lakin, məhkəmə qeyd edilən halları araşdırmadan iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirdi ki, uşaqların saxlanılması üçün cavabdehdən iki uşaq üçün hər ay cəmi 300 manat məbləğində aliment tutulmasına razıdır. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, uşaqların saxlanılması üçün hər ay 250 manat məbləğində aliment ödəməyə etiraz etmir. Göstərilənləri nəzərə alıb, ona uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, işdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-138/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayonu Qızılhacılı qəsəbə icra nümayəndəliyində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 anaları İddiaçı yanında qalması, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kolegiyasına hesab edir ki, birinci instnasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Kollegiya qeyd edir ki, apellyatorun dəlilləri əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aylıq aliment məbləğinin artırılmasına əsas verir. Çünki, yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericilikdə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minumum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Cavabdeh isə əmək qabiliyyətli olmaması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası belə qərara gəlir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-894/2023 saylı mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir. Məhkəmənin təmin etdiyi artırılmış aylıq alimentin bir illik məcmusu (300 manat-200 manat)=100 manat х 12 ay)=1200 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-894/2023 saylı mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün bu qətnamənin qəbul edildiyi tarixdən başlamaqla, hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2094/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2094/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver