Məhkəmə qərarları › İş №2(104)-2095/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2095/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2095/2024 07.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (atası) X1 və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Notariat Ofisinin notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş icra qeydlərinin ləğv edilməsi və icra hərəkətlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti onunla notarial qaydada xx.xx.2021-ci il tarixli, BPM**********313 nömrəli kredit müqaviləsi baglayaraq istehlak məqsədləri üçün 48 ay müddətinə hər ay 283.60 man ödənilməklə illik 22 % olmaqla 9000.00 manat məbləgində kredit vermişdir. Həmin müqavilənin 8-ci bəndində notarius tərəfindən icra qeydinin aparılması barədə müddəa nəzərdə tutulmamasına baxmayaraq, Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 582.88 manat borc vətələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmisi 607.88 manat və Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 25 dekabr 2023-cü il tarixli, 8İ4481 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 6214.99 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmi 6239.99 manat pulun ondan tutulmasını qərara almışdır. O, tələb edilən 6214.99 manat və 582.88 manat pulun demək olar ki, hamısını ödəmişdir və hər ay da 284.00 manat pul ödəmişdir (bu faktı sübut edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialı tərəfindən ona təqdim edilmiş 22 fevral 2024-cü il tarixli hesabdan çıxarışı və son ödəniş qəbzlərini bu ərizəyə əlavə etmişdir). İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda aparılır. Mübahisə olduğu halda isə, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Həm də, əsassız olaraq faiz borcları da hesablanmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin həmin qanunun tələbi pozulmuş, ona bu barədə heç bir bildiriş gəlməmişdir. Yalnız Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona göndərilmiş məktub vasitəsilə icra qeydi barədə məlumatı olmuşdur. Əsas borcun, faiz borcunun ayrı-ayrılıqda göstərilməməsi həmin borc barədə mübahisə yaratmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsi ilə (sədrlik edən Kamil Rzayev) iddia qismən təmin edilmiş, Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş icra qeydlərinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddiasında kredit borcunu ödədiyini, banka borcu olmadığını bildirmişdir. Lakin iddiaçı öz öhdəliklərini vaxtı-vaxtında icra etmədiyini, həm müqavilədə, həm də qanunvericilikdə nəzərdə tutulan silinmə ardıcıllığını nəzərə almamışdır. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışlar isə məhkəmə tərəfindən mötəbər sübut kimi qeydə alınmamışdır. Məhkəmədə işin halları araşdırılarkən tərəfimizdən icra qeydinin çıxarılması üçün lazımi sənədlər məhkəməyə təqdim edilmişdir. Hər iki kredit borcunun qaytarılması haqqında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti borcu üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən nağd kredit borcu üzrə xx.xx.2023-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Bildiriş poçt vasitəsilə şəxsin rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmişdir.İddiaçı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də, bildirişin göndərilməsini və borclu tərəfindən qəbulunu təsdiq edən qaimələr elektron məhkəmə sisteminə yüklənmişdir. Cavabdehnə və üçüncü şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, qanunun tələblərinə riayət edilərək borcluya icra qeydi veriləcəyi barədə bildiriş göndərilmiş, lakin borclu həmin bildirişi aldıqdan sonra, müəyyən olunmuş müddətdə şikayət verməmişdir. İcra qeydlərinin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı nümayəndəsi (atası) X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, borclu olan oğlu İddiaçı Tərtər rayonunda qeydiyyatada olsa da, faktiki olaraq Bzakı şəhəri, Nizami rayonu,K.Balakişiyev küçəsi, ev39, mənzil 27-də yaşayır və bu barədə "xxxx" ASC-ti ilə bağlanılmış kredit müqaviləsində də, qeyd edilmişdir. Lakin borclunun faktiki yaşayış yerinə müvafiq bildiriş göndərilməmişdir. Bundan başqa, borclunun qeydiyyat ünvanına bildiriş göndərilsə də, həmin bildirşdə olan imza ona məxsus deyildir və kim tərəfindən qəbul edildiyini bilmir. Bundan başqa, kredit borcundan 6263 manat ödəniş edilmişdir ki, bu da nəzərə alınamımışdır. Hazırda onun hesabı ilə banka 2553 manat borcu qalmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərində qətnamənin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmiş, iddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən ona illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli icra qeydinin surətində göstərilmişdir ki, Tərtər rayon Notariat Ofisinin xüsusi notariusu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 2 ünvanında qeyləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 3 ünvanında qeydiyyatda İddiaçı müddət üçün vaxtında ödənilməmiş 582 manat 88 qəpik tutulsun, bundan əlavə borclu İddiaçı 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 607 manat 88 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. xx.xx.2023-cü il tarixli icra qeydinin surətində göstərilmişdir ki, Tərtər rayon Notariat Ofisinin Xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005, ünvan 2 ünvanında qeyləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 3 ünvanında qeydiyyatda İddiaçı müddət üçün vaxtında ödənilməmiş 6214 manat 99 qəpik tutulsun, bundan əlavə borclu İddiaçı 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6239 manat 99 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. Məhkəmə kollegiyasına borclu İddiaçı qeydiyyat ünvanına “Garant Post” surət vasitəsilə göndərilmiş sənədin Məmmədzadə soyadlı şəxs tərindən qəbulu barədə xəbərnaamə təqdim edilmişdir. İddiaçı sorğu məktubuna "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciətinə baxıldığı, bank tərəfindən ərizədə qeyd etdikləri ilə bağlı araşdırma aparıldığı, ona yekun nəticə ilə bağlı məlumat veriləcəyi bildirilmişdir. (lakin icra qeydləri ilə bağlı hər hansı bir qeydiyyat aparılmamışdır). Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixli BPM**********23 nömrəli tam kart çərçivə müqaviləsi imzalamış, cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin, Bank ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli müqaviləyə əsasən illik 22 faiz ilə hesablamaqla 48 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 582.88 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmi 607.88 manat və bununla yanaşı Tərtər rayon Notariat Ofisinin Xüsusi Notariusu 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 № ilə reyestrdə qeyd edilmiş icra qeydi verərək «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsaslanaraq vaxtında ödənilməmiş 6214.99 manat borc və tələbkar tərəfindən ödənilmiş 25.00 manat məbləgində dövlət rüsumu olmaqla, cəmi 6239.99 manat pulun tutulmasına dair müvafiq icra qeydi verilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparıldığı, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunduğu birmənalı olaraq təsbit edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2021-ci il tarixli BPM**********13 nömrəli kredit müqavilənin 8.3-cü bəndindən görünür ki, mübahisələrin danışıqlar yolu ilə həllinə nail olmadıqda, onlar qanunvericiliy9i müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Həmin müqavilənin tərəflərin rekviziti və imzası bəndində İddiaçı faktiki ünvanı olaraq Bzakı şəhəri, ünvan 4 Lakin hazırkı iş üzrə mübahisə məhkəmə qaydasında həll edilməmiş və həm də, Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə, onun faktiki yaşadığı ünvana göndərilməmişdir. Borclunun qeydiyyat ünvanına göndərilmiş bildirişin isə, ona çatdırılması öz təsdiqini tapmır. Belə ki, İddiaçı nümayəndəsi (atası) X1 məhkəmə kollegiyasında verdiyi izahatından görünür ki, bildiriş onun tərəfindən qəbul edilməmişdir. Kollegiya işin faktiki hallarını işdəki materiallarla qarşılıqlı şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, hazırda tərəflər arasında kredit məbləği ilə bağlı mübahisə olduğundan, Bank tərəfindən mübahisənin həll edilməsi üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi daha məqsədə müvafiqdir. Belə ki, iş materiallarında elan olunmuş çoxsaylı ödəniş qəbzlərindən görünür ki, İddiaçı oglu üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunu kredit müqaviləsinin baglandıgı xx.xx.2021-ci il tarixdən başlayaraq məhkəmənin keçirildiyi son iclas tarixi olan xx.xx.2024-cü il tarixədək olan müddət ərzində, o cümlədən icra qeydinin aparılması üçün Tərtər Notariat Ofisinə təqdim edldiyi gündən əvvəl və sonra mütəmmadi olaraq ödəniş etmişdir. Həmin ödəniş məbləğləri üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı ilə mübahisələndirildiyindən yeni məhkəmə araşdırılması aparılmaqla dəqiqləşdirilməlidir. Ona görə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Lakin hazırki halda İddiaçı oglunun etdiyi ödənişlərin üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışı ilə mübahisələndirildiyindən icra qeydi əsasında tutulmanın aparılması qanunamüvafiq deyildir. Göründüyü kimi, Tərtər rayon İcra və Probasiya Şöbəsi olmaqla 15 dekabr 2023-cü il tarixli, 8İ-4356 nömrə ilə və 25 dekabr 2023-cü il tarixli, 8İ-4481 nömrə ilə reyestrdə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş icra qeydləri Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalar pozulmaqla, verilmişdir ki, bu onun məhkəmə qaydasında ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-614/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar