Məhkəmə qərarları › İş №2(104)-2095/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2095/2025

08.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2095/2025 08.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın ödənilməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçı(lar)) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3778/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 57- 2/2-Ə-12250/11/25 nömrəli məktubdan görünür ki, cavabdeh barəsində etdiyi müraciəti Azərbaycan Respublikasının qanunvericiliynə əsasən məhkəmə orqanlarının səlahiyyətinə aid olması müəyyən edildiyi üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah olunmuşdur.

2. Cavabdeh tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, 25 ildir ki, avtomobil mühərrik ustası kimi fəaliyyət göstərir. İddiaçı1 oğlu Növrəs onun yanına “Opel Astra” markalı avtomobilin mühərrikini təmir etdirmək üçün gətirmişdir. O, avtomobilə baxış keçirdikdən sonra abtomobilin mühərrikinin ehtiyat hissələrini aldıqdan sonra təmir edə biləcəyini bildirmişdir. Daha sonra 3 gün ərzində sözügedən avtomobobili tam şəkildə təmir edərək təhvil vermişdir. Təhvil verən zaman bildirmişdi ki, avtomobili qorumaq lazımdır. Onun heç bir təqsiri olmamışdır. O, avtomobili tam şəkildə təmir edib təhvil vermişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ümumilikdə 1.850 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi avtomobil mühərrikinin təmiri ustası kimi tanımışlar. O oğlu Növrəsə məxsus “VAZ-2109” markalı minik avtomobilinin də mühərrikini təmir etmişdir. Onun da mülkiyyətində “Opel-Astra” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Qeyd olunan avtomobilin mühərrikində problem yarandığı üçün, mükərrik yağ yediyi üçün usta kimi cavabdeh müraciət etmiş, o da avtomobilin mühərrikinə baxaraq bildirmişdir ki, mühərrik yığılmalıdır, əl haqqı kimi onlardan 300 manat istəmişdir, onlar əl haqqı olaraq 250 manata razılaşmışlar və avtomobili vermişlər ki, təmir etsin, cavabdeh avtomobilin mühərrikinin təmiri üçün 800 manat dəyərində ehtiyyat hissələri aldırmış və mükərriki təmir etmişdir. Mühərriki təmir edəndən sonra yenə də əvvəlki kimi mühərrək yağ yeməyə başlamışdır. Onlar cavabdehə bildirəndə demişdir ki, “söküb yenidən təmir edəcəm, avtomobilin mühərrikini sökdü” və bundan sonra bəhanələr edərək yaxın durmamışdır. Əvvəlcə bildirmişdir ki, “500 manat verəcəm başqa yerdə təmir etdirin”. Lakin, sonradan onlara hədə-qorxu gəlməyə başlamışdır. Hazırda da nə avtomobili təmir edir, nədə ki, onlara dəyən ziyanı ödəmir. Onlar başqa usta avtomobili 800 manata təmir etmək üçün razılaşmışlar. Sonradan bilmişlər ki, cavabdeh ümumiyyətlə usta kimi işləmək üçün heç bir qeydiyyatı yoxdur və dövlətə də vergi ödəmir. Cavabdehin günahı üzündən ondan 1850 manat məbləğində maddi ziyan dəymişdir. O cavabdehdən ona vurduğu maddi ziyanı tələb etsə də ödəməkdən imtina edir. Ona görə də cavabdehdən 250 manat nağd şəkildə verdiyi, 800 manat ehtiyyat hissələrinə verdiy, eyni zamanda da hazırda başqa ustaya ödəməli olduğu 800 manat pul tutularaq ona ödənilməlidir.

5. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh avtomobil mühərriklərini təmir edən usta kimi tanımışdır. Cavabdeh ilk öncə oğlu İddiaçı2 mülkiyyətində olan «VAZ 2109» markalı avtomobilin mühərrikini təmir etmişdir. Daha sonra Cavabdeh onun mülkiyyətində olan ** EL *** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobilin mühərriki yağ sərf etdiyi üçün təmirə görə Cavabdeh müraciət etmişdir. Bununla əlaqədar Cavabdeh avtomobilin mühərrikinin təmiri il əlaqədar razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq o, Cavabdeh 250 manat məbləğində ödəniş etməyi, Cavabdeh isə ** EL *** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobilin mühərrikini yığıb tam təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, mühərrikin yenidən yığılması üçün Cavabdeh göstərişi ilə 800 manat dəyərində ehtiyat hissələri alınmışdır. Cavabdeh avtomobilin mühərrikini təmir etdikdən bir müddət sonra yenidən mühərrik normadan artıq yağ sərf etmişdir. Bununla bağlı yenidən Cavabdeh müraciət etmişlər. Cavabdeh ilk öncə mühərriki yenidən təmir edəcəyini bildirsə də daha sonra ona 500 manat pul verəcəyini, avtomobili başqa yerdə təmir etdirməsini bildirmişdir. Bununla da, Cavabdeh təqsirli hərəkətlər nəticəsində ona ustaya ödənilən ödənişə görə 200 manat, ehtiyyat hissələrinin alınmasına görə 800 manat, başqa ustaya ödənişə görə 800 manat, cəmi 1.820 manat məbləğində ziyan dəymişdir. Bununla bağlı o, dəfələrlə Cavabdeh müraciət etsə də heç bir nəticə əldə etmədiyindən, hüquq mühafizə orqanlarına, daha sonra isə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, avtomobil mühərriklərinin təmiri ilə məşğuldur. Təxminən 2025-ci ilin may ayında İddiaçı2 ona yaxınlaşıb, ** EL *** dövlət qeydiyyat nişanlı, «Opel Astra» markalı avtomobilin mühərrikində qüsur olduğunu bildirmişdir. O, avtomobili təmir etdikdən sonra İddiaçı2 təhvil vermiş, həmin avtomobil İddiaçı2 tərəfindən qəbul edilmişdir. Lakin, İddiaçı2 avtomobildən istifadə qaydalarını pozduğuna görə bir müddət sonra avtomobilin mühərrikində problemlər yaranmış və bu onun mühərriki yanlış təmir etməsi ilə əlaqədar olmamışdır. Lakin bir müddət sonra İddiaçı2, İddiaçı1 və X2 ona yaxınlaşaraq hədə-qorxu gəlmişdir. Onun tərəfindən İddiaçı1 və İddiaçı2 heç bir ziyan vurulmamışdır. Onun tərəfindən icra edilmiş işdə hər hansı qüsur olduğu halda işin qəbulu zamanı buna dair hər hansı bildirilərdi. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(125)-3778/2025 nömrəli qətnaməsi (hakim Camal Quliyev) ilə, iddianın rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələblərinin, cavabdeh isə etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli, belə təqdim etmə birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər başa çatmalıdır. Yalnız sübutlar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduqda və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdıqda, həmin sübutların məhkəmə baxışı gedişində qəbul edilməsi mümkün hesab edilə bilər. Göründüyü kimi qanunverici sübutetməni tərəflərin özünə aid etməklə, onların təqdim edilməsini müəyyən zamanla məhdudlaşdırmışdır. Hazırki halda İddiaçı1 və Əkbərov X1 Sünay Kazım oğluna qarşı podrat müqaviləsi üzrə görülmüş işin qüsuru ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etməmiş, podrat müqaviləsi üzrə görülmüş işin təhvil verilməsini təsdiq edən videoqeydləri məhkəməyə təqdim etmişdir. Bununla da podrat müqaviləsi üzrə görülmüş işin Cavabdeh təhvil verilməsi müəyyən edilmiş, buna mütənasib olaraq da müvafiq ardıcıllıqla İddiaçı1 və İddiaçı2 təhvil verilmiş işdə sonradan qüsurların yaranmasını, həmin qüsurların məhz podratçının – Cavabdeh işi lazımi səviyyədə görməməsi ilə əlaqədar olması və məmulatdakı qüsuru öz vəsaitləri hesabına aradan qaldırmalarını sübut etmə vəzifələri yaranmışdır. Qeyd olunan xüsusatla əlaqədar xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında MPM-nin 77.3cü maddəsində nəzərdə tutulan qaydada tələbi təsdiq edən sübutları təqdim etmək İddiaçı1 və İddiaçı2 təklif olunmuşdur. Lakin İddiaçı1 və İddiaçı2 tərəfindən tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 752.1, 762.1, 762.2, 763.1 və 763.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 182.4, 216- 220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

11. İddiaçı1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3778/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin günahı üzündən ona 1850 manat məbləğində maddi ziyan dəyib. Ona dəymiş ziyan işin mübahisələndirilməyən halıdır. Cavabdeh özü də etiraf edir ki, həqiqətən avtomobili təmir etmişdir. Sonradan cavabdehdən polis orqanlarına da şikayət edilmişdir. Avtomobilin mühərrikinin ikinci dəfə başqa usta tərəfindən təmir edilməsini cavabdeh özü də etiraf edir. Cavabdeh özünü müdafiə etmək üçün qeyd edir ki, avtomobili işlək halda iddiaçıya verib. İddiaçı izahatında göstərir ki, avtomobili ilk təmirdən sonra aparandan dərhal sonra avtomobilin mühərriki yağı yenidən artıq israf etmiş, ona görə də cavabdehə bildirmiş, cavabdeh isə 500 manat verəcəyini, avtomobili başqa ustada təmir etdirməsini xahiş etmişdir. Göründüyü kimi avtomobilin mühərrikinin iddiaçı tərəfindən qüsurlu təmir edilməsi işin mübahisə olunmayan halıdır. Məhkəmə isə bunları nəzərə almadan iddianı rədd etmişdir. Onlar cavabdehlə şərtləşmişlər ki, cavabdeh avtomobili saz vəziyyətdə onlara verir, onlar da cavabdehin muzd haqqını ödəyirlər. Onlar üzərilərinə düşəni tam icra esələr də cavabdeh işini düzgün görməmiş, nəticədə onlara 1850 manat dəyərində maddi ziyan dəymişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı1 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehi avtomobil mühərrikinin təmiri ustası kimi tanımışdır. Onun mülkiyyətində “Opel-Astra” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Qeyd olunan avtomobilin mühərrikində problem yarandığı üçün, mükərrik yağ yediyi üçün usta kimi cavabdeh müraciət etmiş, o da avtomobilin mühərrikinə baxaraq bildirmişdir ki, mühərrik yığılmalıdır, əl haqqı kimi onlardan 300 manat istəmişdir, onlar əl haqqı olaraq 250 manata razılaşmışlar və avtomobili vermişlər ki, təmir etsin. Cavabdeh avtomobilin mühərrikinin təmiri üçün 600 manat dəyərində ehtiyyat hissələri aldırmış və mükərriki təmir etmişdir. Lakin, daha sonra avtomobilin mühərrikində problemlər yaşanmış və mühərrik normadan artıq yağ sərf etməyə başlamışdır. Daha sonra dəymiş maddi ziyanı tələb etdikdə isə bundan imtina etmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. İddiaçı2 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh avtomobil ustasıdır və “Opel-Astra” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin mühərrikini təmir etmişdir. Belə ki, təhvil aldıqdan sonra avtomobili 800 km məsafə sürdükdən sonra 1 litr yağ azalmağa başlamışdır. Avtomobili geri qaytarıb bu barədə cavabdehə bildirmiş, sonuncu yenidən yağ əlavə etmişdir. Lakin, yenidən əvvəlkindən də az məsafə sürdükdən sonra bu səfər daha da çox yağ sərfiyyatı olmuşdur. Həmin zaman cavabdehin özüdə matoru yoxlamış və yağın azalmasını görmüşdür. Bu səfər cavabdehə artıq avtomobilin mühərrikinin yenidən yığılmalı olmasını bildirmişdir. Cavabdeh ona 2.000 km məsafə qədər zəmanət vermişdir. Amma, artıq cavabdeh yenidən düzəltdikdən sonra ikinci səfərdə 1.200 km sürməmiş problemlər yaranmağa başlamışdır. Cavabdeh ona dəymiş ziyandan 500 manatını qaytaracağını və başqa usta yanına getmələrini demişdir. Bundan sonra cavabdehin yanına gəldikdə isə pulu verməkdən imtina etmişdir.

16. Cavabdeh apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o avtomobili tam təhvil vermişdir. Belə ki, həmin zaman avtomobili 2 saat ərzində işlək vəziyyətdə saxlayıb yoxlamışlar. Təhvil verdikdən təxminən 1-2 ay sonra İddiaçı2 yanına gələrək bildirmişdir ki, mühərrikdən yağ azalır. Həmin zaman avtomobilin mühərrikini yenidən düzəltmişdir. Bu zaman avtomobili təhvil verərkən ehtiyatlı olmalarını, sürətli sürməməkləri barədə xəbərdarlıq etmişdi və 2.000 km məsafə sürə biləcəyi barədə zəmanət vermişdir. İddiaçılar avtomobilə səhlənkar yanaşdıqları və ehtiyyatlı olmadıqları üçün mühərrikdə problemlər yaşanmışdır. İddiaçı2 təxminən avtomobili 1.200 km sürdükdən sonra yanına gətirmişdir. Bu zaman sonuncuya qoruyaraq yenidən sürə biləcəyini bildirmişdir. Avtomobili təmir edən zaman iddiaçıların nə qədər məsafə sürdüklərini və hansı məsafə də təhvil verildiyini bilmir. İddiaçılar ona 250 manat xidmət haqqı və 600 manat pul isə avtomobilin ehtiyyat hissələrinə görə vermişlər. İddiaçılar sonra ona hədə-qorxu gəldikləri üçün 500 manat verəcəyini demişdir. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

25. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

26. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

27. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.

28. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

29. Maddə 774. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.

30. Maddə 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, İddiaçı1 qətnamənin tam ləğv edilməsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

52. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

53. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər arasında “Opel-Astra” markalı, **- EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin yığılması barədə şifahi podrat müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq cavabdeh həmin avtomobilin mühərrikini saz vəziyyətə gətirərək, iddiaçılara təhvil vermək barədə öhdəlik götürmüşdür. İddiaçının da iddiasına görə həmin şifahi razılaşmaya əsasən cavabdehə 250 manat xidmət haqqı və 600 manat ehtiyyat hissələri üçün ödənişlər etmişdir.

54. İşin qeyd edilən halları tərəflərin qəbul etdiyi hallar olaraq işin mübahisləndirilməyən halı kimi çıxış edir.

55. Daha sonra iddiaçılar avtomobili bir müddət idarə etdikdən sonra mühərriki təkrar sıradan çıxmışdır. Hazırda iddiaçı avtomobilin təmirinə ümumilikdə çəkmiş olduğu pul vəsaitini cavabdehdən tələb edir. Cavabdeh isə avtomobildə yaranmış nasazlığın onun tərəfindən icra edilmiş təmirin qüsurlu olmasından qaynaqlanmadığını, iddiaçının öz məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edir.

56. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

58. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

59. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

60. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

61. Məhkəmə qeyd edir ki, iddiaçılar sifarişçi kimi avtomobilin mühərrikinin yığılması barədə şifahi podrat müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq cavabdeh ilə mübahisəli avtomobilin təmir barədə razılığa gəlmişlər.

62. Qanunvericiliyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin podratla bağlı münasibətləri tənzimləyən 39-cu fəsilində podrat müqaviləsinin forması (şifahi, sadə yazılı, notarial yazılı və s.) ilə bağlı xüsusi bir forma şərti nəzərdə tutulmadığından mülki hüquq subyektləri aralarındakı müqavilənin formasını müəyyən etməkdə sərbəstdirlər.

63. Göründüyü kimi, tərəflər arasında müqavilə şifahi formada bağlanmış və razılığın əldə olunmasını tərəflər mübahisələndirməmişdir.

64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, cavabdeh avtomobilin mühərrikinin təmiri müqabilində 250 manat muzd almış, habelə onun göstərişi ilə 600 manat məbləğində ehtiyat hissələri iddiaçılar tərəfindən alınmışdır. Bu hal cavabdeh tərəfindən də inkar edilməmişdir və tərəflər arasında podrat hüquq münasibətlərinin mövcudluğu işin mübahisələndirilməyən halı kimi qəbul edilməlidir.

65. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıların sübutetmə vəzifəsini yerinə yetirməməsi qənaətinə gələrək iddianı tam rədd etmişdir. Lakin, apellyasiya instansiyası hesab edir ki, bu mövqe iş üzrə müəyyən edilmiş faktiki hallar, maddi və prosessual hüquq normalarının düzgün tətbiqi baxımından qismən əsaslı hesab edilə bilməz.

66. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Eyni maddənin 763.2-ci hissəsinə görə isə, əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri ödəməlidir.

67. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin izahatlarını qarşılıqlı müqayisəli və əlaqəli şəkildə təhlil edərək müəyyən etmişdir ki, iddiaçılar və cavabdeh arasında avtomobil mühərrikinin təmiri ilə bağlı podrat xarakterli hüquq münasibətləri mövcud olmuşdur və bu hal tərəflərin izahatlarında ziddiyyət təşkil etməmişdir. İddiaçılar cavabdehi avtomobil mühərriklərinin təmiri ilə məşğul olan usta kimi tanıdıqlarını, məhz bu əsasla ona məxsus “Opel Astra” markalı avtomobilin mühərrikinin təmiri üçün müraciət etdiklərini bildirmiş, cavabdeh isə öz izahatında avtomobil mühərriklərinin təmiri ilə məşğul olduğunu açıq şəkildə etiraf etmişdir.

68. Tərəflərin izahatlarının müqayisəsindən görünür ki, cavabdeh avtomobilin mühərrikinin təmirini həyata keçirdiyini, təmir edilmiş avtomobili iddiaçılara təhvil verdiyini və bu zaman mühərrikin işlək vəziyyətdə olduğunu iddia etmişdir. Eyni zamanda cavabdeh izahatında avtomobil təhvil verildikdən sonra müəyyən müddət keçdikdən sonra mühərrikdə yağ sərfiyyatının artdığını, bunun isə iddiaçıların avtomobildən istifadə qaydalarını pozmaları ilə əlaqədar olduğunu bildirmişdir. Bununla yanaşı, cavabdeh sonradan avtomobilin mühərrikini yenidən sökdüyünü və mühərrikin istiliyin çox olması nəticəsində sıradan çıxdığını iddia edir.

69. İddiaçıların izahatlarında isə göstərilmişdir ki, avtomobil təmir edildikdən və cavabdeh tərəfindən təhvil verildikdən sonra, eləcə də qısa istismar müddətində mühərrik normadan artıq yağ sərf etməyə başlamış, bu hal dərhal cavabdehin diqqətinə çatdırılmışdır. İddiaçıların bildirdiklərinə görə, cavabdeh ilkin mərhələdə qüsuru aradan qaldıracağını bildirmiş, sonradan isə avtomobilin başqa ustada təmir etdirilməsi üçün müəyyən məbləğdə pul ödəməyi təklif etmişdir.

70. Məhkəmə hesab edir ki, tərəflərin bu izahatları mahiyyət etibarilə bir-birini təkzib etmir, əksinə, avtomobilin mühərrikində qüsurun mövcudluğu faktını qarşılıqlı şəkildə təsdiqləyir.

71. Bununla yanaşı, cavabdehin izahatında avtomobilə 2.000 km məsafə üçün zəmanət verdiyini bildirməsi də iş üzrə mühüm hüquqi əhəmiyyət daşıyır. Belə ki, iddiaçıların izahatlarından müəyyən edilir ki, həmin məsafə tam başa çatmadan, hətta daha qısa məsafədə mühərrikdə eyni qüsurlar təkrarən baş vermişdir. Bu hal isə zəmanət öhdəliyinin icra edilmədiyini və görülmüş işin nəticəsinin müqavilə şərtlərinə uyğun olmadığını göstərir.

72. Eyni zamanda, məhkəmə nəzərə alır ki, cavabdeh mühərrikin təmirindən sonra iddiaçılar tərəfindən edilən müraciətlər zamanı avtomobilin mühərrikində yağ azalmasını şəxsən yoxladığını da etiraf etmişdir. Bu fakt iddiaçıların mühərrikdə yaranmış qüsurla bağlı izahatlarının etibarlılığını artırmaqla yanaşı, qüsurun təsadüfi və ya yalnız avtomobildən istifadə qaydalarının pozulması nəticəsində yaranması barədə cavabdehin mövqeyini zəiflədir.

73. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin izahatlarının məcmu təhlili cavabdehin təmir işlərini lazımi keyfiyyətdə yerinə yetirmədiyini və nəticədə iddiaçıların çəkdikləri müəyyən xərclərin real zərər təşkil etdiyini göstərir. Eyni zamanda, tərəflərin izahatlarından cavabdehin aldığı muzdun və təmir üçün alınmış ehtiyyat hissələrinin dəyərinin mövcudluğu və məbləği mübahisələndirilməmişdir.

74. Qeyd olunmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

75. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Məhkəmə qeyd edir ki, avtomobilin mühərriki təhvil verildikdən sonra qısa müddət ərzində yenidən normadan artıq yağ sərf etmiş, bu hal cavabdehə bildirildikdə isə o, ilkin olaraq qüsurun aradan qaldırılacağını, sonradan isə 500 manat ödəməklə avtomobilin başqa ustada təmir etdirilməsini təklif etmişdir. Bu hal cavabdehin özü tərəfindən də etiraf olunmuşdur. Lakin, cavabdeh daha sonra iddiaçılar tərəfindən ona hədə-qorxu gəlindiyini, buna görə də həmin məbləğin verilməsinə razılıq verdiyini bildirsə də, buna dair mötəbər sübutlarını (müvafiq hüquq-mühafizə orqan(lar)ına şikayət olunması, audio-səs yazısı, tərəflər arasında olan yazışma(lar) və s.) məhkəmələrə təqdim etməmişdir.

77. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin bu davranışı onun təmir edilmiş mühərrikdə qüsurun mövcudluğunu dolayısı ilə etiraf etməsi kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsində təsbit edilmiş vicdanlılıq prinsipinə uyğun olaraq cavabdehin üzərinə müəyyən hüquqi nəticələr qoyur.

78. Sübutetmə yükü ilə bağlı iddia tərəfi təmirin cavabdeh tərəfindən həyata keçirildiyini, təmir üçün 250 manat zəhmət haqqı və ehtiyyat hissələrinə görə 600 manat xərcin çəkildiyini iddiaçı tərf sübut etməlidir ki, məhkəmə araşdıərması zamanı cavabdehin etiraf ilə bu hallar sübut olunmuşdur.

79. Cavabdeh mühərrikin sazlanmasından sonra iddiaçı tərəfin nəqliyyat vasitəsinin düzgün istismar olunmaması nəticəsində nasazlığın baş verdiyini iddia etsə də bu hal təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Beləliklə cavabdeh tərəfindən alınmış 250 manat muzd və cavabdehin göstərişi ilə əldə edilmiş 600 manat dəyərində ehtiyat hissələri üzrə xərclərin təmirin nəticəsiz qalması və qüsurun aradan qaldırılmaması fonunda iddiaçılar üçün real zərər təşkil etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş real zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malikdir.

81. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin izahatları qarşılıqlı şəkildə qiymətləndirildikdə, cavabdehin gördüyü işin nəticəsiz qalması və qüsurun aradan qaldırılmaması səbəbindən iddiaçıların 250 manat muzd və 600 manat ehtiyat hissələrinin dəyəri məbləğində zərərə məruz qalmaları sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, iddianın qeyd olunan hissədə təmin edilməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab olunur.

82. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçılar tərəfindən tələb edilən 1000 manat məbləğində başqa ustaya ödənilməli olan vəsaitin faktiki olaraq ödənildiyini və ya bu xərclərin qaçılmaz xarakter daşıdığını təsdiq edən mötəbər və yolverilən sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçıların 1000 manat məbləğində əlavə zərərin cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində yarandığını və faktiki olaraq çəkildiyini sübut edə bilməmələri həmin hissədə iddia tələbinin təmin olunmasına imkan vermir.

83. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın tam rədd edilməsi düzgün olmamış, iddia tələbi sübutlarla təsdiq olunan hissədə – yəni 250 manat muzd və 600 manat ehtiyat hissələrinin dəyəri məbləğində – təmin edilməli idi.

84. Bundan başqa zərərin məhz hansı iddiaçının xeyrinə ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, nəqliyyat vasitəsi İddiaçı1 mülkiyyətindədir ki, 850 manat zərər də məhz onun xeyrinə tutulmalıdır.

85. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

87. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

88. Həmçinin, məhkəmə bildirir ki, iddiaçılar məcburi köçkün statusuna malikdir və bu hal iş materiallarında olan müvafiq sənədlərlə təsdiq edilmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

89. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

90. İddianın qiymətinə uyğun dövlət rüsumu 38,5 manat təşkil edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınmaqla, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, həmin rüsumun iddianın təmin edilmiş hissəsində mütənasib olaraq cavabdehdən tutulması və dövlət büdcəsinə ödənilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun hesab olunur. Buna görə də iddianın təmin edilmiş hissəsinə mütənasib 17,69 manat manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalı və Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli, iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduqlarından dövlət rüsumunun 20,81 manatı isə tutulmamalıdır.

91. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən apellyator və cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayətinin verilməsi MPM-in 402-ci maddəsində nəzərdə tutulmamışdır.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3778/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə ödənilməmiş dövlət rüsumunun 17,69 manatı (on yeddi manat altmış doqquz qəpik) Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar