Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-21/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(015)-779/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 7000 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi, eləcədə keyfiyyətsiz hazırlanmış qapı və pəncərənin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(015)-779/2019 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin sonunda mülkiyyətində olan Ağstafa şəhəri H.Arif küçəsində yerləşən fərdi yaşayış evinin qapı və pəncərələrinin düzəldilməsi barədər Cavabdeh ilə razılaşmışlar. Həmin razılaşmaya əsasən cavabdeh ona məxsus evin bütün pəncərələrini və bir necə qapını keyfiyyətli plastik və dəmir materialdan hazırlamalı, eləcədə eyni rəngli şüşələrdən istifadə etməliydi. Razılaşmaya görə cavabdehə ilkin olaraq 4000 manat, sonra isə müxtəlif vaxtlarda 2000 manat və 1000 manat olmaqla, cəmi 7000 manat vermişdir. Buna baxmayaraq cavabdeh razılaşmanın tələblərinə əməl etməyərək keyfiyyətsiz materiallardan və fərqli şüşələrdən istifadə etmişdir. Dəfələrlə cavabdehdən pəncərə və qapının aparılmasını və ödədiyi 7000 manatı geri qaytarmasını tələb etmiş, lakin cavabdeh pəncərə-qapını yenisi ilə əvəz etməmiş, nədə ödədiyi pulu qaytarmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olanlarla yanaşı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının içlasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən hazırlanmış 24 ədəd 1,80x1,60m ölçüdə pəncərə, 9 ədəd 2,15x0,9m ölçüdə plastik qapı və 5 ədəd 1,0x0,8m ölçüdə olan nəfəslik standarta uyğun olmadığına görə cavabdeh tərəfindən sökülüb götürülməli, eləcədə ödədiyi 7000 manatı cavabdeh ona geri qaytarmalıdır. Ekspert rəyii ilə razılaşmır və həmin rəyi əsassız hesab edir. İddiaçı sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 386, 752, 763, 1096, 1097, 1115 maddələrinə istinad edərək, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1 maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2. maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin pəncərə və qapılarının Cavabdeh tərəfindən keyfiyyətsiz hazırlanmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı əsassız olduğundan təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı məxsus Ağstafa şəhəri H.Arif küçəsində yerləşən fərdi yaşayış evində neçə ədəd qapı və pəncərə quraşdırılmasını, cavabdeh tərəfindən qoyulmuş qapı və pəncərələrin hazırlanmasında keyfiyyətli materialdan istifadə edilib-edilməməsi, həmçinin qapı və pəncərələrin, eləcədə pəncərəyə qoyulmuş şüşələrin standarta uyğun olubolmamasının müəyyən etmək üçün Gəncə Apellyasiya Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(104)-710/2020 nömrəli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 10/5361 nömrəli ekspert rəyi ilə Ağsatafa şəhəri H.Arif küçəsində yerləşən fərdi yaşayış evində 24 ədəd 1,80x1,60m ölçüdə pəncərə, 9 ədəd 2,15x0,9m ölçüdə plastik qapı və 5 ədəd 1,0x0,8m ölçüdə olan nəfəsliyin quraşdırıldığı və standarta uyğun olması, həmçinin 24 ədəd 1,80x1,60m ölçüdə olan pəncərələrə vurulan şüşələrin standarta uyğun olduğu müəyyən edilmişdir. Həmçinin ekspert rəyindən müəyyən olunur ki, pəncərələrin üçünün şüşələri fərqli (sarımtıl) rəngli olduğu, iki ədəd pəncərələrin kilid (zamok) hissəsi nasaz (xarab) vəziyyətdə olduğu və beş ədəd pəncərələrin kip bağmadığı, uç ədəd şüşənin usta tərəfindən yol verilmiş xəta səbəbindən, 2 ədəd kilidin (zamok) keyfiyyətsiz materialdan olması və beş ədəd pəncərələrin kip bağlanmamasına səbəb pəncərələrin düzgün tənzimlənməməsi, qapı və pəncərələrin hamısının düzədilməsi üçün yerinə yetirilməli yenidənqurma və təmir bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun 338 manatdlr. İddiaçı iddia tələbində, eləcədə apellyasiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən hazırlanmış 24 ədəd 1,80x1,60m ölçüdə pəncərə, 9 ədəd 2,15x0,9m ölçüdə plastik qapı və 5 ədəd 1,0x0,8m ölçüdə olan nəfəslik standarta uyğun olmadığına görə cavabdeh tərəfindən sökülüb götürülməli, eləcədə ödədiyi 7000 manatı cavabdeh ona geri qaytarmalıdır. Göründüyü kimi iddiaçı (sifarişçi) cavabdehdən (podratçı) qüsurlara görə əlavə icra tələb etməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763-cü maddəsinə görə, əgər məmulatın qüsürü vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı məxsus Ağsatafa şəhəri H.Arif küçəsində yerləşən fərdi yaşayış evində cavabdeh tərəfindən quraşdırılmış 24 ədəd 1,80x1,60m ölçüdə pəncərə, 9 ədəd 2,15x0,9m ölçüdə plastik qapı və 5 ədəd 1,0x0,8m ölçüdə nəfəslik və həmin qurğuların şüşələri standarta uyğun olmuşdur. Eləcədə iddiaçı (sifarişçi) pretenziya irəli sürmədən məmulatı qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 10/5361 nömrəli rəyə əlavə etdiyi ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s13601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli 2(015)-779/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s13601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-21/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-21/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver