Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2100/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Paşa X1 ilə aralarında olan pul mübahisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X2 490 manat məbləğində borcun və eləcə də ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, avtomobilinə qabaq asqı hissəsi axtarmış, cavabdeh X4 ilə əlaqə yaratmış və cavabdeh ona lazım olan ehtiyyat hissəsinin onda olduğu bildirilmişdir. Razılaşdıqları kimi cavabdeh ehtiyyat hissəsini gətirib Gəncə şəhərində ona vermiş, o nağd şəkildə pulu cavabdehə vermişdir. Cavabdeh həmin ehtiyat hissəsinin onun avtomobilinə yaradığını, əks təqdirdə pulunu geri qaytaracağını bildirmişdir. Bu barədə onlar razılaşmışdır. O, həmin ehtiyat hissəsini avtomobilinə usta vasitəsi ilə quraşdırmış və iki gün avtomobili idarə etmiş, həmin ehtiyat hissəsinin avtomobilinə uyğun gəlmədiyini görmüşdür. Bu barədə cavabdehə zəng edərək razılaşmalarına əsasən ehtiyat hissəsi qaytarmaq istədiyini və onun pulunu qaytarmasını bildirmişdir. Cavabdeh isə “Ceyrançöl” adlanan yerdə əkin ilə məşğul olduğunu, gəlib ehtiyat hissəsini qaytarıb, pulunu verəcəyini bildirmişdir. Lakin cavabdeh onu aldadaraq pulunu verməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onun pulunu verməkdən yayınmışdır. Gədəbəy rayonu, Şəkərbəy kənd sakini X3 ona olan 490 manat bocu barədə Gədəbəy Rayon Polis Şöbəsinə və Gəncə Şəhər Baş Polis İdarəsinin 2 saylı Polis Şöbəsinə çoxsaylı müraciətlərinə əsasən cavabdeh polis şöbəsində izahatlar verərək ona borcunun olmasını etiraf etmişdir.
4. Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməsi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. İddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.
6. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-14.2, 385-386.-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəmənini hazırlıq iclasında etiraf etməklə iddiaçıdan pul alaraq uyğunsuz ehtiyat hissəsini satmasını, Ceyrançöldə olmasını bu səbəbədəndə pulunu qaytara bilməməsini etiraf etmişdir. Məhkəmə isə cavabdehin etirafına baxmayaraq əks qətnamə çıxarmışdır. Məhkəmə zamanı cavabdehin iddiaçıya borcunun olması barədə məhkəmə tərəfindən qəbul edilən qətnamə, maddi – hüquq normalarının və eləcədə prosessual hüquq normalarının və iddiaçının Konstitusiya ilə qorunan hüquqlarımın pozulması kimi nəticələnmişdir. Mülki – Prosessual Məcəllənin 386,387,388 – ci maddələrinin tələblərinə əsasən qətnamənin ləğv edilməsinə tam şəkildə əsaslar yaratmışdır. Məhkəmə tərəfindən iddiaçı qarşısında qoyulan iddia tələbi sübuta yetməsinə baxmayaraq məhkəmə heç bir sübut təqdim edilmədiyi üçün iddianı təmin etməmişdir. Cavabdehin etirafı məhkəmənin iclas zalında audio və video yazılarda da sübuta yetir. Cavabdeh iddianı qəbul etməklə, ehtiyyat hissəsinin mənə satdığını və qaytarmaqdan imtina etidiyi etiraf etdiyi halda, məhkəmə buna necə hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, həmin ehtiyat hissəsini avtomobilinə usta vasitəsi ilə quraşdırarkən usta ehtiyat hissəsinin onun avtomobilinə uyğun olmadığını bildirmişdir. O, isə ehtiyat hissəsini quraşdırmasını bildirmişdir. Usta ehtiyat hissəsini onun avtomobilinə uyğynlaşdıraraq quraşdırmışdır. İki gün avtomobili idarə etmiş, həmin ehtiyat hissəsinin avtomobilinə uyğun gəlmədiyini görmüşdür. Bu barədə cavabdehə zəng edərək razılaşmalarına əsasən ehtiyat hissəsi qaytarmaq istədiyini və onun pulunu qaytarmasını bildirmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr ilə pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı avtomobilinə qabaq asqı hissəsi axtarmış, iddiaçı ilə əlaqə yaratmış və iddiaçıya ona lazım olan ehtiyyat hissəsinin olduğu bildirmişdir. Razılaşdıqdan sonra o, ehtiyyat hissəsini gətirib Gəncə şəhərində iddiaçıya vermiş, iddiaçı isə razılaşdıqları pulu nağd şəkildə ona vermişdir. Razılaşmalarına əsasən isə ehtiyat hissəsini iddiaçı istismar etməməli idi, əgər avtomobilinə uyğun olmasa geri qaytarmalı idi. Ancaq iddiaçı həmin ehtiyat hissəsini istifadə etmiş, yararsız hala salmış sonra isə qaytarmaq istəmişdir. Ancaq onların razılaşması o cür olmamışdır. Ona görə də hesab edir ki, iddiaçı razılaşma şərtlərinə əməl etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsinin dəyişdirimədən saxlanı xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
20. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024- cü il tarixli, 2(042)- 731/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı avtomobilinə qabaq asqı hissəsi axtarmış, cavabdeh X4 ilə əlaqə yaratmış və cavabdeh ona lazım olan ehtiyyat hissəsinin onda olduğu bildirilmişdir. Razılaşdıqları kimi cavabdeh ehtiyyat hissəsini gətirib Gəncə şəhərində ona vermiş, o nağd şəkildə pulu cavabdehə vermişdir. Cavabdeh həmin ehtiyat hissəsinin onun avtomobilinə yaramayacağı təqdirdə pulunu geri qaytaracağını bildirmişdir. Cavabdeh isə ehtiyat hissəsinin avtomobilə quraşdırılmadan, istifadə olunmadan qaytarılacağı təqdirdə qaytarılmağa razılığını bildirmişdir. Bu barədə onlar razılaşmışdır. İddiaçı həmin ehtiyat hissəsini avtomobilinə usta vasitəsi ilə quraşdırmış və iki gün avtomobili idarə etmiş, həmin ehtiyat hissəsinin avtomobilinə uyğun gəlmədiyini sonradan görmüşdür. Bu barədə cavabdehə zəng edərək ehtiyat hissəsi qaytarmaq istədiyini və onun pulunu qaytarmasını bildirmişdir. Cavabdeh isə ehtiyat hissəsi avtomobilə qauraşdırıldığı üçün hər dəfə pulu verməkdən yayınmışdır.
29. Kollegiya apellyasiya şikayətinin məhkəmənin hazırlıq iclasında etiraf etməklə iddiaçıdan pul alaraq uyğunsuz ehtiyat hissəsini satmasını, pulu qaytarmamaq üçün bəhanə edərək Ceyrançöldə olmasını deməsi, pulu qaytarmamasını etiraf etməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin arasında avtomobil ehtiyat hissəsinin alqı-satqısı olması və ehtiyat hissəsinin uyğun olmaması barədə razılığın olması işin mübahisəsiz halıdır. Həmçinin, iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı aldığı ehtiyat hissəsini ustaya təqdim edərkən usta həmin ehtiyat hissəsinin uyğun olmadığını qeyd etsə də, o, ehtiyat hissəsini quraşdırmağı tələb etmiş və iki gün idarə etdikdən sonra uyğun gəlmədiyini müəyyən etmişdir.
30. Kollegiya hesab edir ki, avtomobil ehtiyat hissəsi avtomobilə uyğun olmadığı halda iddiaçı tərəfindən avtomobilə uyğunlaşdırılaraq quraşdırılmış, iki gün idarə edildikdən sonra iddiaçı ehtiyat hissəsini qaytarmağı tələb etmişdir. İddiaçı avtomobil ehtiyat hissəsini avtomobilinə uyğunlaşdırdıqdan sonra geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.
31. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(042)-731/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.