Məhkəmə qərarları › İş №2(104)-2106/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2106/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2106/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Çıngiz qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(062)- 1151/2023 saylı qətnaməsindən Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Çıngiz qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 17 noyabr 2020-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 Çıngiz qızı arasında 01700 saylı kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh1 Çıngiz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada 10785.08 manat əsas, 816.55 manat əsas məbləğə hesablanmış faiz və 37 manat cərimə borcu olmaqla cəmi 11638.63 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 124.92 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1151/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hümnətov) iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 Çıngiz qızı arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 Çıngiz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada 10785.08 manat əsas, 816.55 manat əsas məbləğə hesablanmış faiz və 37 manat cərimə borcu olmaqla, cəmi 11638.63 manat borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 124.92 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin onun ödədiyi pullar nəzərə alınmaqla əsas borc, faiz borc hissəsində azaldılmasına, cərimə borcu hissəsində rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh8 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Tovuz Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ona rəsmi olaraq verilməyib. Qətnamədən yalnız əmək haqqına yönəltmə olan zaman məlumatı olub. Belə ki, o, hərbiçidir. İşə baxılan zaman xidmətimlə əlaqədar məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Məhkəmə iclasında ancaq "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlər araşdırılmışdır. "xxxx" MMC özünə xeyir edən sənədləri məhkəməyə təqdim etmişdir. Onun ödədiyi pulun hara silinməsi məhkəmə iclasında araşdırılmamışdır. "xxxx" MMC-nin iddia tələbində borcu həddindən artıq şişirtmişdir. Ödənilən pullar əsassız olaraq faiz və cəriməyə silinmişdir. Hesab edir ki,"xxxx" MMC-dən onun kredit müqaviləsi üzrə ödədiyi məbləğlərlə bağlı hesabdan çıxarış məhkəməyə təqdim etməli, onun qeyd etdiyi xüsusatlara əsasən "xxxx" MMC-yə olan borcunun düzgün hesablanmasını, iddia tələbində qeyd edilən əsas borcun, faiz və cərimə borcuna əsassız silinmələr araşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC “Elektron Məhkəmə” sistemi vasitəsilə elektron ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, cavabdehin borcunu xx.xx.2024-cü il tarixdə tam ödəməsini göstərmiş və buna görə də iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilməli, Tovuz Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(062)- 1151/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Buna görə də iddiaçının iddiadan imtinası qəbul edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" MMC-nin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Tovuz Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(062)- 1151/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar