Məhkəmə qərarları › İş №2(104)-2107/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2107/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2107/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10300 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 120.90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 10000 (on min) manat məbləğində pul və ödənilmiş 120.90 (bir yüz iyirmi manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-1643/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin baxılmadan Cavabdeh qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini vəkilə tərtib etdirmiş və vəkil də ona bildirmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmişdir. Hansı məhkəməyə şikayət edilməsi, şikayət edənin adı, soyadı, ata adı, ünvanı, əlaqə telefonu, şikayət edilən məhkəmə qətnaməsinin tarixi, nömrəsi və alınma tarixi, həmçinin apellyasiya şikayətinin dəlilləri və.s. apellyasiya şikayətində öz əksini tapmışdır. Bu səbəbdən də hesab edir ki, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Ağdam Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Ağdam Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmaması əsası ilə geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Belə ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 və 560-cı maddələrinə istinad edilmiş, lakin həmin hüquq normalarının pozulmasının hazırkı işdə konkret nədə ifadə olunması və hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Bundan başqa, hansı prosessual hüquq normalarının pozulması ümumiyyətlə apellyasiya şikayətində göstərilməmişdir. Cavabdeh apellyasiya şikayətində yalnız işin faktiki hallarına istinad etmişdir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(013)-1643/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar