Məhkəmə qərarları › İş №2(104)-2110/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2110/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2110/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-yə qarşı mülki iş üzrə Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 və digər Cavabdeh2 nümayəndəsi Vəkil Mehman oğlunun iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-489/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 12 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı "xxxx" MMC-yə “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrəli nişanlı avtomaşını idarə etmək üçün etibar edilmişdir. .

2. İşdə olan 1032 saylı icarə müqaviləsinin surətindən görünür ki, 12 may 2022-ci il tarixdə “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" MMC tərəfindən icarə haqqı 70 manatdan olmaqla Cavabdeh1 icarəyə verilmişdir.

3. İşdə olan 12 may 2022-ci il tarixli 1032 saylı "xxxx" MMC tərəfindən verilmiş Yol vərəqəsinin surətindən görünür ki, “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" MMC tərəfindən 20 may 2022-ci il tarixə saat 21-00-dək Cavabdeh1 idarə etmək üçün verilmişdir.

4. İşdə olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə protokol tərtib edilmişdir.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, X5 barəsində idarə etdiyi “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri, Azadlıq prospekti, 28 May küçəsinin kəsişməsində X6 idarə etdiyi avtomobili vuraraq maddi ziyan yetirdiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir.

6. İşdə olan nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşın mülkiyyət hüquqları ilə İddiaçı məxsusdur.

7. İşdə olan “X10” MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı mülkiyyətində olan “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin ümumi məbləği 4180 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-dən mülkiyyətində olan “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərə görə 4180 manatın və əldən çıxmış fayda kimi 980 manatın, ümumilikdə 5160 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ağdam Rayon Məhkəməsinin 2(013)-489/2023 saylı mülki iş üzrə 13 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi qismən-Cavabdeh2 qarşı təmin edilmiş, Cavabdeh2 4180 manat zərərin məbləği və 980 manat əldən çıxmış fayda olaraq, ümumilikdə 5160 manat pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 489/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın Cavabdeh2 münasibətdə rədd edilməsinə və dəymiş zərərin müştərək qaydada cavabdehlərdən Cavabdeh1 və "xxxx" MMC-yə münasibətdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən avtomaşın 12 may 2022-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh1 icarəyə verilmiş, həmin tarixdə sonuncu tərəfindən ona avtomaşını idarə etmək üçün yol vərəqəsi verilmişdir. Hadisənin baş verdiyi gün Cavabdeh2 səhhətində narahatçılıq yarandığından özünü pis hiss etmiş və avtomaşını idarə etmək üçün X4 vermiş, özü isə maşında olmuşdur. Bundan sonra, nəqliyyat vasitəsini idarə edən Emil Məmmədov təhlükəli manevrlərlə avtoxuliqanlıq hərəkətləri ilə nəqliyyat vasitəsini idarə etmişdir. Bu barədə Emil Məmmədova xəbərdarlıq etsə də, sonuncu onun bu xəbərdarlıqlarına məhəl qoymamışdır. Nəhayət, gecə saat 00-21 rədələrində avtomaşını X6 idarə etdiyi “Şkoda Fabia” markalı avtomaşına vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Qəza zamanı avtomaşına baxış keçirilməsi üçün ustalar dəvət edilmiş və onlar dəymiş zərərin 1200-1500 manat aralığında olduğunu bildirmişlər. Avtomaşını özü təmir etdirmək istəsə də, İddiaçı buna razılıq verməmişdir. Bundan başqa, tərəflər icarə müqaviləsi bağlayarkən razılığa gəlmişlər ki, avtomaşına dəyə biləcək zərərə görə Cavabdeh1 məsuliyyət daşıyacaqdır. Bundan başqa, "xxxx" MMC-nin verdiyi yol vərəqəsi həmin nəqliyyat vasitəsinin Cavabdeh2 tərərfindən idarə edilməsi üçün qanuni sənəd olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində X5 təqsirli olduğu üçün o, (X5) inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Avtomaşına dəyən zərərə görə də mülkiyyətçisi qarşısında X5 və digər cavabdehlər məsuliyyət daşıyır.

12. Qətnamədən narazı qalan İddiaçı da apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-489/2023 saylı iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin Cavabdeh1 aid hissədə də təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qarşı hissədə də iddia tələbi tam sübuta yetirilsə də, məhkəmə sübutlara qiymət verməmiş və ona münasibətdə iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil Mehman oğlu apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, Cavabdeh2 şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 baş verən hadisədə Cavabdeh2 təqsirli olduğunu bildirib, özünə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasia şikayətini müdafiə etsə də, baş verən hadisədə Cavabdeh2 təqsirli olduğunu bildirib, həmin cavabdehə münasibətdə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmədə sual-cavab zamanı iddiaçı məhkəməyə bildirdi ki, avtomaşını özü təmir etdirmiş və onu başqa şəxsə satmışdır. 17.Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəməyə gəlməmişdir. Cavabdeh1 atası məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh1 hərbi xidmətdə olduğu barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 24.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 28.Maddə 335. -335.1.Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. -335.2. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. -335.3. Bu Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə-fiziki şəxslər yüz səksən manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı mülkiyyətində olan “KİA Forte” minik markalı, ** SC *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci il tarixli 911005 saylı etibarnamə əsasında "xxxx" MMC-yə etibar etmiş, cəmiyyət isə avtomaşını icarəyə verərərk, iddiaçıya hər işlədilmiş gün üçün 70 manat icarə haqqı ödəmişdir. "xxxx" MMC qeyd edilən avtomaşını xx.xx.2022-ci il tarixli 1032 saylı icarə müqaviləsi əsasında Cavabdeh1 icarəyə vermiş, o da öz növbəsində avtomaşını idarə etmək üçün Cavabdeh2 vermişdir. Cavabdeh2 isə avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi olmayan Emil Məmmədova vermiş, sonuncu xx.xx.2022-ci il tarixdə saat 00-21 radələrində avtomaşını X6 idarə etdiyi “Şkoda Fabia” markalı avtomaşına vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus avtomobilə zərər vurmuşdur. Baş vermiş hadisə ilə baglı Cavabdeh2 və X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişlər. Hadisə nəticəsində avtomaşına dəymiş zərərin məbləği 4180 manat müəyyən edilmişdir. Avtomaşın Cavabdeh2 istifadəsində olmuş və o, müvafiq səlahiyyəti olmadan avtomaşını idarə etmək üçün Emil Məmmədova verdiyindən iddia iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini qismən-Cavabdeh2 münasibətdə təmin etmişdir.

38. Kollegiya qeyd edir ki, Cavabdeh2 baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh2 istifadə etmək üçün "xxxx" MMC-dən götürdüyü avtomaşını sürücülük vəsiqəsi olmayan Emil Məmmədova verməsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətmiş və bu xətanın törədilməsi nəticəsində zərər çəkmiş şəxsə (iddiaçıya) maddi zərər vurulmuşdur. Nəticə etıbarı ilə Cavabdeh2 iddiaçı qarşısında mülki məsulıyyət daşıması üçün qanuni əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 39.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliyin əmələ gəlməsinin əsaslarından bəhs edən 386-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmasa da, Cavabdeh2 iddiaçının əmlakından qanuni əsaslarla istifadə edərkən həmin əmlaka münasibətdə qanunsuz hərəkətlərə yol vermişdir və bu hal da onun iddiaçı qarşısında zərər vurulmasındən əmələ gələn öhdəliyin yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

41. Kollegiya hesab edir ki, baş vermiş hadisə ilə bağlı nə"xxxx" MMC-nin nə də ki, Cavabdeh1 üzərinə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz, çünki onlardan heç biri qəzaya uğramış avtomaşınla bağlı heç bir mülki hüqüq pozuntusu törətməmişlər. Kollegiya hesab edir ki, X3 da üzərinə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Kollegiya bu qənaətlərini onunla əsaslandırır ki, iddiaçının X4 qarşı heç bir iddia tələbi olmamışdır və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, hakim işdə iştirak edin şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdeh2 iddiaçı qarşısında olan məsuliyyətə görə X3 da cavabdeh olduğunu iddia edirsə, bu halda X4 qarşı reqress qaydasında iddia qaldıra bilər. Bundan başqa kollegiya onu da qeyd edir ki, Cavabdeh2 avtomaşını ona verilən“ yol vərəqəsi” əsasında idarə etməsi və bu sənədin qanunsuz olması barədə dəliləri də onu iddiaçı qarşısında iddiaçının əmlakına vurulan zərərin əvəzini ödəmək öhdəliyindən azad etmir. Belə ki, işin mübahisəsiz faktiki halıdır ki, Cavabdeh2 həmin avtomaşını istifadə etmək üçün götürmüş, ondan öz məqsədləri üçün istifadə etmişdir. Belə olan halda heç bir fərqi yoxdur ki, Cavabdeh2 həmin avtomaşını hansı hüquqverici sənəd əsasında idarə etmişdir. Ona görə də kollegiya hesab edir ki, cavabdehin bu dəlilləri onu yol verdiyi mülki hüquq pozuntusu nəticəsində əmələ gələn məsuliyyətdən azad edə bilməz. 42.İddiaçının mülkiyyətində olan avtomaşına dəymiş zərərin miqdarı isə 4180 manat məbləğində müəyyən edilmişdir və işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf avtomaşına dəymiş zərərin miqdarının yenidən müəyyən edilməsi üçün ekspertiza keçirilməsini tələb etməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı həmin avtomaşını təmir etdirərək başqa şəxsə satdığını bildirmişdir. Yaranmış vəziyyətdə kollegiya avtomaşına dəymiş zərərin miqdarının məhz 4180 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin qənaətləri ilə razılaşmışdır. Həmin məbləğdə zərərin cavabdeh tərəfindən ödənilməsinə dair iddiaçı tərəfindən irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normaları ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianı Cavabdeh2 aid olan hissədə təmin:edməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayətləri təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-489/2023 saylı mülki iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərərflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar